zahid

İŞİD-in Avropadakı terror hücumlarının altını ən çox Qərb ölkələrindəki günahsız, dinc müsəlmanların çəkəcəyini yazmışdıq. Artıq Avropada xristian olmayanlara qarşı dözümsüzlük ovqatı, kseno- və islamofobiya, məscidlərə qarşı müxtəlif təxribatlar, hətta müsəlmanların evlərinin işarələnməsi özünü göstərməyə başlayıb.

ABŞ-da prezidentliyinə namizəd, milyarder Donald Tramp isə təklif edir ki, müsəlman vətəndaşları seçdirmək üçün onlara xüsusi şəxsiyyət vəsiqələri paylansın. Sitat: “Biz əvvəllər atmadığımız addımları artıq atmalıyıq. Bu qərar bəzilərinin qanını qaraldacaq, lakin mən düşünürəm ki, hamı təhlükəsizliyin öz şərtlərini diktə edəcəyini anlayır”.

Prezidentliyə namizəd həmçinin, ölkədəki müsəlmanların xüsusi məlumat bazasının yaradılacağını istisna etməyib. Bundan az öncə isə o, Parisdəki terror aktlarına cavab olaraq Amerikadakı bütün məscidləri bağlamağı təklif eləmişdi. Yenə sağ olsun ki, insanları rezervuarlara doldurmaq təklifi verməyib.

Ən qorxulusu odur ki, siyasətdən xeyli uzaq olan bu ağıl yiyəsinin tərəfdarları ABŞ-da az deyil. Qorx ki, gələn il belə populist şüarlarla o, amerikanların əksəriyyətinin rəğbətini də qazansın. Halbuki, ağlı yerində olan hər kəsə aydındır ki, vətəndaşları rəsmən dini mənsubiyyətinə görə bölmək – cəmiyyəti parçalamaq, onun ayrı-ayrı hissələrini bir-birinə qarşı qoyub aralarında ədavət toxumu səpmək, qlobal miqyasda isə sivilizasiyalararası toqquşmalara rəvac vermək cəhdindən savayı bir şey deyil.

Üstəlik, bu kimi avantürist addımların islam aləmində adekvat cavabı da ciddiyə alınmalıdır: çünki mütləq haradasa bir müsəlman nasional-faşist təklif edəcək ki, xristianlar da seçdirilsin, evləri işarələnsin. Bununla terror təhlükəsi azalacaqmı? Belə əcaib təkliflər ona bənzəyir ki, binada işıq və qaz pulu verməyən məsuliyyətsiz adama görə borclarını vaxtlı-vaxtında ödəyən binanın bütün abonentlərinin işıq-qazını kəsirsən.

İkinci tərəfdən, bəyəm İŞİD təkcə xristianlara qarşı terror törədir? Əlbəttə yox. Avropada (Fransada), Rusiyada son aylarda üst-üstə 350 xristian terror qurbanı olubsa – hələ onların içində də müsəlmanlar var, – İŞİD-in müsəlman qurbanlarının sayı-hesabı çoxdan itib. Hər gün uşaqlı-qadınlı-qocalı onlarla Məhəmməd ümməti terror aktına tuş gələrək həyatınə itirir. Terrordan ən çox zərər çəkən islam dininin daşıyıcıları deyil ki?

Şübhəsiz ki, dinindın asılı olmayaraq, hər bir günahsız insanın həyatı qiymətlidir. Di gəl, islam ölkələrində, Türkiyədə müsəlmanların qətliamına Qərbdə, dünyada çox sakit yanaşılır. Sanki belə də olmalı imiş. Sanki həyatını itirənlər qarışqalardır. Bu azmış kimi, üstəgəl, xristian terror qurbanı olanda da az qala, bütövlükdə islam toplumu günahkar elan edilir, qaralanır. Vəsiqə söhbəti, məscidləri bağlamaq təklifləri, müsəlmanların evlərinin nişanlanması ayrı anlam daşımır.

Bu cür üsullarla – müsəlmanlar və xristianlar arasında inamsızlıq yaratmaqla, “qaşınmayan yerdən qan (yara) çıxarmaqla” dünya terror təhlükəsindən qurtulmayacaq. Əksinə, yalnız müxtəlif millət və dinin nümayəndələri arasında təmasları, dostluğu, əməkdaşlığı, inteqrasiyanı, etimadı gücləndirməklə, bir də müsəlman və xristian ölkələri arasında əməkdaşlığı gücləndirməklə bu işdə uğura çatmaq mümkündür.

Ən böyük məsuliyyət isə sözsüz ki, dövlətlərin, onların xüsusi xidmət orqanlarının üzərinə düşür…

*****

“Terrorçulara olan kin və nifrət müsəlmanlara yönəlib. Biz ilk növbədə bunun qarşısını almalıyıq. Eyni zamanda dünyadakı 1.7 milyardlıq müsəlmanı bir qrup terrorçu ilə yan-yana qoya bilmərik. Cəhalətə, nifrətə, terrora, ədalətsizliyə qarşı mübarizə aparmağın vaxtıdır. Bütün müsəlmanları bu yolda səfərbər olmağa səsləyirəm”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın G20 sammitində etdiyi bu çağırış əslində həm də xristian dünyasına, Qərbə və onun toplumlarına ünvanlanıb.