Medianews.az
Bitən seçkinin dissident namizədləri
363 baxış

Bitən seçkinin dissident namizədləri

zahid yeni razmer
Azərbaycan artıq 22 ildir dünyada o ölkələr sırasında yer alır ki, burada keçirilən istənilən səviyyəli seçkilərin nəticələri exit-poll-suz, rəy sorğuları filansız qabaqcadan hamıya agah olur. Yetər ki, “şanlı-əziz partiya” YAP öz siyahısını açıqlasın. Açıqlayan kimi seçki tamama yetir, hərə öz işini bilir, xalq bircə formal səs vermə gününü gözləyir.
Təbii ki, nəticələrlə nə əvvəldən, nə də ki, sonradan -  səsvermədən sonra barışmaq istəməyib inad-israr göstərən, möcüzəyə ümid edən iddiaçı-namizədlər də olur. Ancaq təcrübə göstərir ki, onlar da gec-tez sərt reallıqla barışaraq sakitcə bir tərəfə çəkilirlər. Niyə?
Çünki bizdə şikayətə ədalətli şəkildə baxacaq mötəbər hüquqi instansiya qalmayıb - onlara da elə seçkilərdə siyahı tərtib edənlərin özləri nəzarət edir. Yəni “Səndən sənə şikayətim var” deyib hay-küy salmağın mənası yoxdur.
Yeganə ümid adətən, Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) qalır ki, onun da ədalətli qərarı çıxınca az qala saxta deputatın aldığı mandatın müddəti, şikayətçinin isə ömrü bitir.
İkinci yandan, şanlı iqtidarımız qərarları məcburən, sözsüz yerinə yetirilməli olan AİHM-nin hökmlərini də artıq neçə ildir ciddiyə almır. Əli İnsanovun, İlqar Məmmədovun azad edilməsi haqda Avropa Məhkəməsinin qərarlarını yada salın.
Soruşanda da standart cavab belə olur ki, “biz müstəqil, suveren dövlətik”, amma nədənsə bu müstəqil dövlət öz suveren hüquqlarının bir hissəsini könüllü şəkildə Avropa Şurasına, ATƏT-ə, Avropa İnsan Haqları Məhkəməsinə verib.
***
Əlbəttə ki, bununla qeydə alınmış 270-dən çox müxalif və müstəqil namizədin ürəyini üzmək, onları ruhdan salmaq istəmirik. Qoy mübarizələrini aparsınlar. Amma və lakin ATƏT, Avropa Parlamenti əgər bəri başdan parlament seçkilərini müşahidə eləməkdən imtina edibsə, vəziyyət daha da qəlizləşir və mübarizəni davam etdirənlər haqda yaxşı mənada “dissident”, hətta “kamikadze” obrazı formalaşır.
Ona görə yaxşı mənada ki, hər şey gün kimi aydın ikən onlar şər-böhtanlara və təzyiqlərə rəğmən, öz titanik zəhmətləri hesabına 1 noyabr seçkilərinə azacıq da olsa demokratiklik cövhəri qatırlar ki, bu da yekun olaraq Azərbaycanın imicinə bir damcı fayda verir, millətlər arasında millətimizin üzünü ağardır. Sivil dünya da baxıb görür ki, aha, bu ölkədə heç də hər şey Türkmənistanda, Özbəkistanda, Şimali Koreyadakı kimi deyil, bu xalq tam zombiləşdirilməyib, yəni var ümid gələcəyə, əgər...
****
Qayıdaq 1 noyabr seçkilərinə. Dünəndən etibarən qeydə alınanlar üçün rəsmən təbliğat kampaniyası başlayıb. Ancaq buna kimi MSK, DSK-lar hansı oyundan çıxmadı - zatən oyunlar təzə olmasa da. Məsələn, məlum oldu ki, seçkiyə buraxılan 1233 namizədin cəmi 1/6-i iqtidara yaxın olmayan insanlardır.
Əvvəla, bunun özü elə bəri başdan seçkilərdə ədalət prinsipinin kobud pozulmasıdır. Yəni MSK-nın, DSK-nln süni “ələnmə” əməliyyatından sonra xalqa belə bir seçim, süni vitrin yaradılıb ki: seçsən də budur, seçməsən də - hərçənd, heç “ələnmişlər” arasında da normal seçkiyə imkan vermirlər.
Budəfəki seçki biabırçılığını qeydə alınmayan müğənni-bəstəkar Elza Seyidcahanın başına gələnlərin timsalında əyani şəkildə, çılpaqlığı ilə görmək olar. “Mənə DSK-da dedilər ki, deputatlar 3 ay qabaq təyin olunub, siyahı da göstərdilər”, - deyə topladığı imzalarının 180-i saxta çıxarılan Elza xanım mətbuata bildirib. Guya cəmiyyətdə az-çox tanınan bir şəxs, lap elə Elza Seyidcahan adı “it dəftəri”ndə də olmayan, yaxud 5 il mandat daşısa da, öz dairəsində tanınmayan rüşvətxor, korrupsioner deputatlar kimi pərəstişləri arasında 450 imza toplaya bilməzmiş.
Həmçinin, onun kimi yüzlərlə müxalif, müstəqil iddiaçı seçki marafonundan eyni üsulla kənarlaşdırılıb. Amma gəl gör, YAP siyahısındakı namizədlərdən hansısa birinin imza vərəqələrində saxta imza tapılıbmı, onlardan hansısa biri bu yolla seçkidən kənarda qoyulubmu? Əsla. Belə şey mümkün deyil, çünki onlar öncədən “seçilmişlər”dir və o üzdən yerli bələdiyyələrin, JEK-lərin onlar üçün yığdıqları imzalar ideal hesab edilir...
***
Nə qaldı yerdə? Yalnız bir sual: görəsən, seçki əvəzinə Məzahir Pənahovun əli ilə ölkə boyu daha bir dəfə seçki əməliyyatı keçirib ölkəni və milləti dünyada, düşmən yanında hörmətsiz eləməyin anlamı nədir?
Bir də dissident namizədlərə və dissidentlərə eşq olsun!

Bizə qoşulun