zahid

Belə görünür, qorxulu da olsa arada-bir bənzər insidentlərin yaşanması lazımmış. Ən azı, Azərbaycanda Rusiya “5-ci kolonçu”ların potensial arealını bilmək üçün. Yəni lakmus məsələsi.

Maskalar doğrudan da sürətlə yırtıldı. Diqqətçəkicidir ki, Araz Əlizadə başda olmaqla bizdəki 5-ci kolon”çular “Su-24” olaylına görə Türkiyəni haqsız çıxaran və asıb-kəsən İranla, prezident Həsən Ruhani ilə, Kremlin bölgədəki marioneti Ermənistanla eyni mövqe sərgilədilər, faktiki, onlarla eyni cərgədə dayandılar; Türkiyənin yanında yox, önündə qərar tutdular, lap dəqiqi, qardaş ölkəni kürəyindən vurdular.

Təsadüfi deyil ki, “rusbaşlar” və “İranpərəstlər” öz leksikonunda heç vaxt Türkiyə-Azərbaycan dostluğu və qardaşlığına münasibətdə “bir millət – iki dövlət” ifadəsi işlətməyənlərdir. Təfəkkür tərzi, antitürkçülük xisləti qoymur, o səbəbə.

Belə baxanda təəccüblü də deyil. “Su axıb çuxurunu tapır”. İranpərəst olan İranın, Ruhaninin yanında yer alar də. Müsəlman İran da ki, müsəlman torpaqlarını işğalda saxlayan Ermənistanın iki ən ciddi müttəfiqindən və dayağından biridir, təcavüzkara nəfəslikdir.
Tehran eyni zamanda Bəşər Əsəd məsələsində, digər regional məsələlərdə Moskva ilə Türkiyəyə qarşı, Suriyadakı müsəlman türkmənlərə qarşı təhlükəli iş birliyindədir, “çaşka-lojka”dır. Bunu da bilməyən var ki?

Amma adama ən çox yer edən odur ki, başqa vaxtda “5-c kolonçu”lar sifətlərinə müdrik görkəm verib hamıdan çox milli maraqlarımızdan dəm vururlar. Milli maraqlar isə tərəddüdsüz-filansız 1 nömrəli və təbii müttəfiqimiz Türkiyənin yanında yer almağı, heç olmasa neytral qalmağı diktə edir.

Bu üzdən də Türkiyənin ayağının altını qazımaq elə Azərbaycanın ayağının altını qazımaq, “Türkiyə üzr istəməlidir” söyləmək – “Azərbaycan üzr istəməlidir” deməkdir, böyük şairimiz Məhəmməd Füzuli nəslindən olan “Suriya türkmənləri üzr istəməlidir!” deməkdir.
Bu yerdə Rusiyadakı sabiq səfir Hikmət Hacızadəyə haqq verməmək olmur. Hikmət bəyə görə, “ola bilsin, üzr istəmək təklifini irəli sürənlərin ya proseslərdən xəbəri yoxdur, ya da kiminsə sifarişini yerinə yetirirlər”.

Fəqət, özünü ziyalı, siyasətçi, ekspert, deputat adlandıranların qulağımızın dibində cərəyan edən bu boyda proseslərdən xəbəri olmaması mümkünmü? Üstəlik, Dağlıq Qarabağ probleminin ədalətli həllinə ən böyük maneənin Rusiya olduğu niyə unudulur?

Bu mənada “Su-24” insidentinə susqun və qorxaq mövqe, Türkiyəmizi yad bir ölkə kimi tənha buraxmaq da milli mənafeyimizlə səsləşən mövqe sayıla bilməz. “Nə vaxta qədər susacağıq? İndi susacaqsan, sonra səni əzəndə digərləri susacaq. Bunların hamısı bir yerə yığılır. Hər şeyin davamı var. Bunu da düşünmək lazımdır. Onlar vuruşsun, mən susum. Olmaz axı. Səni də vuranda, türklər susanda necə olacaq?”

Altından imzamızı atdığımız bu ibrətamiz sözlər də Hikmət Hacızadəyə məxsusdur…

*****

Son olaylar bir daha Azərbaycana təhlükənin təkcə Yaxın Şərqdən, İŞİD-dən, digər terrorçu hörgütlərdən, işğalçı Ermənistandan, Rusiyadan deyil, həm də daxildəki Rusiyayönlü, İranpərəst “5-ci kolon”dan – latent (gizli) düşmənlərdən gəldiyinə şübhə yeri saxlamadı.
Allah Türkiyəmizi və Azərbaycanımızı bədniyyətlilərin şər-xətasından qorusun!