“Üzr istəyirəm, – Şveyk dedi, – Mən siz cənablara bir sual vermək istərdim. On dörd qatlı ev var, hər qatda səkkiz pəncərə var, damda iki kiçik pəncərə və iki baca borusu, həmçinin hər qatda da iki kirayəçi vardır. İndi isə cənablar, mənə deyin görüm, qapıçının nənəsi neçənci ildə ölmüşdür?”
(Yaroslav Qaşek, “İgid əsgər Şveykin macəraları”)
Dünən antierməni vətənpərvərliyimiz və meyvələrin erməni elan olunması mövzusuna bir qədər toxunmuşdum, söz verdiyim kimi, mövzunu davam etdirirəm.
Sevindirici haldır ki, bizim ölkədə özünü iqtidar adlandıran hissə ilə özünü müxalifət adlandıran hissənin ortaq nöqtələrindən biri erməni məsələsidir. O tərəf vaxtaşırı bu tərəfə erməni deyir, bu tərəf də o tərəfə. Fikrimcə, bu işdə bir az savadlı olmalıyıq. Dağlıq Qarabağda, həmçinin başqa yerlərdə yaşayan nə qədər erməni vətəndaşımız vardır. Biz onları niyə təhqir edirik? Bəyəm Dağlıq Qarabağ ermənilərinə yüksək səviyyədə muxtariyyət, Azərbaycan bayrağı altında dinc yaşayış vəd edən biz deyilik? Bütün azərbaycanlılar işğal qurbanı olmadığı kimi, bütün ermənilər də işğalçı deyil. Biz bu eyniləşdirmə, ümumiləşdirmə cəhdlərindən qurtulmalıyıq. Hələ konstitusiyamızda yazılan “milli ayrı-seçkiliq qoymuruq” maddəsini demirəm. Ya onu silin, ya da boş-boş danışıb ürəyimizi bulandırmayın.
Mən bu məsələdə müxalifət-iqtidar birliyini havadan yazmıram. Yazda bir erməni əsgər silahı atıb biz tərəfə keçmişdi. Müxalifət qəzetlərindən biri yazmışdı ki, bu erməni əsirə nə üçün qayğı göstərilir. Həmin əsir əsgərə yemək, paltar, sığınacaq verilməsi hətta mitinqdə iqtidar əleyhinə şüar kimi, plakat şəklində qaldırılmışdı. Məncə, bu yalançı urapatriotizm hərəkətləri iqtidarın dəyirmanına su tökməkdən başqa bir şey deyil. Necə ki, iqtidarın da bu hap-gop erməni nifrəti oyunlar zamanı dağılıb getmişdi.
Srağagün telekanalizasiyalar işğal edilən ərazilərimizdən bu mövzuda növbəti tragikomik xəbəri yayırdılar. Sən demə, ermənilər işğal edilən ərazilərimizi yandırırmış. Bunu bizim “Azərsat” peyki də qeydə almışdır. Xəritə şəklini ekranda verirdilər, multfilm kimi bir xəritə idi, orda hansı otluğumuzun yanması-filan təsvir edilmişdi. Sanki düşmən işğal elədiyi ərazidə otlaqları suvarmalı imiş. Ağacların dibini belləməliymiş ki, Zakir Həsənov gəlib gilas yığsın, tut çırpsın, nə bilim, yay armudu yesin.
Özlərini inkar eləyirlər eyni zamanda. Çünki ermənilər işğal edilən ərazidə hansısa tikinti, quruculuq işləri aparanda da bizim yapist vətənşüvənlər “bax, niyə orda ev tikirsiniz, ora bizimdir” deyirlər. Yandıranda da deyir niyə yandırırsan. Sənin ərazini işğal ediblər – daha bundan artıq nə eləsinlər? Düşmənçiliyi başa salmağın ayrı üsulu da varmı? 1993-cü ildə bu işğal üstündə hakimiyyətə gəlib 22 ildir kresloda oturanlara niyə sual vermirsiniz ki, bəs Qarabağın azadlığı proqramınız hanı? 22 ildə torpağa peykdən baxmağı bacarıblar. Dəhşət uğurdur. 22 il də hakimiyyətdə qalsınlar, yanğın tüstüsünün tərkibində qanqal və başqa otların faiz nisbətini müəyyən edərlər.
Hansı sahəyə baxsan beləcə uydurmalarla dövran sürürlər. Srağagün Müdafiə Nazirliyinin saytında qadın snayper əsgərlərimizlə intervülər yerləşdirilmişdi. Onlar deyirdilər ki, SVD və OSV-96 snayper tüfəngləri ilə təlim keçiblər, silahları bunlardır. Oxucuların nəzərinə: bu hər iki snayper tüfəngi Rusiya istehsalıdır, Rusiya markasıdır. Bəs Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin bir neçə ildir dil-boğaza qoymadan haqqında qırıldatdığı “İstiqlal” və “Mübariz” snayperlərindən niyə yararlanmırlar? Bəlkə “İstiqlal” 20 kilodur, lüləsi isə 2 metrdən uzundur və bu kiçik topa bənzər əcaib silahla hardasa gizlənib düşmən vurmaq çətin olduğu üçün? O zaman niyə gopa basırsınız? Nazir Yavər Camalov bizə izah eləsin görək onun qayırdığı silahı niyə hətta öz ordumuz belə daşımaq istəmir? Siz bunu xaricə necə satacaqsınız?
Yeri gəlmişkən, “İstiqlal”ın texniki xarakteristikalarında bir gülməli cümlə gözümə dəydi: “50 dərəcə şaxtaya davamlıdır”. Görəsən, bu qədər şaxta bizdə harda olur? Ümumiyyətlə, dünya tarixində 50 dərəcə şaxtada hansı snayper döyüşü olub?