Azərbaycanın “qara siyahısı”nda olan “ünlü” isimlərdən biri də rusiyalı bədnam siyasətçi Konstantin Zatulindir – deputat, Rusiya parlamentinin MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitə sədrinin 1-ci müavini, Təhlükəsizlik Şurası yanında Elmi Şuranın üzvü. Necə deyərlər, titulları saymaqla bitməz. Birini də bizim XİN ona verib – siyahıya salmaqla.
Ümumiyyətlə, “qara siyahı”da Rusiya vətəndaşları üstünlük təşkil edir. Aleksandr Lapşini elə təzəcə əfv eləmişik. Amma Zatulin onlardan məxsusi fərqlənir. O, həqiqətən də hansısa bloggerin tayı deyil, yetərincə yüksək ranqlı Rusiya çinovnikdir. Gəl ki, Lapşin kimi o da Qarabağa dəfələrlə “arxa qapıdan” girib və çıxıb, həmişə və publik şəkildə anti-Azərbaycan mövqeyi sərgiləyib, bu gün də Qarabağdakı kriminal rejimi “müstəqil dövlət” kimi təbliğ edir, erməni işğalına haqq qazandırır.
Son olaraq, fevralın 4-5-də o, İrəvanda və Xankəndində olub, separatçı-işğalçılarla görüşüb. Boyun borcu MDB məkanında sağlam inteqrasiyanı təbliğ eləmək olan cənab Zatulin beləcə, növbəti dəfə Azərbaycan əleyhinə cinayətkar əməldə bulunub.
Əgər o, sıradan bir rus olsaydı, üstündən bəlkə də keçmək olardı. Ancaq, deyildi artıq, bu zat – Zatulin yüksək titullu Rusiya məmurudur. Bu üzdən onun Dağlıq Qarabağa qanunsuz səfərindən Kremlin, Putinin bixəbər olması mümkünsüz!
Maraqlıdır ki, Zatulin Azərbaycanda növbədənkənar prezident seçkiləri elan olunduqdan dərhal sonra işğal altındakı bölgəyə gedib – sanki nümayişkaranə şəkildə. Sanki Moskva bununla Bakıya hansısa mesaj vermək istəyir…
Onu da nəzərə alanda ki, adam ermənilərin kök saldığı Soçi diyarından deputat seçilib, o zaman təəccübə yer az qalır. Yəni Zatulin “erməni xəstəliyi”nin virusuna yəqin ki, çoxdan yoluxub. Bu virusa qarşı effektli “peyvənd” isə əfsus ki, hələlik tapılmayıb.
Zatulinin Qarabağ səfəri həmçinin, Rusiya- Azərbaycan diplomatik münasibətlərinin 25-ci ildönümünə təsadüf edir. Bununla bağlı Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov srağagün Moskvada olub və orada böyük bir törən düzənlənib. Zatulin isə bu törənə “zəhər” qatmaq üçün tez-tələsik Qarabağa yollanıb.
Rusiya şübhəsiz ki, onun gözünə də üfürməyəcək – o ki ola Azərbaycana təhvil versin. Ona görə ki, Kreml özünün aqressiv Güney Qafqaz siyasətini həm də Zatulin kimilərin əli ilə həyata keçirir. Xəfif də olsa belə versiya var ki, Bakının qəfil və erkən seçki qərarı elə bil Moskvanın ürəyincə olmayıb…
Mövzuya dəxli olan daha bir maraqlı ştrix – iki gün öncə, Zatilun Qarabağda olanda Putin Cənubi Osetiyadakı separatçı hərbi qüvvələrin Rusiya ordusu tərkibinə daxil olması barədə qanunu imzalayıb. Bundan sonra Osetiya separatçıları rus ordusunda xidmət edəcək. Bu, eyni zamanda Bakıya incə bir mesajdır ki, “sözə baxmayan” postsovet ölkəsi kimi Azərbaycana qarşı da Moskva nə vaxtsa oxşar ssenarini işə sala bilər. Zatulinin ərazimizə qanunsuz səfərinə rəsmi Kremlin, Rusiya XİN-in heç bir reaksiya verməməsi qənaətimizi gücləndirir.
Bu şəxs erməni virusuna yoluxmuş yeganə Rusiya məmuru deyil təbii ki. Ondan qat-qat böyüyü XİN-in başında oturub – ermənipərəst Zuyevi bizə səfir kimi sırımaq istəyən, Qarabağ məsələsini Azərbaycanın daxili işi saymayan Sergey Lavrov (Kalantarov). Virus o yana, Lavrov Rusiya siyasi isteblişmentində bilavasitə erməniliyin özünün daşıyıcısıdır ki var.
Yeri düşmüşkən, müşahidəçilərə görə, mart seçkisindən sonra Putin tələbəlik yoldaşı, baş nazir D.Medvedyevlə vidalaşacaq, ancaq Lavrovu öz komandasında saxlayacaq. Demək ki, “erməni maşası” bizə qarşı istifadə olunmaqda davam edəcək, Kremlin Azərbaycan siyasəti, Qarabağ kursu dəyişməz qalacaq.
Əslində Rusiyanın qonşuluq siyasəti həmişə belə olub: bir əlində gül tutubsa, arxadakı əlində də bıçaq gizlədib, fürsət gözləyib. Yəni bu siyasət heç vaxt səmimi və mehriban qonşuluq prinsipinə, bərabər və qarşılıqlı hörmətə söykənməyib.
Odur ki, ehtiyatı əldən verməyək. Bir də ümid edək ki, Rusiyadakı səfirimiz cənab Polad Bülbüloğlu bu yazını ermənilərə nifrət aşılayan qeydlər kimi qəbul etməyəcək. Bu, olsa-olsa, bölgə xalqlarına, elə ermənilərin özünə də böyük təhlükə daşıyan “erməni qripi” haqda növbəti xəbərdarlıq yazısıdır. Xəstəlik etiraf olunmayınca çarəsi tapılmaz ki…