Son zamanlar ölkənin müxtəlif media orqanlarında Azadlıq prospektində yanan bina ilə bağlı müxtəlif fikirlər dolaşır.
Kütləvi informasiya vasitələrində binanın təmirinin əslində heç də baha başa gəlmədiyi, qiymətlərin şişirdilməsi haqqinda yazilara rast gəlmək olur. Medianin gündəmini zəbt edən digər bir mövzu isə rayon qeydiyyatinda olan maşinlarin paytaxta buraxilmamasi ilə bağli fikirlərdir. Əhalini narahat edən bütün bu suallari Mir Şahin Ağayev baş nazirin müavini Abid Şərifova ünvanlayib.
– Abid müəllim, gəlin söhbətimizə Binəqədi rayonu ərazisində yanmış binanın aqibəti ilə bağlı görülən işlərdən başlayaq. Sonra isə söhbətimizin gedişində digər məsələlərə çıxacağıq. Əvvəlcə başlayaq ki, yanmış binanın, belə desək, külünün altından nə çıxdı? Günahkarlar, müqəssirlər həmin o yaxalananlarmı oldu, yoxsa əlavələri də çıxdı ortalığa? Bir sədr olaraq bildirərdiz, komissiya nə nəticələrə gəldi?
– Yanan bina ilə əlaqədar, vallah, hələ istintaq sona çatmayıb. Hələ son nəticə yoxdur. Yəqin ki, yaxın günlərdə bu məlum olasıdır. Son nəticə, səbəb və kimlərinsə təqsirləndirilməsi… Bu barədə mən əlavə deyə bilərəm? Indi hələ istintaq gedir, ona görə də, hələ ki, iki-üç gün bundan qabaq üçün məlumat belədir.
– İstintaq gedirsə, onda hələlik bunun terror aktı olub-olmaması da araşdırılır?
– Yox, bu barədə söhbət yoxdur. Amma son nəticə, yəqin ki, gələn həftə, 10 gün ərzində tamamilə bitməlidir. O ki, qaldı digər məsələlərlə, inşaatla əlaqədar işlərə, biz çox çalışırıq ki, bu binanın təmiri 15 sentyabra kimi qurtarsın. İnşaatçılar və biz də belə bir tapşırıq almışıq.
Nə üçün 15 sentyabra? Yəni dərslər başlanana qədər qurtarsın ki, orada yaşayan insanların balaları üçün, övladları üçün məktəb problemi, institut problemi yaşanmasın. Çünki bu insanlar ayrı-ayrı yerlərdə yaşayırlar. Bəziləri şəhərdən kənarda, bəziləri uzaqda qalır, həmin o rayonda yaşamır. Ona görə bir problem olmasın deyə, əsas məqsədimiz bundan ibarətdir ki, 15 sentyabra kimi bu binanı qurtaraq. Düzdür bu, çox çətin məsələdir. Çox adam mətbuatda deyilənləri araşdırmadan öz fikirlərini söyləyirlər. Ona görə mən istərdim bəzi məsələlərə aydınlıq gətirim.
– Əvvəl yuvarlaqlaşdıraq o deyilən fikirləri ki, sizin cavab verməyiniz üçün şərait yaradaq. Bəli, mətbuatda məlumatlar yayılır ki, hətta, guya işlərin müəyyən bir hissəsi baha başa gəlir. Hətta deyirlər ki, guya camaatın orada yaşayacaq hissəsi nədənsə narazıdır. Yəni mən istiqaməti müəyyənləşdirirəm, sizi də bu istiqamətdə cavab verməyə dəvət edirəm.
– Mən sizə onu deyə bilərəm ki, inşaatı təmin edəcək podratçı təşkilat vətəndaşların, ev sahiblərinin iştrakı ilə icra hakimiyyətinin nümayəndələri ilə bütün o yanmış mənzilləri bir-bir gəziblər və aktaşdırılıb. Yəni biz əvvəlcədən, binanı sökməmişdən qabaq bilmişik ki, filan nömrəli mənzildə kafel nədir, hansı divar kağızıdır. Divar kağızı yana bilərdi, tüstüdən rəngi gedə bilərdi, amma prinsipcə, divar kağızı hansı rəngdədir, hansı ölkənin istehsalıdır və qiyməti nədir, bunu təxmini bilirdik.
