Avropa Türkiyə münasibətləri tarixində olduqca mühüm, siyasi təsiri hələ uzun müddət özünü göstərəcək ilginc hadisə baş verib. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası məhkəmənin 17 dekabr 2013-cü ildə Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçəkin iddiası əsasında İsveçrəyə qarşı çıxardığı ədalətli qərarı təsdiqləyib.
Xatırladaq ki, Doğu Perinçək “Erməni soyqırımı – böyük beynəlxalq yalandır” ifadəsinə görə İsveçrədə “irqi-ayrı seçkilik” ittihamı ilə məsuliyyətə cəlb olunaraq cərimə edilmişdi. Erməni lobbisi, Ermənistan və onun Avropadakı havadarları çox böyük canfəşanlıqla çalışırdılar ki, həmin qərar qüvvədən salınsın. Lakin Böyük Palata qərara alıb ki, demokratik bir ölkədə orada yaşayan erməni icmasının hüquqlarını qorumaq naminə Perinçəkə qarşı cinayət işi açılması yanlışdır.
Qərarın ilkin açması budur ki, o, Avropa Şurasına (AŞ) üzv ölkələrin uydurma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul etməsini faktiki, mümkünsüz edir. Belə bir hüquqi presedentdən sonra AŞ-yə üzv ölkələrdə uydurma soyqırımın inkarına görə cinayət məsuliyyətinin tətbiqi də qeyri-mümkün olacaq.
Siyasətçinin özü qərarı alqışlayıb. “Erməni soyqırımı – böyük beynəlxalq yalandır. Bunu indi Avropada da başa düşdülər. Artıq kimsə türkləri xaricdə “soyqırımı” inkara görə ittiham edə bilməz. 1915-ci il hadisələri Xolokosta oxşamır. Bu qərar Türkiyə uçun misilsiz əhəmiyyət daşıyır” – deyib Perinçək.
O, qərarın Dağlıq Qarabağ üçün də son dərəcə tarixi önəm daşıdığını vurğulayıb və bütün azərbaycanlılara mübarizədə bərabər olduqları üçün təşəkkür edib. “Görəcəksiniz, Azərbaycan bayrağı Qarabağda dalğalanacaq! Millətimiz bir olacaq, özgür olacaq!” – əlavə edib siyasətçi.
Qardaş ölkədə isə Avropa Məhkəməsinə minnətdarlıq aksiyaları keçirilib. Öz növbəsində Türkiyənin Avropa Birliyi ilə əlaqələr naziri Egemen Baxış məhkəmənin hökmünü Türkiyənin, demokratiyanın və söz azadlığının qələbəsi adlandırıb.
***
Bu – gerçəkdən də belədir: qərar tarixi önəm daşıyır və Türkiyənin Ermənistan üzərində, Xeyrin Şər üzərində çox qiymətli bir qələbəsini təcəssüm etdirir. Əlbəttə ki, ondan Azərbaycana da pay düşür. Ən əvvəl o səbəbə ki, mənfur qonşular saxta soyqırımı dünyaya tanıtmaqla, bacardıqca daha çox sayda ölkədə onun inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbul edilməsinə nail olmaqla “əzabkeş xalq” imiclərini möhkəmlətməyə və bununla Azərbaycan torpaqlarının işğalına haqq qazandırmağa çalışırlar.
Amma daha bu səfeh iddiaları irəli aparmaq, dünyanı əsrin cəfəngiyatına inandırmaq, Avropa məkanında “erməni soyqırımı olmayıb” deyənləri cəzalandırmaq asan olmayacaq. Yeri gəlmişkən, Perincəkin İsveçrə hökuməti, daha dəqiqi, Ermənistan üzərində qələbəsi saxta soyqırım iddialarının 100 illiyinə təsadüf edir ki, bu da onun önəminə məxsusi rəng qatır. Ermənilər isə çox əlləşdilər ki, məhz 2015-ci ildə bu iddialar Avropa Məhkəməsi səviyyəsində hansısa şəkildə hüquqi təsdiqini tapsın.
AİHM-nin hökmü həmçinin, Avropa Şurasına üzv ölkələr və Avropa Parlamenti tərəfindən uydurma iddiaların soyqırım kimi tanınmasını əhəmiyyətsiz edir, həmin qərarları sıfırlayır. Bu, sözsüz ki, ermənilərə, erməni diasporuna, onların havadarlarına, erməni təbliğat maşınına, ümumlikdə erməni yalanları və onların Qərbdəki mövqelərinə ciddi zərbədir.
Ən ümdəsi, Avropa sözügedən qurum timsalında söz-ifadə azadlıqlarına fundamental dəyər olaraq öz sadiqliyini qəti şəkildə nümayiş etdirdi, bu dəyərlərin ermənilərə xatir ayaqaltı edilməsinə şans tanımadı, onları erməni miflərinə qurban vermədi. İlk dəfə olaraq Avropanın ən yüksək hüquqi instansiyası səviyyəsində ermənilərin ağzından vuruldu.
***
Sonda sadəcə, yada salmaq zərurəti var ki, artıq ermənipərəst olmadığı şübhə doğurmayan və qərarları sözsüz yerinə yetirilməli olan Avropa Məhkəməsi bir neçə azərbaycanlı siyasi məhbusla bağlı da ədalətli qərar qəbul edib – hansılar ki, hələ də icra olunmamış qalır…