zahid

ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” Rusiya haqda bəd proqnoz verib, bu ölkənin 10 ilə çökəcəyini deyib. Lakin onu da vurğulayıb ki, minlərlə nüvə başlığına malik bir imperiyanın süqutu əslində bəşəriyyətə böyük başağrısı yarada bilər – nüvə silahlarına nəzarəti davamlı etmək baxımından təbii ki. O üzdən analitiklər əsas yükün yenə də Amerikanın üzərinə düşəcəyinə diqqət çəkiblər.

Moskvanın nüvə başlıqları dünyaya əlbəttə ki, ciddi təhlükədir. Ancaq məgər Rusiyada legitim seçkilərə, legitim hakimiyyət dəyişikliyinə imkan verməyən və bəşər sivilizasiyasını az qala, müharibə və xaos ərəfəsinə gətirən Putin rejimi dünyaya az təhlükədir?

“Su-24″ təyyarəsi ilə bağlı insidentdən sonra Kreml başçısının Türkiyəyə ünvanlı leksikonunu, isterik və təhqiramiz bəyanatlarını hamı gördü. Bəyəm bu, normal, XXI əsrin dövlət liderinə, nüvə ölkəsi başçısına xas leksikondur? Yaxud öz qonşularının – Gürcüstanın və Ukraynanın bir parçasını işğal edib Avropa təhlükəsizlik düzəninə meydan oxumaq qlobal sülhə böyük təhlükə deyil ki? Nə isə…

***
Amerikanların Rusiya haqda 10 illik proqnozu bəlli. Heç rusiyalı müstəqil ekspertlər də öz ölkələri haqda yaxşı gümanda deyillər. Misal üçün, iqtisadçı Stepan Demuraya görə, gələn il Rusiya üçün 3 ssenari mümkündür və onun da ikisi ölkəyə pis gələcək vəd edir. Heç üçüncüsü də bir şey deyil.

Sitat: “Birinci ssenariyə görə, neftin qiyməti 35-45 dollar arasında olacaq. Nəticədə dollar 85-100 rubl arasında dövr edəcək. Rezervlərimizi satacağıq. Ölkədən kapital axını davam edəcək və real gəlirlər azalacaq. Bunun reallaşması ehtimalı 40%-dir. İkinci ssenariyə əsasən, neftin dəyəri 35 dollar olur, nəticədə dollar 100-130 rubla qədər bahalaşır. Rusiyanın rezervləri bitir və bank sistemində kollaps başlayır. Belə bir ehtimalın reallaşma imkanları 60%-dir. Üçüncü ssenari isə nisbətən pozitivdir. Bu ssenariyə görə, Putin 2018-ci ildə hakimiyyətdən gedəcəyini açıqlayır. Ölkədə sistem reformları başlayır və iqtisadi artım müşahidə edilir. Bunun reallaşma ehtimalı 0%-dir”.

Yəni ekspert 2016-da ölkə üçün faktiki, iki ssenari cızıb – 40 və 60%-li. Bu da edir – 100%. Üçüncüyə sadəcə, yer saxlamayıb, çünki onu fantastik hesab edib – Putinin xoşluqla, seçki yolu ilə hakimiyyətdə gedəcəyinə zərrəcə inanmadığı üçün. Axı, KQB-nin sonuncu mogikanı hələ özünün bütün avantürist planlarını sınaqdan çıxarmayıb. Beləcə, ekspert Kremlin hazırkı rəhbərinin reformatora çevrilməsini canavarın vegetarianlığa keçməsi qədər absurd hesab etdiyindən 3-cü ssenarinin qabağına sadəcə, 0% yazıb. Düz də edib.

Rus iqtisadçı ekspertin ssenarilərindən hasil olan əsas qiymətli qənaət isə belədir: istənilən ölkə üçün ən böyük fəlakət – onun islahat qabiliyyəti olmayan hökumətidir. Belə bir hökumət iqtidarda qaldıqca ölkə və onun xalqının başı dərddən ayılmayacaq.

Putin də bütün avtoritar liderlər kimi, bu qabiliyyətdən, islahatlara qərar verəcək siyasi iradədən məhrumdur. Deməli, Putinin iqtidarda olduğu müddətdə nəinki növbəti il, “Stratfor”çuların söylədiyi kimi, yaxın 10 il də Rusiyaya qaranlıq bir gələcək vəd edir.
***
Gələk, təzəcə “manatı üzməyə” başlayan Azərbaycana. Nəzərə alsaq ki, Azərbaycan da Rusiya kimi neft-qaz ölkəsidir, büdcəsi neft inyeksiyası hesabına formalaşır və siyasi idarəçilik sistemləri xeyli oxşardır, o zaman Stepan bəyin proznozundan bizə də əməllicə “pay” düşür. Əgər bu il rubl qədər manat da eyni dəyər itkisinə məruz qalıbsa, niyə düşməsin ki?
Ən önəmlisi, Rusiyadakı kimi bizdə də islahatçı hökumət yoxdur, gözlənilmir. Dünyanın, xalqların xilası isə fəlakət komandalarından qurtulaşdan başlayır. Yalnız o zaman bir illik, on illik proqnozlar ümidverici olacaq. Yalnız o zaman nə çökən, nə də çökməyən Rusiya dünyaya təhlükə yarada bilər.