-Əlbəttə, onu aydınlaşdırmaq olar.
– Binada tam yananlardan söhbət getmir. Ona görə də biz burada mənzilləri seçə bilmərik. Biz mənzillərin hamısında cənab prezidentin göstərişinə uyğun olaraq ən yüksək keyfiyyətli istər kafel, metlak, istərsə də divar kağızı olsun, hamısı ilə təmin edilməlidir. Burada ayrı-seçkilikdən söhbət gedə bilməz. Kimdəsə ucuz və ya baha material olub. Bu qeyri mümkündür. Hamısı ən yüksək keyfiyyətlidir. İkincisi isə cənab prezidentin göstərişinə uyğun olaraq bütün mənzilləri biz mebellə təmin edəcəyik. Mənzillər yalnız yataq mebeli ilə deyil, eyni zamanda mətbəx mebeli ilə də təmin olunacaq. Bütün mənzillər.
Bir də ki, bəzi adamlar təmirlə bütün yanmış evin bərpasını qarışdırır. Misal üçün bunu biz müqayisə edək indiki müasir vaxtda tikilən evlərlə. Deyirlər ki, bir metrə kvadratını filan qədərə satırlar – min iki yüzə, min üç yüzə… Yerindən asılı olaraq amma təmirsiz.
Yəni içərisində onun yalnız santexnika işləri görülür, kanalizasiya, istilik sistemi çəkilir, hər bir şey. Yalnız divar kağızı vurmaq, rəngini aparmaq, döşəməni vurmaq, pəncərələr də yerində olur. Amma, bu evdə heç nə yoxdur. Bu evdə karkasdan başqa, hansı ki, o da 6-cı mərtəbədən möhkəmləndirilib, bütün fasad tamamilə sökülüb, pəncərələr, qapılar hamısı yanıb. Ona görə də bunu kimsə deyir ki, bu ucuzdu və ya bahadır… Bu, əsaslandırılmamış söhbətlərdir. Yəni bir də mən sözü təkrar edirəm ki. göstərişə uyğun olaraq ən yüksək səviyyədə bərpa olunur. Bundan əlavə demək istəyirəm ki, o sahədə istilik sistemi çox zəifdir. Ümumiyyətlə o 7-8 evdə belədir. Ona görə də yeni qazanxana tikilir. Tikilir yox, daha doğrusu, orada qazanxana yox idi, istilik mərkəzi idi. Onu çeviririk qazanxanaya ki, bu insanlar istər isti su, istər istilik olaraq yararlansın. O evlərdə ümumiyyətlə isti su məsələsi yoxdur. Bilirsiz ki,16 mərtəbəli evlərdə ümumiyyətlə qaz məsələsi yoxdur. Hamısı elektrik təchizatı ilədir. Amma təəsüflə qeyd edirəm, bunu ehtiyyatla danışıram. Mən bildiyim qədər, məndə olan məlumata görə, o 16 mərtəbəli evlərdə evin içərisində balon qazı istifadə olunur. Bu odla oynamaq kimi bir şeydir. Daha bir az qeyri-normal danışmış olsam, ölümlə oynamaq kimi bir şeydir. Evin içərisinə balon qazı gətirib, mətbəxdə və yaxud da isti su kimi və başqa prinsiplərə görə, istifadə etmək bu çox-çox xatalı bir məsələdir. Biz ona görə, bundan istifadə edib istəyirik ki, bu evin isti su problemini də mərkəzləşdirilmiş halda həll edək. Eyni zamanda bu evin su problemi. Burada yulnız bu evdən söhbət getmir. Biz o sistemi düzəltdikdə bütün ətrafdakı evlərin su sistemi yaxşılaşacaq. Eyni zamanda elektrik təchizatı. Belə ki, hər bir şey sıradan çıxıb. Burada istər birinci mərtəbə, istər beşinci, istər ofislər tamamilə sıradan çıxıb. Bütün fasad da o cür. Yəni, demək istəyirəm ki, çox ağır işdir bu, həqiqətən. İşin əvvəla həcmi çoxdur və tapşırıq ciddi tapşırıqdır ki, 15 sentyabradək, özü də, yüksək keyfiyyətlə öz həllini tapsın. Bir şeyi də nəzərə alın ki, bu 16 mərtəbəli evdə bir kran yox, bir şey yoxdur. Hamısı əllə görülmə işdir, məsələ burdadır. Mən sizə sadəcə bir misal söyləyəcəm. Binanın lifti… orada yəni belə bir balaca 50 kiloqramlıq qaldırıcı qoyulub. Onun maksimum qaldırma gücü 50 kiloqramdır. Amma iki dənə lift montaj olunmalıdır orada, lift qalxmalıdır 16-cı mərtəbənin damına. İndi düşünün. Ora 50-70 metr hündürlüyə qalxan kran da yoxdur.
