“Bəzən adama taladığı milyardlar da kömək eləmir”. Bu sözləri Beynəlxalq Bankın sabiq rəhbəri, 15 illik həbs cəzası ilə yatan Cahangir Hacıyev haqda onunla lap yaxınlaradək türmə yoldaşı olmuş şəxs deyib. Keçmiş dustağın sözlərinə görə, Cahangir Hacıyev orada özünə imtiyazlı münasibət və şərait qurdura bilməyib. O, 100 nəfərlik barakda qalır, qara paltarda gəzir, hamı kimi tualet növbəsinə durur.
Doğrudan da kiminin əvvəli, kiminin axırı. O cür dəbdəbəli həyatdan (katibə, mühafizə, şəxsi sürücü, vəzir-vəkil) sonra bu şəraitə düşəsən, vəzifə nərdivanının ən yüksək pilləsindən baş aşağı yuvarlanıb kəskin eniş edəsən… Böyük dərdir. Eyni zamanda ibrətamiz sonluqdur. İlk növbədə də Cahangir Hacıyevin hələ ki vəzifə başında olan oliqarx həmkarları üçün.
Amma olacaqmı? Axı, məntiqlə qonşunun evində yanğın varsa, sən də tədbirli tərpənməlisən. Fəqət, inanmaq çətindir ki, keçmiş bankirin bu acı aqibəti görk olsun. Çünki bir neçə il öncəki Cahangir Hacıyev kimi, indiki oliqarxların da ağlına belə gəlmir, inanmırlar ki, onları həbsxana həyatı gözləyə bilər.
“MTN işi” də ibrət olmayıb yəqin ki. Hərçənd bu işlə bağlı Eldar Mahmudov başda olmaqla daha bir neçə sabiq yüksək çinli məmur üçün zindan darıxır. MTN-dən söz düşmüşkən, dünən onun təcridxanasında ömürlük cəza çəkən Hacı Məmmədov intihar edib. Rəsmi məlumata görə qanqster ağır ağciyər xəstəliyindən əziyyət çəkirmiş. Hacı Məmmədov özünü asıb, yoxsa onu buna məcbur ediblər, hələlik söyləmək çətindir. Ancaq bu məqam olduqca vacibdir ki, onda bir çox sirlər yatırdı. Onun intiharının “MTN işi” ilə eyni vaxta təsadüf eləməsi də maraq doğurur.
İstənilən halda, vəzifə adamlarına dərs olacaq növbəti acı taledir. “Qatarda” teletamaşasındakı yoldaş Dadaşovun sözü olmasın, canları çıxsın, təmiz yaşasınlar! Təmiz yaşamaq deyərkən həm də reketçilik, adam oğurluğu hesabına zənginləşməkdən gedir. Ən önəmlisi, insan gərək ailəsi, övladları, doğmaları üçün hansı adı qoyub gedəcəyini daim göz önünə alsın. Sən ölüb getdin və ya ömürlük həbs aldın, axı bunun mənəvi cəzasını doğmaların da çəkəcək. Onların da həyatı qaralacaq, normal yaşamaq üçün sənə görə əlavə əziyyətlərə qatlaşacaqlar – bəziləri hətta günahsız yerə.
Müxtəsəri, elin tənəsindən onlara da sanballı pay düşəcək. Bir yandan düz də olacaq. Çünki oliqarxların, vəzifəli məmurların qanunsuz işlərini ən yaxşı bilən onların ailə üzvləridir. Əgər həmin bu doğmalar atalarının yanlış yolda olduğunu bilə-bilə vaxtında onlara mane olmayıblarsa, əksinə, evə girən çirkli, haram pulları fürsət bilərık, qaynağı ilə maraqlanmayaraq özlərinə qayğısız həyat, eyş-işrət qurublarsa, deməli, ataların acı sonluğunu bölüşməyə də hazır olmalıdırlar – mənəvi və maddi anlamda.
Yəni atanın daşıyacağı ləkəyə görə övladlar, həyat yoldaşları da günahkardır. Şəxsən mən əminəm ki, müdrik həyat yoldaşı və ya ağıllı övlad vaxtında ər-atalara birgə təsir edib onları düz yola yönəldə bilərlər. Yaxşı deyiblər ki, hər güclü kişinin arxasında bir güclü qadın durur.
Belə də yazmaq olar: kişinin cəmiyyətdəki statusuna görə 50% cavabdeh onun həyat yoldaşıdır, anadır. Analar diqqətli olsun ki, 5 günlük şad-xürrəm, yalançı həyata görə özlərinin və övladlarının həyatı həmişəlik qaralmasın. Cəmiyyət içində “xalq düşmənləri”nin doğmaları kimi gəzməsinlər.
Şablon kimi çıxmasın, dünyanın malı dünyada qalır. Kəfənin cibləri olmur. Əlbəttə, kişi türməyə də düşə bilər. Baxır nəyə görə. Ən şərəfli ad, ən şərəfli ölüm sözsüz ki, şəhidlikdir…
*****
Cahangir Hacıyevin və Hacı Məmmədov acı taleyi yəqin ki, sonuncu olmayacaq. Eyni yolu gedənlər tapılacaq. Bu labirintə düşməmək üçünsə tək şərt təmiz yaşamaqdır. Bundan ötrü isə müdriklik tələb olunur. Deyir, “Ağıllı adam istənilən qəliz vəziyyətdən məharətlə çıxır, müdrik isə ümumiyyətlə, elə vəziyyətlərə düşmür”. Müdrik olun ki, özünüz də, sizdən sonra gələn doğmalarınız əziyyət çəkməsin.