“Mən həmişə xalqa deyəndə ki, naxoşam, elə bilirlər ki, xalqı aldadıram; amma Allah şahiddir ki … (bir az dayanıb) mən heç kəsi aldatmıram; çünki həqiqətdə mən naxoşam. Camaatın qabağında mən özümü naxoşluğa vuranda, Şeyx Əhməd həmişə elə bilir ki, mən adamları ələ salıram; amma bu biçarənin heç xəyalına gələ bilməz ki, mənim mərəzim çox şiddətli mərəzdir…”
(Mirzə Cəlil, “Ölülər”)
Dünyadakı bütün müsəlman ölkələri nəsə bir-birinə oxşayır. Hansına baxırsan, rəhbərlikdə bir diktator oturub, oğlunu da yerinə qoymağa hazırlaşır. Hansına baxsan qan su yerinə axır. Dünən “Yeni Müsavat”da İndoneziyadakı psixiatrik xəstəxanadan – siyasi yanlış terminlə desək, dəlixanadan fotolar dərc edilmişdi. Ürək ağrısız izləmək mümkün deyildi. Xəstə insanlar ən vəhşi şəraitdə saxlanırdılar. Dünyada ən çox müsəlman yaşayan dövlət İndoneziyadır. 1 milyard 500 milyon müsəlmanın (iddia edilir ki, bu qədərdir, hərçənd bu sayı “filan ölkə müsəlman ölkəsidir” tipli ümumiləşdirici, yanlış statistika ilə düzəldiblər – məncə, islam qaydalarına əməl edən gerçək müsəlmanların sayı dünyada heç 150 milyon nəfər də olmaz) 13 faizi burada yaşayır. Bu, hardasa 202 milyon müsəlman eləyirmiş. Bəs bu müsəlmanlar xəstə insanların elə pis, özləri demişkən, “allahsız şəraitdə” yaşamasına necə dözürlər?
Müsəlman dövlətlərinin əsas fərqlənmə nişanlarından biri də yalanın geniş yayılması, hətta dövlət ideologiyası səviyyəsinə qalxmasıdır. Bu, hətta Türkiyə kimi inkişaf eləmiş, necə deyərlər, “gözümüzü dikdiyimiz” dövlətdə də belədir. İnsanlar, televiziyalar, dövləti təmsil edənlər – hər kəs utanmadan yalan danışır. Nəticə də acınacaqlı olur. İnsan həyatının qara qəpiklik önəmi qalmır.
Heç şübhəsiz, müsəlman dövlətləri arasında yalançılıq yarışması keçirilsə, birinci yeri Səudiyyə Ərəbistanı tutar. Dünən onların bir qırmızı yalanını oxumuşam, əslində bu yazını o səbəbdən yazdım.
Deməli, illərdir Suriyada qan su yerinə axır, milyonlarla qaçqın dünyaya səpələnib xilas axtarır. Son günlər suriyalıların Avropada sığınacaq alması mövzusunda isə bir çoxları Səudiyyəni tənqid elədilər. Doğrudan da, ən azı ərəb qardaşlığı baxımından, “bir millət – iki dövlət” olmaları səbəbindən Səudiyyə Suriya qaçqınlarına qucaq açmalı idi. Biz isə nəinki qucaq açılması, heç barmaq uzatdıqlarını görmürük. Hamı da bundan yazır. İndi isə Səudiyyədən guya cavab gəlib. Adının çəkilməsini istəməyən bir səudiyyəli dövlət xadimi hansısa informasiya agentliyinə deyib ki, bəs, biz suriyalılara yardım edirik, amma bunu görmürsünüz.
Halbuki, istəsələr özləri göstərərdilər, əgər yardım olsaydı. Açıqlamanın bir hissəsi isə lap karikatura idi. Guya Səudiyyə suriyalı 2,5 milyon qaçqını qəbul edibmiş, sadəcə, başqa ölkələrdəki kimi bunları qaçqın düşərgəsinə doldurmurlar, ölkədə sərbəst hərəkətlərinə imkan yaradıblar. Guya indiyə qədər həmin qaçqınlara 700 milyon dollar yardım ediblər.
Ümumi daxili məhsulu neft pulları hesabına 750 milyard dollara çatan Səudiyyə üçün bu yardım nə qədər cüzidir (1 faiz də deyil), hələ bunu qırağa qoyaq. Açığı, mən heç bu 700 milyona da inanmıram. Ancaq öz əhalisi 28 milyon nəfər olan dövlət əhalisinin 10 faizinə yaxın sayda qaçqın qəbul eləsə, üstəlik, onların sərbəst hərəkətinə şərait yaratsa bunun necə hərc-mərclik yaradacağını təsəvvür eləmək lazımdır. Deməli xoruzun – yalanın quyruğu buradan görünür.
Yeri gəlmişkən, qaçqınları düşərgələrə yerləşdirmək BMT səviyyəsində müəyyən edilmiş humanitar texniki şərtdir, bunda hansısa pis cəhət yoxdur. Çünki kompakt, düşərgə halında insanlara ən zəruri ərzaq, tibbi yardımları yetişdirmək mümkün olur. Həmçinin, qaçqınlıq uzun çəksə bu adamların uşaqlarına təhsil verilməlidir, bu da düşərgəni labüd edir. Səudiyyəli məmur isə guya qaçqın düşərgəsi yaratmağa pis baxır. Əlbəttə, qaçqın yoxdursa, düşərgəni necə yaradacaqsan? Bas gopa getsin, kralın pulu hələ çoxdur.
Kəbənin yanında heç bir təhlükəsizlik qaydaları gözləmədən kran qurub, sonra onu aşırdıb 100-ə yaxın insanı heç nədən öldürməklərini də ta demirəm, özünüz bilirsiniz.