– Yəni bu tikinti işlərini görməkdən ötrü lazımdır?
– Tikinti işləri çox çətindir. Yəni o müddətə görə deyirəm. Ona görə də liftlər də dəyişilir, məsələ bundadır. Ona görə də bəzi adamlar, bu bahalı məsələsinə görə, gəlsinlər. Bizə hər zaman inşaatçılar, sifarişçi, layihə institutu bütün sənədləri göstərə bilər. Artıq-əskik söhbətlərə yol verməmək məqsədi ilə. Əsas məsələ ondan ibarətdir ki. biz insanlarımızı razı salmalıyıq. Orada yaşan adamlarımızı. Ona görə də tapşırıq belədir ki, yüksək keyfiyyət olsun. Təkrar edirəm bir də, istər mətbəx, istər evdə bütün mebellə təmin olunmalıdır.
– Abid müəllim bu insanların dərdinə böyük hörmət, böyük sayğı ilə yanaşırıq. Bu gün fürsətdən istifadə edib bir də o binada yanmış, xəsarət almış, həlak olmuş insanların dərdinə şərik oluruq, ölənlərə baş sağlığı arzu edirik. Bunlar öz yerində, amma biz bilirik ki, insanın naturasında bir az fürsətçilik var. Onlar yaranmış fürsətdən istifadə edib həmişə bir-iki addım irəli düşmək istəyirlər. İndi təbii ki, kimsə evini, kimsə mənzilini itirib. Sizin dediyinizdən də belə başa düşdüm ki, bəziləri bu yaranmış fürsətdən istifadə edib daha çox əldə eləmək istəyirlər. Belə şeylərin şahidi olmursuz ki?
– Vallah, mən hazıram bir komissiyanın bir sədri kimi, hər bir vətəndaşı, mən gələn həftə gedərəm, məlumat verərəm İcra hakimiyyətinə, görüşərəm bir başa yerində. Bəlkə camaatın hansı sa bir istəyi var. Hələ mən bu günə qədər, yalnız bir məsələni biz sona çatdırmamışıq, o yanan maşınlarla əlaqədar. Ancaq mən adətən, məndə necə deyərlər bu poçtaya baxmaq məsələsi çox ciddi qoyulub. Belə bir məsələ və ya digər məsələlərlə əlaqədar mən özüm elə bir şey eşitməmişəm. Mən yığaram camaatı, xahiş edərəm görüşə gəlsinlər, kimin sualı varsa baxarıq. Bu yerdə mən hazıram baxmağa. Ancaq o deyilən çərçivə-çərçivəsində. Biz təkrar etmək istəmirəm…biz o Rəhmətə gedənlərə mən də qoşuluram, hamısının ailələrinə bir daha…Allah Rəhmət eləsin, Allah səbr versin. Amma biz lazımı işi lazımı keyfiyyətlə görəcəyik. Əyər kiminsə hansısa bir şikayəti varsa mən hazıram qulaq asmağa və baxılmağına.
