Rusiya futbol çempionatı sınağından üzüağ çıxa bildi. Əksər siyasi və idman şərhçilərinin fikrincə, mundial yüksək səviyyəli təşkilatçılığı ilə yadda qaldı və heç bir xüsusi gərginlik, terror baş vermədi. Yaxşıya gərək yaxşı deyəsən. Bu, Rusiya hüdudlarını aşan əsl idman bayramı idi.
Belə böyük idman tədbiri eyni zamanda Qərb sanksiyaları altında olan Putin Rusiyasına dünyaya açılmaq üçün unikal fürsət idi. Kreml başçısı onu qaçırmadı, beynəlxalq idman yarışına mükəmməl “ev sahibliyi” ilə, bəzi Qərb liderlərini Rusiyaya gətirtməklə özünün zədəli imicinə vacib xallar əlavə etdi, futbol testindən çıxmağı bacardı. Necə deyərlər, 1:0 – Putinin xeyrinə.
Amma Rusiyanın vassalı Ermənistan və onun baş naziri Nikol Paşinyan barədə bunu demək mümkünsüzdür. Paşinyan yay testindən, daha dəqiqi, Putinin “futbol” sınağından çıxa bilmədi. Fakt budur ki, məhz bu bir ayda o, başı çempionata və onun təhlükəsizliyinə qarışan Putinin ovqatını təlx eləmək üçün əlindən gələni elədi, “Qarabağ ocağı” üçün xeyli “çırpı” yığdı.
Məsələ ondadır ki, Rusiyaya sədaqət andı içmiş erməni baş nazir Avropaya ilk səfərindəcə Qərbin maliyyə-təhlükəsizlik dəstəyi qarşılığında Ermənistanı satışa çıxarmağa hazır olduğunu nümayiş etdirdi. Ancaq maraqlıdır ki, Qərb onun bazarlıq təklifinə isti yanaşmadı və Paşinyan, özünün də etiraf etdiyi kimi, Avropadan məyus və üzgün, demokratiya paytaxtlarından gileyli ovqatda İrəvana qayıtdı.
Ona Brüsseldə real kömək əvəzinə bol və boş vədlər verdilər. Amma yüz vəd bir borcu ödəmir. Acından ölən, çörək gözləyən ermənilərə bu dəqiqə hər şeydən öncə pul, qrant lazımdır. Onu isə vermədilər. Çünki görüşdüyü Qərb rəsmilərinə ənənəvi erməni yaltaqlığı ilə jestlər edib dişlərini ağardan Paşinyanın səmimiliyinə Avropada inanmadılar. “Ermənistanın bir əlindən Rusiya, o birindən Qərb tutsun” kimi hiyləgər erməni fəlsəfəsi “qoca qitə”də səmimi qəbul olunmadı. Paşinyana anlatdılar ki, “öncə özün üçün dəqiqləşdir gör, kiminləsən, kimin yanındasan, sonra yaxınlaşma mesajı ver”.
Əlbəttə ki, gündə 5 dəfə “Biz də Avropayıq, biz də sizdənik!” deməklə avropalı olmurlar. Bu yöndə ən azından, Gürcüstan qədər əzab-əziyyət çəkmək, hər cür riski göz önünə almaq gərəkir. Demokratiya dəyərlərinə tapınmaq, korrupsiya və rüşvət sisteminin axırına çıxmaq, azad və ədalətli seçki ənənəsi yaratmaq, məhkəmələrin müstəqilliyini, mülkiyyətin, biznesin toxunulmazlığını təmin eləmək lazımdır.
Paşinyan isə bunu çətin ki, bacara. Faktiki surətdə Rusiyanın ucqar əyalətinə çevrilmiş Ermənistanda dərin islahatlar üçün nə məqbul siyasi zəmin və ya siyasi şərtlər mövcuddur, nə də Paşinyanın özündə yetərli siyasi iradə. Şübhəsiz, onun ürəyindən keçir ki, Moskvaya badalaq gəlib Ermənistanı Qərbin ağuşuna atsın. Fəqət, Putindən qorxur. Çünki Kremlin əlində “Qarabağ dəyənəyi” var. Paşinyanın isə iştahası böyükdür: o, işğalçı ölkəni – Rusiyanın ucqar əyalətini Avropaya Dağlıq Qarabağla birgə “calaq eləmək” istəyir…
Zatən, öz komandasını büsbütün anti-Rusiya kadrlarından qurmaqla Qərbə açıq ismarış verən Paşinyan onsuz da Putinin boğazında sümük kimidir. Kreml başçısı onu ya udmalıdır, ya da çıxarmalıdır. Putinin xarakterinə udub içində saxlamaq yad olduğu üçün böyük ehtimalla, ikinci variant – cəza variantı gündəmə gələcək. Artıq Rusiyanın “əl-qolunu” bağlayan DÇ-2018 əngəli də yoxdur. Odur ki, indi periferiya ilə, bu periferiyadakı Ermənistan adlı quberniya və onun “cızığından çıxan” başçısı ilə rahat məşğul olmaq olar.
Buna qədər əslində Kremldən nankor Paşinyanın ünvanına xəbərdarlıqlar səslənib. Çempionat müddətində Cocuq Mərcanlıya səfər edən bir qrup rusiyalı tanınmış xadim, Kremlə yaxın deputat və politoloqlar, ələlxüsus da Aleksandr Duqin işğalçı ölkəyə sərt mesajlar veriblər, onu “özünə gəlməyə” səsləyiblər. Qalır nəticəni gözləmək.
Nəticə olmazsa, günün birində Putin 3 il öncə Avropaya analoji məhrəmlik eləmək istəyən Serj Sərkisyana yazdığı “ağıl duası”ndan Paşinyana da yazmalı olacaq, onu da Sərksiyan kimi “üzü Xankəndinə hücuma hazır vəziyyətdə duran Azərbaycan tankları” ilə qorxudacaq.
Görəsən, o zaman Qərb, Avropa Paşinyana Azərbaycana qarşı “qorxu duası” verəcəkmi? Yaxud yazacaqmı?..