Nə qədər düşünsəm də iqtidarın Avropa Oyunlarına görə canfəşanlığının səbəbini anlamıram. Tutaq ki, bununla öz hakimiyyətlərini 4-5 nəfər yoluğun qabağında reklam edəcəklər. Belə şeylər hakimiyyətdə uzun müddət qalmağa qarantiya vermir. Bəlkə avropalı lotular neft pullarını bizim səfehlərdən aldadıb qopartmaq üçün bu proyekti fikirləşiblər? İspan konkistadorlar vaxtilə Amerikada yaşayan hindu qəbilələrinə ucuz muncuqlar verib qızılları aldıqları kimi.
“Azərbaycanı dünyada tanıdırıq” arqumenti də boş şeydir. “Evrovizqon”da tanıtdıqlarınızdan nə xeyir gördük? Bəlkə bir neçə dövlət uydurma erməni soyqırımını tanımaq qərarını geri oxudu? Hər halda, bu karikatur tədbirə hökumətdəki böyük marağın heç bir məntiqi, elmi izahı-zadı yoxdur. Prinsipcə, izah gözləməyin özü mənasızdır, çünki avtoritarizm mahiyyətcə anomaliyadır, bütün cəmiyyət və təbiət qanunlarına, evolyusiya və tərəqqiyə ziddir.
Həmişə Latın Amerikasındakı banan respublikaları, hərbi diktaturalar haqda romanlar oxuyanda ordakı əcaib işlərə gülərdik. İndi bunlar bizim öz başımıza gəlir, özü də real hadisələr şəklində. Bu həftə “Yeni Müsavat” Bayıldan bir fotoreportaj vermişdi: ordakı həyət evlərini Avropa Oyunlarına gələnlər qıraqdan baxanda yaxşı görsün deyə damları qırmızı, divarları isə ağ rəngdə boyayırmışlar. Amma qırmızı rəng ucuz, keyfiyyətsiz imiş – yəqin yeyinti ediblər – nəticədə arada yağış yağanda damlardan qırmızı su axıb camaatı bulayırmış. Adamların saçı qırmızı olubmuş. Nə gözəldir… Elə bil Avropa Oyunları münasibəti ilə saçına həna yaxırsan.
Məncə, bu tədbir azdır, Xəzər dənizinin Bakı bulvarına düşən hissəsini də mavi boyamaq lazımdır. Yoxsa xaricilər dənizin o yerini çox çirkli görüb respublikamız haqda mənfi düşünərlər. Böyük ehtimalla 100 ton mavi sulu boya bu problemi aradan qaldırar. Ancaq hər halda, İqtisadi İnkişaf Nazirliyi hesablama aparsın, Bakı buxtasını maviləşdirmək üçün hər kub suya neçə qram rəng lazımdır, bunu dəqiqləşdirsin. Onsuz başqa işləri yoxdur, avaralanırlar.
Havadan ağ bulud formalı şarlar asmalıyıq, çünki bəzi idmançılar yayın istisinə dözməyəcəkdir. Xüsusən açıq hava stadionlarının, velosiped yarışı yollarının üzərində belə süni buludlar lazımlıdır.
Avropa Oyunları münasibəti ilə modern, bahalı təcili yardım helikopterlərinin gətirilməsi də diqqət mərkəzindədir. Camaat avamlıqla soruşur ki, bəs bu helikopter indiyə qədər niyə gətirilmirdi, biz adam sayılmırıq? Biz hardasa yıxılıb öləndə, tıxacda qalıb yaramızın qanı axanda hökumət uçan yardım maşınına niyə ehtiyac duymurdu?
Əlbəttə, bunlar ritorik suallardır, siz gedin qarnınızı qaşıyın. Bu hökuməti siz seçməmisiniz, sizə də heç bir borcu yoxdur. Mənim bu məsələdə mövqeyim ayrıdır: helikopterləri sınaq uçuşlarında yoxlamağı təklif edirəm. Gəlin gedək stadionlarda qılçımızı qıraq, özümüzü təpəsi üstdə tramplindən susuz hovuza buraxaq, nə bilim, canım sənə desin, velosipedlə Qəbələ dağlarından dərəyə yuvarlanaq. Sonra baxaq görək helikopter özünü vaxtında yetişdirə bilirmi. Yoxsa sonra yarış vaxtı biabır olmayaq. Arada bir neçə nəfərimiz bu yolda şəhid olsa belə vətənə xidmət naminə dözməliyik.
Bilet məsələsi ilə bağlı idarə və müəssisələrdən xahiş məktubları, teleqramlar var, onları da təşkilat komitəsinə çatdırmaq borcumuzdur. Camaat xahiş edir ki, onlara daha çox bilet satılsın, bəziləri “Evrovizqon” vaxtı az bilet almasından şikayətçidir. Bu sırada xüsusi qeyd edə bilərik Zəngilan Rayon İcra Hakimiyyətini, Füzuli rayon Qaçqınkomun idarə heyətini, Bakının Səbayel, Yasamal, Binəqədi rayon məktəblərinin müəllim kollektivini, 4 nömrəli xəstəxananın həkimlərini, Sabunçu polisini, Mətbuat Şurasını və sairə. Adamlar həsrətlə bilet gözləyirlər.
Başqa kimə bilet lazımdırsa mənə yazın, əlaqələndirim.