– Bu binaların üzdüklərinin dəyişdirilməsi prosesi tam başa çatdı?
– Yox hələ, davam edir, bu yaxınlarda başa çatacaq.
– Bu hansı təşkilat edir? Adın da demişdiz siz keçən dəfə jurnalistlərə. Üzlüklərin dəyişdirilməsi ilə məşğul olan təşkilatın adını.
– Təşkilatlar çoxdur.
– Yox. Alabala demişdiz, Əlibala demişdiz. O şirkət.
– Yox. Məndən soruşmuşdular ki, yanan binanı kim təmin edəsidir, məşğul olasıdır. Mən də o suala dedim ki, ay balam sənin üçün nə fərqi var kimdir? Sən guya bütün şirkətləri tanıyırsan? Bunu ciddi bir problemə döndərdilər.
– Bilirəm. Elə ona görə də qayıdıram, bir az yarı-zarafat gəldim bura.
– Binada “Aqrartikinti” şirkəti işləyir. “Aqrartikinti” şirkəti istər Bakıda, istərsə də Bakıdan uzaqlarda, Azərbaycanın ayrı-ayrı bölgələrində, istər məktəb tikintisində, istər yaşayış evlərinin tikintisində təcrübəli bir şirkətdir. Mən bu şirkətin mütəxəssislərini tanıyıram, 50 ildən çoxdur ki, inşaata (sahəsində) işləyirəm, elə o müddətdə də onları tanıyıram.
– Yəni zəmanət var onların fəaliyyətinin keyfiyyətinə.
– İndi mən bir neçə misal çəkə bilərəm o şirkət haqqında. Heydər Əliyev sarayını yenidən təmir edən şirkətdir. Hacı Zeynalabdin Tağıyevin ev muzeyini restavrasiya edən şirkətdir. Yaşayış evlərindən, məktəblərdən danışmağa heç ehtiyac yoxdur. Elə bilirəm ki, bu hər bir ən aparıcı şirkətlər üçün də misal ola bilər. Yəni burada o keyfiyyətdən söhbət ola bilməz. Yəni zəmanət verilir. Düzdü təkrar etməyim amma, yanan binanın çoxmərtəbəli olmasından işin çətinlikləri əmələ gəlir.
– Nəzərə alsaq bu bizim bu yanmış bina ətrafında sizinlə yekun söhbətimizdir, indi siz özünüz məsləhət bildiyiniz bir halda mətbuata açıqlama verəcəksiz, bu təbii ki sizin işinizdir.
– Sözsüz.
– Amma yekun söhbət olduğu üçün mən bu sualı verməyə bilmərəm. Hökümət baş verən bu hadisədən hansı dərsi çıxartdı? Bundan sonra nələri başqa cür eləmək lazım gələcək?
– Əvvəla cənab prezident tərəfindən ciddi tapşırıq verilib və ayrı-ayrı qurumlara, o cümlədən də mənə. Yeni qaydaların tətbiq olunması, cəzaların ciddilənməsi, ola bilsin bəzi dəyişikliklər olasıdır ki, mən onu indidən deyə bilmərəm. Son nəticədə qərar qəbul olunacaq. Yəqin ki, buna vaxt lazımdır, çünki bu elə-belə xırda məsələ deyil. Ona görə də biz tapşırığa uyğun olaraq, ayrı-ayrı ölkələrin istər Avropa, istər Yaponiya, istər Amerika və digər aparıcı dövlətlərin, bizə qonşu, qardaş dövlətlərin təcrübələrini öyrənirik, onların qanunlarını öyrənirik. Onları almaq, çatdırmaq, öyrənmək, müqayisə etmək..
– Vaxt aparan işdir.
– Kiçik məsələ deyil. Ona görə də buna vaxt lazımdır. Biz belə bir tapşırıq almışıq. Yəni elə bilirəm ki, cənab prezidentin tapşırığına uyğun olaraq biz öz təkliflərimizi hazırlayıb təqdim edəcəyik.
