“Ağladıqca kişi qeyrətsiz olur,
Necə ki, ağladı İran oldu…
…De görək, şimdi müqəddəs vətənin
Hansı bir müşkülü asan oldu?..
…İndi qandınsa işin əngəlini,
Demə İran niyə viran oldu?!”
(Mirzə Ələkbər Sabir)
* * *
2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunanda bunun bütün dünyada islam həmrəyliyinə böyük təkan verəcəyi məlum idi. Nəticədə yəmənlilər bir-birini qırdılar, Qatar bütün ərəb dünyası ilə düşmən oldu, Səudiyyə İranla qırışdı, ABŞ Yerusəlimi İsrail paytaxtı kimi tanıdı, Myanma müsəlmanları isə çöllərə düşdülər. İlin lap sonunda İranda aləmin qarışması, kütləvi xalq etirazları da bir növ islam həmrəyliyinin son akkordları oldu. Adına uyğun yazsaq, bir növ ilin fatihəsini verdik.
Ancaq maraqlıdır ki, İranda ən böyük toplum olan türklər (azərbaycanlılar) bu etirazlara qarışmırlar. Gələn az-maz xəbərlərdən belə görünür. Şimali Azərbaycanda işlədilən məşhur ifadə deyəsən oralarda da dəbdədir: “Biz siyasətə qarışmırıq”. Bunun başqa səbəbi də ola bilər. Keçən əsrdə azərbaycanlılar İran ərazisində azı 3 dəfə inqilab eləyiblər (Səttarxan, Xiyabani, Pişəvəri), ancaq həmişə quru yerdə qalmışıq. Bu dəqiqə dünyada bizim kimi bölünmüş xalq ya bir olar, ya iki. Şəxsən mən Koreyadan başqasını yada sala bilmirəm. İnqilab eləmişik, etiraza qalxmışıq, haqqımızı tələb eləmişik, ancaq həmişə axırda uğursuzluq olub. Sanki bədbəxtlik bizi basıbdır. İndi də görünür güneylilər nəticəsiz mübarizədən beziblər, deyirlər bu dəfə bizsiz eləyin.
İran etirazlarında qığılcım rolunu yumurtanın bahalaşması oynadığı deyilir. Bu da bizim yapist iqtidarın necə uzaqgörən olmasını bir daha isbat eləyir. Yadınızdasa, bizdə də 2-3 il qabaq yumurta qəfil bahalaşanda hakimiyyət dərhal bunu nəzarətə götürdü, hətta ayrıca yumurta müşavirəsi keçirilmişdi. O zaman müxalifətçi ünsürlər bunu lağa qoydular. Deməli burunlarından uzağı görməyiblər. Yumurta – strateji məhsul imiş. Bir şey ki, sındırmasan içindən nə çıxacağı bilinməyə, ona ciddi yanaşmalısan. Həyat özü də belənçik zaddır. Yapon yazıçısı Akutaqava müəllimin bu temada yaxşı afyorizmi var: “Həyat kibrit qutusuna bənzər. Ona ciddi yanaşmaq gülməli, qeyri-ciddi yanaşmaq təhlükəlidir”.
Molla hakimiyyətinin xalq etirazlarına yanaşması da məzəlidir. Deyirlər bunu xaricdən eləyirlər. Bizim siyasi leksikonda, AzTV ləhcəsində bunun adı “xaricdən maliyyələşən qara qüvvələr”dir. Əslində təzə şey deyildir, dünya tarixində həmişə belə olubdur: ölkəni idarə eləməyə çətinlik çəkəndə, camaata çörək verə bilməyəndə, oğurluq və korrupsiyaya girişəndə hakimiyyətlər bunun günahını həmişə xarici qüvvələrin üstünə atıblar. “Qolodomor”un səbəbi nədir? Trotski buğdanı oğurlayıb Meksikaya aparıb. Dükanda niyə ət yoxdur? Alçaq yankilər Qrenadaya girdiyi üçün. Biz Qarabağı niyə ala bilmirik? Ruslar və amerikalılar qoymur. Rusiya niyə diktatura qurur? Amerikalılar eləyir. Suriya niyə dağılır? Qərbin barmağıdır. İranda niyə bahalıqdır? Sionist rejim edir. Və sairə və ilaxır.
Hətta bu tragikomik siyasi izahat Qərbin özünə də yoluxmuşdur. Keçən il ABŞ-da vətəndaş cəmiyyəti Trampın üzündən parçalananda bunu… Rusiyanın barmağı kimi yozdular. Ancaq məncə Amerikanın qarışmasında da Amerikanın günahını axtarmaq lazım idi, çünki planetdə hamı belə edir. Gərək adət-ənənəni, bəşəri həmrəyliyi pozmayasan.
O da maraqlıdır ki, İran rejimi islam inqilabının ixracını, dünyaya yayılmasını dövlət siyasəti elan edib, ancaq başqalarını “demokratiya yaymaqda” suçlayır. Özü Suriyadan Yəmənə qədər hər yerə qarışır, ancaq İranda insan haqlarından başqaları danışanda ağzı əyilir. Bizim ata sözündə deyilən kimi, qonaqlıq yaxşı şeydirsə, bir gün bizdə, bir gün də sizdə olsun.
Kinoda deyilən kimi, söz atalardan düşmüşkən, onlardan bir sitatın da yeri var: “El dəli olanda mollaya gedər, molla dəli olanda hara gedər?” İran məsələsi bu baxımdan da bizim üçün olduqca önəmlidir, təkcə qonşuluq, “iki millət-bir dövlət-bir din” məsələsi deyildir. Çünki orda sabitlik olmasa biz mollalığı harda öyrənəcəyik? Həkimə hara gedəcəyik?