Boris Nemtsovun qətlində “günah keçisi” gözlənildiyi kimi, qısa zamanda tapıldı. Elə də oldu – siyasətçiyə sui-qəsdi qeyri-siyasi amilə, “islam” faktoruna bağladılar. Bu versiyanı ağlabatan və inandırıcı eləmək üçün üstəlik, “Şərəf” ordeni qarşılığında marionet Ramzan Kadırova müvafiq bəyanat da verdirdilər.
Beləcə, siyasi tamaşanın bədii-nəzəri hissəsi tamamlandı. Bundan sonrası üçün fal açmağa lüzum qalmır. Yerdə qalan bədii-praktik hissəsini Kremlin siyasi texnoloqları və PR-şikləri dəfələrlə təcrübədən keçiriblər – həm də uğurla…
***
Sən demə, Boris Nemtsov Ukraynanın yarısını işğal edib öz xalqını böyük məhrumiyyətlərə soxmuş Putin rejiminin deyil, islamın düşməni imiş. Guya Nemtsov Parisdə öldürülən karikaturaçıları müdafiə elədiyi üçün radikal “islamçıların” qəzəbinə gəlibmiş.
Bəllidir ki, “Charlie Hebdo” redaksiyasına hücumu “əl-Qaida”çılar təşkil və icra edib. Demə, bu terror aktı bir vaxt Kremlin də karına gələcəkmiş.
Sual da elə burdan doğur ki, görəsən Parisdə redaksiyaya hücum olmasaydı, Nemtsovun qətlini hara, kimə bağlayacaqdılar, qanını necə batıracaqdılar?
Söz yox ki, dərhal arsenaldakı başqa ehtiyat variantlar işə düşəcəkdi.
***
Bu yerdə Rusiya əleyhinə casusluqda ittiham edildiyi üçün London kafesində zəhərləndirilərək öldürülən keçmiş kəşfiyyatçı Aleksandr Litvinenkonun hekayəti yada düşür. İngiltərə xəfiyyəsinin məlumatına görə, Litvinenkonun aradan götürülməsinin əsas səbəbi həm də onun Rusiya iqtidarı ilə “əl-Qaida” arasında əlaqələrini sübut edən faktları açıqlamaq istəməsi olub.
Yəni yenə “əl-Qaida”…
İkinci diqqətçəkən məqam Litvinenkonu zəhərləyən rus kəşfiyyatçılarının az öncə Kadırov kimi Rusiyanın dövlət mükafatlarına layiq görülməsidir (Bəllidir ki, çoxsaylı dəlil-sübutlara rəğmən, rəsmi Moskva onları London istintaqçılarına təhvil verməkdən sonadək imtina edib və buna görə iki ölkə arasında münasibətlər hətta sərinləşib, üstəlik, Ukrayna məsələsində Putini ən sərt tənqid edən, sanksiyaları sərtləşməyin tərəfdarı olan dövlətlərdən biri və birincisi İngiltərədir)…
***
Təsadüfmü bütün bunlar? Belə görünür, “əl-Qaida”, İŞİD dünyanın siyasi gündəmindən çıxsa da, bəzi zirək dairələr onların “ölüsü”ndən belə istifadə edəcək…
Nemtosvun qanı isə artıq batırılmış hesab oluna bilər. Ta o vaxtadək ki, Rusiyada hakimiyyət, daha doğrusu siyasi sistem dəyişəcək. Ancaq Rusiya daha bir hakimiyyət (sistem) dəyişikliyinə tab gətirəcəkmi, yoxsa Putin erasının sonu ilə Rusiya imperiyasının da sonu gələcək?
Bəzi təhlilçilər məhz o qənaətə kökləniblər ki, böyük qanlar bahasına olsa belə, Rusiya Qərblə sonuncu davadan qalib ayrılmayacaq və Rusiyanın parçalanması qaçılmaz hala gələcək. Belə proqnozla ABŞ-ın “kölgə kəşfiyyatı” olan “Stratfor” analitikləri də az əvvəl çıxış ediblər. Onlar Rusiyanın yaxın 10 ildə dağılacağını arqumentlərlə əsaslandırıblar.
Bu arqumentlərin başında isə əlbəttə ki, Vladimir Putinin aşırı hakimiyyət hərisliyi, Rusiya imperiyasını, onun ərazilərini zor-xoş qonşu və suveren dövlətlər hesabına böyütmək yanğısı dayanır. Müyəssər olacaqmı?
Çətin məsələdir. Çünki şar da partlamamışdan qabaq yaxşıca şişir, genişlənir, böyüyür…
***
Hələliksə, cənab Putin əsas siyasi rəqiblərini müxtəlif yollarla, başqalarının əli ilə bir-bir dənləməklə məşğuldur. Bu yolda müsəlmanların adını bədnam eləməkdən belə çəkinmir.
Doğrudan da, Rusiyanın şanlı KQB-si, çekistləri üçün siyasi mübarizədə bütün variantlar məqbul imiş, hədəf vasitəyə haqq qazandırırmış.
Bu günə başqa bir sual yalnız odur ki, Nemtsovdan sonra növbə kimindir?