– Bu sualım Nazirlər kabinetinin Bakıya müxtəlif rayonlardan gələn maşınların buraxılması ilə bağlı verdiyi qərarla bağlıdır. Bu qərar mətbuatda müxtəlif şəkildə təfsir olunur. Bəziləri hətta belə bəyanat verirdilər ki, guya rayon qeydiyyatında olan maşınlar şəhərə buraxılmayacaq. Bunun üçün aydınlaşdıraq.
– Çox sağolun bu suala görə. Başlamışıq biz hamımız şəhərə buraxmırlar və s. Mən sizə bir şey deyim də, əvvəla elə bir anlayış yoxdur. Biz şəhərə rayondan gələn vətəndaşlarımızı buraxmırıq. Necə yəni buraxmırıq? Kim deyir onu? Biz deyirik ki, şəhərə girən avtomobillər 5 tondan yuxarı, gün ərzində, saat 9-10-a kimi buraxılmır. Yəni hansı ölkəyə getmiş olsanız bu qayda-qanun var. 5 tonacan fərq etməz. Gəlir, şəhərə girir, çıxır işləyir. Problem yoxdur. 5 tondan yuxarı, gün ərzində şəhərin mərkəzinə girmək olmaz. İstər bu inşaatla əlaqədar olsun, istər bizim şirkətlər olsun, istər digər, fərq etməz. Yalnız axşam saat 10-dan səhər 7-yə kimi işləmək olar. Bütün ölkələrdə bu qəbul olunmuş qaydadır. İctimai nəqliyyatdan söhbət yoxdur ümumiyyətlə. Yəni Azərbaycanın istənilən bölgəsindən şəhər istiqamətində gələn avtobuslar, dövlət maşınları, xüsusi maşınlar, yəni xüsusi təyinatlı maşınlar. Heç bir problem yoxdur.
– Bu xüsusi təyyinatlı maşınlara nələr daxildir? Təcili yardım maşınları, inkasator maşınları...
– Təcili yardım, yanğınsöndürən maşınlar, texniki yardım maşınları və s.
– Şəhərin mərkəzinə qədər çıxırdılar
– O minik maşınları ilə şəhərə gələnlərə deyirik ki, axşam gəlin. Bəzi bizim mütəxəssislər və ya ekspertlərimiz deyirlər ki, axşam ən çox qəza vaxtıdır. Axşam şəhərə gələn şəhərdə oynamağa gəlmir ki, hansısa məqsəd üçün gəlir. Ya evinə gəlir, ya qonşusuna gəlir, ya bir iş dalınca gəlir. Çox gözəl. Gəlir-gəlsin. Xoş gəlib. Gözümüz üstə yeri var. Əgər gündüz vaxtı gəlirsə, oturub gözləməlidir həmin o duracaqda. Maşını qoyub avtobusla gələ bilər, ya taksi ilə. Ödənişsiz dayanacaqdır, orada şərait yaradılıb insanlar üçün. Yəni söhbət avtomobildən gedir, insanlardan getmir. Kim istəyir gəlsin. Oradan da şəhərin istənilən istiqamətlərində avtobus marşurutları olaacaq, taksilər olaacaq. O ki, qaldı kimsə xüsusi maşında gəlir. Deyirik axşam gəl. Deyirlər ki. guya axşam-üstü ən çox qəza olur. Hardadı o hesabat? O hesabata ən çox baxan mənəm, bir komissiyanın sədri kimi. Yalnız şəhərdə də biz xüsusi tələblər qoyacağıq. Çünki şəhərdə istər işləyənlər üçün, yaşayanlar üçün normal şərait olmalıdır. Hər bir vətəndaşımızı narahat edən birinci məsələ bu nəqliyyatla əlaqədar problemlərdir. Məktəblərimizin yanından səhər keçmək olmur. Hamı balasını uşağını maşınla gətirir, maşınla aparır. Yollar bağlanılır. Məktəblərin adını çəkmək istəmirəm.
