Amerika qitəsinin mərkəzində yerləşən Panama dövləti ilə bağlı bizim kənddə bir gülməcə vardı. Demək, bir dəfə kəndimizin parkında oturan vəzifəli ağsaqqallar qəzet oxuya-oxuya müzakirə aparırmışlar. Biri “Kommunist” qəzetini açıb ki, rəsmi xronikada “Panamalı qonaqlar Bakıda” başlıqlı xəbər verilib. Ağsaqqallardan biri yüngülcə qeyzlənib: “Heç dəxli var? Ona qalsa bizim kənddə də nə qədər panamalı kişi var”.
Bəlkə bu söhbəti çoxları tutmayacaq, ona görə də deyim ki, o vaxtlar bizim kənddə pis-yaxşı vəzifəsi olanlar və müəllimlər başlarına şlyapa qoyardılar və o baş geyiminin adı ümumi olaraq panamaydı. “Kommunist” qəzetinin xəbər və başlıq siyasətinə etiraz edən ağsaqqal başı papaqlı qonaqların Bakıda olmasının ictimai-siyasi əhəmiyyət kəsb etmədiyini vurğulayıb. Çünki onun dünyada Panama adlı dövlətin mövcudluğundan xəbəri olmayıb.
Əslində yəqin ki, ölkənin, eləcə də dünyanın çox yerində insanların tam əksəriyyəti Panama adlı ölkənin olmasından xəbərsizdir. Çünki o məşhur ölkə deyil. Biz heç Panamanın qonşuluğundakı Surinamı da tanımırıq, Qvatemalanı-zadı da. Amma Nikaraquanı tanıyırıq.
Ona görə ki, sovet təbliğatı təxminən 15 il “Sandino milli azadlıq cəbhəsinin partizanları”, “Daniel Orteqanın rəhbərlik etdiyi azadlıq döyüşçüləri” deyə-deyə zəhləmizi tökürdülər. Yuxudan dururduq, televiziya və radio Nikaraquadan danışırdı, qəzeti açırdıq, mütləq Nikaraqua xəbərləri oxuyurduq. Burdan-bura ölkədə Qusar, Zərdab kimi rayonların mövcudluğundan xəbərsiz olan tələbə yoldaşlarımız vardı, Nikaraquanı tanıyırdılar.
Bir də Panamanın adı təxminən 20-22 il öncə bütün dünyada məşhur oldu. O da ona görə ki, ABŞ-la Panama arasında müharibə düşdü. Məsələ belə idi: bu dövlətin başçısı Manuel Noryeqa adlı bir polkovnik idi, çörəyi narkotik maddə tranzitindən çıxırdı, ABŞ da tez-tez ona xəbərdarlıq edirdi ki, a kələ, özünü yığışdır, axırı pis olacaq. Noryeqa bu hədələri qulaqardına vururdu, deyirdi, Panama müstəqil dövlətdir, heç kəs onun daxili işlərinə qarışa bilməz. Amma bir gecə ABŞ kommandasları Panamanın daxilinə yeridilər, bir-iki saatlıq atışmadan sonra Panamanı işğal etdilər və Noryeqanı əsir götürüb mühakimə eləməyə apardılar. Adama iş də verdilər, hazırda bilmirəm, buraxılbmı, yoxsa türmədədir. Bəlkə də ölüb.
Xüləs, sözümün canı odur ki, Panama belə bir ölkədir. Həmin bu ölkənin adamları, yəni panamalı qonaqlar hələ 30 il əvvəl də şəhərimizə gəlib-gedərmişlər və bu barədə o dövrün qəzetləri yazarmış.
İndi budur, bizim xarici işlər nazirimiz Elmar Məmmədyarov da durub burdan basa-basa Panamaya gedib və orada Azərbaycanla Panama arasında ikitərəfli məsləhətləşmələr haqqında anlaşma memorandumu imzalayıb.
Məmmədyarov ölkənin vitse-prezidenti və xarici işlər naziri xanım İsabel de Sant Malo de Alvarado ilə də görüşüb, elə memorandumu da orda imzalayıb. İndən belə biz Panamayla “ikitərəfli məsləhətləşmələr haqqında anlaşma”lıyıq.
Ciddi sənəddir. Bu sənəd iki ölkə arasında münasibətlərin istiləşməsinə, əlaqələrin genişlənməsinə böyük töhfə verəcək. Belə deyirlər. Yalançı XİN olsun.
Bizim nazir də qeyd edib ki, Azərbaycan və Panama arasında mövcud əməkdaşlığın enerji və sərmayələr də daxil olmaqla, digər sahələrə də sirayət etməsi vacibdir.
Hələ güman var ki, elm-təhsil, təlim və digər humanitar sahələrdə əməkdaşlıq üçün əlverişli imkanlar açılacaq. Məmmədyarov buna əmindir. Panama nanotexnologiyalar sahəsində Yaponiyadan, Cənubi Koreyadan üstündür axı.
Ən maraqlısı odur ki, nazirimiz panamalı həmkarına Bakı-Tbilisi-Qars dəmir yol xəttindən, yeni tikilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanından da danışıb. Amma bu söhbətin Panamaya nə dəxli var, anlaşılan deyil. Panamanın özünün bir sahilini Sakit okean yuyur, bir tərəfini isə Atlantik okeanı. Hələ iki okeanı birləşdirən yeganə kanal da Panamadan keçir. Kimə liman göstəririk?
Söz yox, Elmar müəllim də öz növbəsində xanım İsabel de Sant Malo de Alvaradonu ölkəmizə qonaq çağırıb. O, dəvəti qəbul etsə, 40 ildən sonra ölkəmizə gələn ilk panamalı qonaq olacaq. Yeni strateji müttəfiqimizə eşq olsun!
P.S. Yeri gəlmişkən, artıq kəndimizdə başına panama qoyan adamlar çox azdır və onlar Panama panaması qoymurlar, “kitayski” panama qoyurlar.