İşğalçı Ermənistan daşları vaxtında ətəyindən töksəydi, Azərbaycan, Türkiyə, Gürcüstan əleyhinə əsassız ərazi iddialarında bulunmasaydı, qonşu müstəqil ölkələrə qarşı Rusiyanın əlində maşaya çevrilməsəydi, indi şübhəsiz, özü güvəndə, əhalisi rifahda olan, çiçəklənən məmləkət idi. Bunu adi riyazi, siyasi məntiq diktə edir.
Nə yazıq ki, özünü böyük güclərin çətiri altına verən və bu səbəbdən qonşularını asıb-kəsən, güclünün yanında böyük görünməyə çalışan mənfur qonşulara belə şey hələ çatmır. Onlar hələ də başından böyük, sərsəm və irreal iddialarla yaşayır, əllərində alətə çevrildikləri Rusiyanın, Qərbin, Amerikanın, ABŞ Konqresinin köməyi ilə mistik hədəflərinə çatmağa ümid edirlər.
Ancaq 100 ildir dünya, 70 ildir isə BMT bu iddiaları ciddiyə almayıbsa, qardaş ölkəyə qarşı hansısa tədbir görməyibsə, tələblər irəli sürməyibsə, bundan sonra sürüləcəyi də mümkün görünmür. Elə o səbəbə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən bir daha erməni toplumunu gerçəkçi olmağa, nə qədər gec deyil, sağlam şüurun diktəsi ilə hərəkət etməyə səsləyib. “Ey erməni diasporu, ey Ermənistan rəhbərliyi, gəlin, buyurun, bu, bizim arxivlərimiz. Sizin nə qədər sənədiniz var?
Çıxarın sənədlərinizi, tarixçilərinizi, danışsınlar”, – deyə növbəti dəfə problemi aradan götürməyin ən optimal, ən ədalətli yolunu təklif edib o.
Erməni başbilənləri isə hələ ki “kim nə çalır-çalsın, biz ”Heyvagülü” oynayacağıq” məntiqinə üstünlük verib də ağlasığmaz isterika ilə saxta “genosid” iddialarının 100 illiyinə hazırlaşırlar. Əslində isə yenə özlərini aldatmaqla məşğuldur.
Çünki dünyanın uydurma erməni məsələsinə münasibəti 24 aprel 2015-ci ildən sonra da dəyişməz qalacaq. Bunu da adi siyasi, riyazi məntiq pıçıldayır…
Hərçənd, realist düşünən erməni ziyalıları da var. Türkiyə baş nazirinin erməni müşaviri Etyen Mahçupyan kimi, 1994-97-ci illərdə Ermənistan prezidentinin baş məsləhətçisi olmuş Jirayr Liparityan kimi.
“Ermənistan Türkiyəni duelə çağırır, halbuki bizim müstəqilliyimizə təhlükə Rusiyadan gəlir”. Bu sözlər Liparityana məxsusdur. “Biz SSRİ-dən ayrılaraq müstəqilliyimizə qovuşmuşuq. Ancaq özümüzü elə aparırıq, sanki Türkiyənin tərkibindən çıxmışıq. Xarici siyasətimizdə əsas xətti Türkiyəyə əlcək atmaq üzərində qurmuşuq. Ancaq suverenliyimiz üçün Rusiya təhlükəsi var. Biz kiçik addımlarla Rusiyaya öz müstəqilliyimizi təhvil verməkdəyik. Bu cür siyasət yaramaz” – qeyd edib sabiq müşavir.
ABŞ-ın Miçiqan Universitetinin professoru Ermənistan hakimiyyətini qondarma soyqırımının təbliğatı üçün çox canfəşanlıq etməkdə də günahlandırıb. Sitat: “100 illik tədbirlər keçirməkdənsə, hakimiyyət xalqa, dövlətçiliyə qoyduğu hörməti bir qədər artırsa daha yaxşı olar. Belə siyasət bizim əhalinin həyatına mənfi təsir edir. Məsələlərə belə köndələn yanaşmaq əleyhimizədir ” – vurğulayıb Liparityan.
Xatırladaq ki, ötən il o, erməni xalqını və dövlətini Xocalı soyqırımına münasibətə görə tənqid eləmiş, həqiqəti etiraf eləmək üçün erməniləri özündə güc tapmağa çağırmışdı. Liparityan təxminən belə fikir söyləmişdi ki, “soyqırıma məruz qaldığını deyən xalq soyqırıma imza atmaz”.
Xocalıya görə isə bir vaxt Ermənistanla yanaşı, Rusiya da mütləq cavab verməli olacaq. Çünki söhbət artıq gerçək genosiddən gedir – əgər təbii ki, Rusiya arxasından çəkiləndən sonra Ermənistan dövlətindən bir şey qalsa.
Məsələ də ondadır ki, Moskva dövlət olaraq heç vaxt Ermənistanın qarantı olmayıb, olmayacaq da. Rusiya Ermənistanı ilk əlverişli fürsətdəcə siyasi bazarlığa çıxarıb satacaq. Satılmamaq, dövlət olaraq müasir dünyanın geosiyasi xəritəsindən silinməmək üçünsə bir yol mövcuddur – erməni xalqının və dövlətinin əsl təhlükəsizlik və mövcudluq qarantı olan Türkiyəyə sığınmaq. Hələ gec deyil.