Azərbaycanda institutlar, dövlət müəssisələri eyni zamanda işə başlayır. Əksəriyyəti 9-da, ya da doqquzun yarısında. Biz bu qərarı qəbul etməmişdən qabaq, mən sizə konkret sxemlərdə təqdim edə bilərəm ki, hansı ölkələrdə necədir. İstənilən adama təqdim edə bilərəm. Avropa ölkələrinin hamısında, yalnız Avropa ölkələri yox, bütün dünyada belədir. Biz özəl sektora göstəriş verə bilmərik. Biz aidiyyati qurumlarımızdan xahiş edirik, tövsiyyə edirik ki, özəl sektorla danışıqlar aparsın ki, onlar işə başlamalıdırlar saat 8-in yarısından səkkizəcən. Dövlət sektoru- 9-un yarısından 10-un yarısına qədər.
Və yaxud da götürək başqa bir misalı. Bizim universitetlərimizin, xəstəxanalarımızın böyük bir sahəsi var. Adlarını çəkmirəm, göz qabağındadır. Hamımız bu şəhərin sakinləriyik və bilirik. Amma heç kim, heç bir avtomobili içəriyə buraxmırıq. Niyə? Bütün yollar bağlanılır. Yollarda müəllimlərin, tələbələrin avtomobilləri bütün yol ətrafı düzülür. İstənilən universiteti götürmüş olsanız, həmin bu vəziyyətdir.
Biz deyirik ki, aidiyyati üzrə nazirlik, aidiyyəti üzrə təşkilat yaxşı həyətin varsa, zəhmət olmasa bu avtomobillər içəridə dayanmalıdır. Və yaxud da ki, get “stoyanka”da dur. Götürək bir başqa misal. Əvvəlcə deyirdilər ki, şəhərin mərkəzində parklanma yeri yoxdur. Götürək Azadlıq meydanında və ya Heydər Əliyev adına sarayın ətrafında, o boyda parklar tikilib. Gedir yolda saxlayır,
Hər bir avtomobil üçün bəyəm xüsusi bir post yaranmalıdır ki, balam yolda dayanmaq olmaz? Götürək bir başqa misal Sumqayıtı. Mən bu yaxınlarda iki günlüyə İsrailə getmişdim işlə əlaqədar. Orada mənimlə olan tanınmış adamdan soruşuram ki, İsraildə bir ildə avtomobil qəzasında nə qədər insan ölür? Deyir 190-220 arasında. İsrailin 8 milyon 500 min əhalisi var. Bizdə bu günə 9 milyon 650 min. İndi heç kimə də sirr deyil, bunun beş-altı yüz mini istər tələbə kimi xaricdə oxuyur, istər bir iş adamı kimi ayrı-ayrı respublikalarda çalışırlar, amma adı Azərbaycandadır, gəlir-gedir. Demək olar ki, əhalimizin sayı uyğundur.
Bizdə amma, bir ildə 6-7 dəfə İsraildəkindən çox insan rəhmətə gedir, dünyasını dəyişir, 1200-1300 arasında.Üç-dörd dəfə də çox insanlar şikəst olur. Mən o biri hələ cəhətlərini demirəm. İndi baxın. Avtomobilin sayı da bizdən çoxdur İsraildə, istər ölçü üzrə, istər adam başına düşən avtomobillərə görə. Biz bundan heç vaxt danışmırıq ki, necə edək ki, bir il ərzində 1260-1300 insanın ölümünün, özü də əksəriyyəti də cavan-cavan uşaqlar, qarşısını alaq. Biz bundan danışmırıq. Amma biz deyəndə ki, ehtiyyatlı ol, belə vaxtı şəhərdə tıxac yaratmayaq, insanları incitməyək, minlərlə insan stress keçirməsin, bir beş-on nəfər, ya əlli nəfər, ya yüz nəfər gəlib bir iki saat dayansın duracaqda. Biz bunu o dəqiqə problemə döndəririk. Sözün doğrusu çətinlik çəkirəm belə məsələlərdə. Çox istərdim ki, çox arzulardım ki, biz hamımız eyni mənada bunu dərk edək. Azərbaycanda olan qəzaların ən çoxu Bakı şəhərindədir. Nə üçün? Elə bu səbəbdən. Hansı səbəbdən qəzalar baş verir, mən bunu açıqlayası deyiləm. Onu mütəxəssislər, tez-tez ayrı-ayrı televiziya kanallarında dövlət yol polisinin işçiləri son zamanlar deyirlər.Biz istəyirik ki, camaat üçün, camaatımız üçün, insanlarımız üçün normal şərait olsun. İstəyimiz budur, başqa bir şey deyil.
