zahid yeni razmer

Yaxud ölkəni sayılan etməyin sadə resepti…

Ölkədə qalmaqallı həbslər davam edir. Son həbslər nə qədər əsaslı olsa da, arqumentli təqdim edilsə də, hələ ki, sıravi vətəndaşda “deyəsən korrupsiya ilə mübarizə üçün ən yüksək səviyyədə düyməyə basılıb” təəssüratını yaratmır. Qınamaq olmur, Azərbaycan insanı acı təcrübədən çıxış edir.

Təcrübə isə zaman-zaman belə həbslərin antikorrupsiya xarakteri yox, hakimiyyətdaxili siyasi mübarizə mahiyyəti daşıdığını və bir qayda olaraq gəlir yerlərinin, gəlirlərin təzədən bölüşdürülməsi uğrunda gedən rəqabətin təzahürü olduğunu pıçıldayır, “akulaların daha kiçik ölçülü balıqları udması” hadisəsi olduğuna şəhadət verir.

Ola bilsin, konkret olaraq son olayların pərdəarxasında həqiqətən ölkənin imicini yaxşılaşdırmaq istəyi var. O mənada ki, neftin ucuzlaşması və büdcə gəlirlərinin kəskin azalmasından dolayı Azərbaycan hökumətinin yenidən böyük xarici kreditlərə ehtiyacı yarandığı bildirilir, nüfuzlu beynəlxalq maliyyə qurumları və donorları isə kreditləri öncə şəffaflıq əmsalını, korrupsiya göstəricilərini nəzərə almaqla verir.

Son həbslərin digər bir nədəni Avropa Yay Oyunları ərəfəsində beynəlxalq diqqətin yönələcəyi Azərbaycan haqda pozitiv rəy yaratmaq da ola bilər. Ancaq hər motiv olur-olsun, könül istərdi ki, korrupsiya ilə mübarizə yenə epizodik olmasın, hakimiyyətdaxili mübarizə elementi daşımasın. Davamlı olsun, davamı gəlsin və zindanın çoxdan darıxdığı, xalqın çoxdan içəridə görmək istədiyi iri məmurlar, monopolistlər də qandallansın.

Bax, onda ölkədə vəhşi monopoliya və bu monopoliyanın diktəsi ilə formalaşan soyğunçu qiymətlər də olmayacaq. Nə qədər ki, belə şey heç üfüqdə də görünmür, nə qədər ki, bananın kilosu Avropa ölkələrində, qonşu Gürcüstan və Rusiyada cəmi 1 dollar olduğu halda Azərbaycanda 3 dollardır, o vaxtadək hökumətin korrupsiya ilə mübarizəsi də, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin özü də lətifə və karikatura mövzusu olacaq.

O ki qaldı ölkənin beynəlxalq imicini yaxşılaşdırmağa, bunun ən asan, ən sadə, ən zəmanətli, ən ucuz və ən effektli resepti sivil bəşəriyyətə çoxdan bəllidir – bütün siyasi və vicdan məhbuslarını dərhal, qeyd-şərtsiz azad eləmək, ölkədə demokratik seçki ab-havası yaratmaq.

Korrupsiya ilə mübarizədən öncə elə bundan başlamaq gərəkir əslində – siyasi və ifadə azadlıqlarının, o sırada seçib-seçilmək azadlıqlarının bərqərar edilməsindən. Bu, olacaqsa, demək, bütün hakimiyyət qolları – Ali İcra hakimiyyəti, parlament, məhkəmələr və hətta “4-cü hakimiyyət” sayılan mətbuat tam müstəqil olacaq.

O zaman görüm hansı oliqarx, məmur, biznesmen deputat öz həyatı ilə riskə gedib kirli əməllərlə, korrupsiya və inhisarçılıq kimi ağır cinayətlərlə, milli sərvətləri talamaqla məşğul olacaq. Demokratik ölkələrə yerli-dibli xas olmayan Korrupsiya ilə Mübarizə İdarəsi də gedəcək öz işinin dalınca, çoxsaylı işçiləri ilə birgə ləğv ediləcək – büdcə bu yandan da qazanacaq. Ən başlıcası, mal-xidmətlərin, ərzağın qiyməti 2-3 dəfə aşağı düşərək təbii həddə qərarlaşacaq. Necədi?

***

Bura kimi nəzəriyyə, resept idi. Bir iş var ki, bu reseptin tətbiqi üçün əlahəzrət xalq da iradə göstərməli, hərəkətə keçməlidir. Zira, demokratiyanı, yaxşı və firavan həyatı hələ heç kim heç bir xalqa nimçədə gətirməyib. Xalq passiv, tənbəl, öz taleyinə laqeyd olanda isə nimçədəki cənnət həyat yalnız oliqarxlara, oliqarxik rejimə nəsib olur. Azərbaycandakı kimi.

Hər kəs öz yaşayışına layiqdir. Layiq olmayanlar ayaqda olur.