Götürüb iri hərflərlə bax beləcə də yazıblar:
ÖVLADI OLMAYAN XANIMLARIN NƏZƏRİNƏ
SEYİD MİR VALEH KİŞİNİN NƏVƏSİ ALLAHIN İZNİYLƏ ƏLLƏRİNDƏ ŞƏVAVERİCİSİ OLAN SEVİNCƏ MÜRACİƏT ETSİNLƏR!
CEYRANBATAN YOL-YAŞILLAŞDIRMA İDARƏSİNİN *** (dəqiq ünvan tərəfimizdən buraxılır).
055 271 ** **
Bu elanı yazıb şəhərin müxtəlif yerlərinə yapışdırıblar, türkün sözü, hər yana dağıdıb əhaliyə duyururlar. Sosial şəbəkə istifadəçilərindən biri də götürüb paylaşıb, bu dələduzluğa diqqət çəkmək istəyib və statusun altında, necə deyərlər, at ürküb örkən aparıb, hərə bir şey yazıb.
Buna qarşı çıxanlar da var, inananlar da.
Burası dəqiqdir: ölkəmizdə yüzminlərlə, bəlkə də milyonlarla insan var ki, deyirlər, həkim-filan, dava-dərman boş şeydir, hər şeyi göydəki gözəgörünməz qüvvə həll edir, o istəsə övladı olmayanların övladı olar, istəməsə, olmaz.
Prinsipcə, heç bir elmi izahı da yoxdur ki, göydəki gözəgörünməz qüvvə nəyə görə adi, sadə bir gənc ailənin övlad sahibi olmasını istəməsin. Nəyə görə istəməməlidir? Bu nə intriqadır, nə prinsipdir?
Bəşəriyyətə düşmən kəsilən mərdiməzarlar, son min ilin ən murdar adamları sırasında ilk onluğa girənlər, şimal yarımkürəsində bənzəri olmayan dəyyuslar övlad sahibi ola bilərlər, göydəki buna rüsxət verir, ən azı göz yumur, amma, məsələn, nəyə görəsə malakeş Güloğlanın övlad sahibi olmasına qarşıdır və bundan ötrü üzərinə düşən işi görmür.
Belə şey ola bilərmi? Normalda ola bilməz.
Bu yerdə, əlbəttə, Seyid Mir Valeh kişinin qız nəvəsi şəxsən meydana çıxmalıdır və məsələyə müdaxilə edərək, əllərindəki şəfavericisi ilə övlad sahibi olmaq istəyən xanımların arzu-muradının gerçəkləşməsi istiqamətində çalışmalıdır. Başqa cür mümkün deyil. Ginekoloqlar qələt edir, onların bildiyi iş yoxdur, axtarsan, heç seyid nəvəsi də deyillər, üstəlik, kafir əməli olan cihazlarla işləyirlər.
Ümumiyyətlə, tibb elmi gərək bu işlərə qarışmasın, vələd-züryət işləri bu tərəflərdə tarixən pirlərdə, ocaqlarda, ibələrdə həll olunub və bu işlə göylər tərəfindən vergi verilmiş (bir növ sertifikat, lisenziya) adamlar məşğul olublar. Hazırda da elədir.
İmtahan üçün seyid Mir Valeh kişinin nəvəsinin telefon nömrəsini də bura yazım, ölkənin ən yaxşı qadın həkiminin ünvanını da, gedin, yerindəcə yoxlayın, görün, hansının qəbulunda pasiyentlər daha çoxdur.
Əlbəttə, seyid nəvəsinin qəbulunda növbə gözləyənlər daha çox olacaq. Çünki xanımın əlində şəfaverici var. Bu, hər nədirsə, lazer şüası kimi bir şeydir. Hər halda, yapon aparatlarından daha keyfiyyətli və daha etibarlıdır. Həm də çox sınanıb, yoxsa bizim camaat belə şeylərə kor-koranə inanan deyil. Ortada şahid ifadələri, zəmanət verənlərin tövsiyəsi də var yəqin. Məsələn, olur ki, övlad sahibi olmaq istəyən xanıma dəqiq ünvanı verib deyirlər: “Demək, bacı, gedirsən ora, özü baxacaq, nə lazımdır, deyəcək. Bax, o həzrət Abbas haqqı, xalamqızının düz on il uşağı olmadı, getmədikləri yer qalmamışdı, İran, Türkiyə, Rusiya, hər yanı gəzmişdilər, xeyri yoxuydu, amma Allah səbəb saldı, getdilər o seyid nəvəsinin yanına, bir ilin içində oğlunu doğdu aldı qucağına. Şəkk eləyənə lənət”.
Əsas məsələlərdən biri də budur, gərək şəkk eləməyəsən və dərindən inanasan. Rusiyaya, İrana, Türkiyəyə də getməyə ehtiyac yoxdur. Pulunuzu çöllərə niyə tökürsünüz? Həmin pulu verin seyid nəvələrinə, onların əlində şəfaverici var, həll edəcəklər, onlar bu işi bilirlər.
Ümumiyyətlə, seyidlik institutu regionda ən çox bizim ölkəmizdə inkişaf edib, ən çox da Arazboyu rayonlarda. 100 il əvvəl İran ərbablarının zülmündən qaçaraq, Arazı üzübəri keçən yüzlərlə fərasətli adamın nəvə-nəticəsi hazırda ölkəmizdə özəl səhiyyə sektorunda çalışırlar. Onların içində Tibb Universitetini bitirənlər də var və müasir elmlə ilahi vergini sintez edə biliblər deyə daha məşhurdurlar. Amma heç bir ali tibb təhsili, eləcə də elementar savadı olmayanlar da var ki, cəddlərinin gücü hesabına işləyirlər.
Xalqımız da, maşallah, hər cür dələduza, fırıldaqçıya, yolçuya, dilənçiyə pul-para verməyə hazırdır.
Uzun sözü kəsəsi, Allah şəfa versin.