– Aydındır. Abid müəllim indi buradan çıxan iki sual var. Mən bunları da mütləq verməliyəm. Əvvəla biz dedik ki, günün belə deyək də, işıqlı saatlarında onlar şəhərə girməkdə məhdudiyyətlərlə üzləşəcəklər, konkret adlarını çəkdiyimiz sahələrdə, hamıya şamil olunmur bu, amma axşam onların şəhərə daxil olması sərbəst olacaq.
– Özü girsin də, avtobusa minsin gəlsin, taksiylə gəlsin.
– Yox, onu bitirdik. Amma onun maşınının içəri girməsi, şəhərə girməsi mümkün olacaq axşam?
– Axşam gəlsin, nə vaxt istəyir .
– İndi sizə elə gəlmirmi ki, gündüz bir problemi şəhərdən qırağa çıxarırıq, axşam o problemi dəvət eliyirik Bakıya
– Niyə?
– Tıxaclar olacaq Bakıda axşamlar
– Yox. Əvvəla gündüzlə gecə sıxlığını, axşam sıxlığını müqayisə etmək qeyri mümkündür. Bu ayrı-ayrı şeydir.
– Bu belə olmayacaq?
– Xeyr
– Yəni araşdırmalar zamanı bunu müəyyən etmisiz?
– Hər yerdə, əksər ölkələr də olan şeydi. Yəni biz, necə deyərlər, samovar icad etmək fikrində deyilik.
– İndi biz nəqliyyatdan danışırırqsa yəqin velosiped daha yaxşı olardı da, velosiped icad etmək
– Tamamilə doğrudur
– Abid müəllim bilirsiz nə üçün soruşuram? Tutaq ki, bu adam gündüz gəlməyib, axşam gəlib şəhərə, düzdür- fərq var, gündüz və axşam şəhərə daxil olan avtomobillərin sayında da fərq var, gəzintinin, maşınla gəzintinin də tezliyində fərq var. Amma Nazirlər Kabinetinin qərarının verilməsi zamanı araşdırmalar yəqin aparılıb və biz müəyyənləşdirə bilmişik də, şəhərdə tıxac yaradan nəqliyyat vasitələrinin hansı hissəsi rayondan gələnlərdir?
– Düz sual verirsiz. Şəhərdə tıxac yaradan rayon maşınları hardasa 60-80 min arasıdır. Yəni burada Sumqayıt da, Bakının ətraf qəsəbələrindən söhbət getmir. Bu Azərbaycanın ayrı-ayrı rayonlarından gələn maşınlardır.
– Böyük rəqəmdir
– İndi götürək Sumqayıtı. Yəqin ki, bilməmiş deyilsiz. Sumqayıtdan bura gündə 18-20 min maşın gəlir-gedir. Ona görə də cənab prezident tərəfindən göstəriş verilib ki, Bakı-Sumqayıt arasında sürətli elektrik qatarı sentyabrın 15-nə kimi işə düşməlidir. Bundan ötəri qatarlar da alınıb. Böyük iş görülüb, çox ciddi iş. Yəni Bakıdan Sumqayıta qədər dəmir yolu tam təmir olunur, yenidən qurulur, elektrik işləri yenidən qurulur, avtovağzallar yenidən qurulur. Bu sözsüz ki, elektrik qatarının işə düşməsi işimizi asanlaşdıracaq. Amma yalnız rayondan gələn avtomobillərlə bitmir iş. Söhbət, biz yalnız, bizim komissiyanın qərarı ilə tanış olan olmuş olsa, orada çoxlu-çoxlu ciddi məsələlər qoyulur. Mən sadəcə bir-ikisini sizə söylədim
– Yox, mən oxumuşam o sənədlə də tanışam.
– Söhbət eyni zamanda avtobuslardan gedir, söhbət eyni zamanda taksilərdən gedir, söhbət eyni zamanda lisenziyasız taksilərdən gedir, istər rayondan gələn, istər şəhərin özündəkilərdən, istər nizam-intizamdan gedir, istər avtobusların özbaşnalıqları, sürücülərinin dayanacaqlarda və yaxud da yollarda icazəli-icazəsiz, mən bir-ikisini söylədim də sizə…universitetlər, məktəblər, xəstəxanalar…bu cürə də dövlət idarələrindən də danışmaq olar, bu cürə də ayrı-ayrı özəl şirkətlərin hamısının qabağı bağlı, yollar daralı, bunun da nəticəsində problemlər yaranır. Mən yalnız, indi hamını maraqlandırır ki, bu məhdudiyyət nə üçündür, amma şəhər içərisində soruşan olmur. Biz bütün bu məsələləri öyrənib, araşdırıb, ətraflı, istər dövlət yol polisi işçiləri tərəfindən, istər Daxili işlər naziri, Nəqliyyat naziri, şəhər İcra hakimiyyəti, ayrı-ayrı ölkələrin təcrübəsin öyrənib biz bu nəticəyə gəlmişik.
– Və nəhayət sonuncu sual. Bu yəqin ki, bizim hər birimizi həmişə narahat edən məsələdir. İnsan faktoru nəzərə alınıbmı burada? Yəni bu qərarı icra edənlər xırda məmurlar da var iri çəkili məmurlar da olacaq…necə nəzarət edə biləcəyik ki, bizim qoyduğumuz, hökümətin qoyduğu bu qanun, bu qayda yerlərdə qüsursuz icra olunacaq? Kimsə (pul) alıb buraxmayacaq şəhərə. Necə nəzarət olunacaq?
– Bilirsiz yerlərdə əvvəla Daxili İşlər nazirliyi tərəfindən, yalnız Bakının, şəhərin girəcəyindən söhbət ola bilməz. Ayrı-ayrı rayonlarda, İcra Hakimiyyətlərinə tapşırılıb, ayrı-ayrı rayonlarda, şəhərin girəcəyində-çıxacağında, necə indi mövcud postlarda, danışıqlar aparılır vətəndaşlarımızla. Xahiş olunur ki, bu boyda yolu gəlib burada daynma, axşam tərəfi gəl. İndi hesab ediz 400 kilometr yol gəlir…400 kilometr çıxmasın saat 12-də, çıxsın saat 2-də 3-də fərqi varmı?
Düzdü indi tələbələr yoxdu. İndi hesab ediniz ki, artıq ali təhsil ocaqlarında 60 min uşaq, tələbələrimiz, balalarımız oxuyasıdır, gələsidirlər 15-sentyabrdan. Bunların bilmirəm nə qədəri rayondandır, nə qədəri şəhərdəndir, biz o uçotu aparmamışıq, bilmirik, təəssüflə qeyd edirəm. Ancaq buna baxmayaraq, elə Avropa oyunlarından qabaq şəhərdə nəfəs almaq olmurdu elədirmi? İndi bu müddətdə həmin şəhərdə problem varmı bu gün? Biz bir problem yaratmamışıq ki? Sadəcə, insanlarımızla, vətəndaşlarımızla bütün bölgələrdə iş aparılır.
– Indi bütün hallarda bu suallar cəmiyyətdə varsa biz onları verməliyik və təşəkkür edirəm ki, siz də cavab verdiniz.
– Sağ olun
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.