Cəsur hakimiyyətimiz Amerikaya qarşı müharibəni tam sürətlə aparır, hətta yankilər qorxularından bura səfir də göndərə bilmir, ola bilsin səfirliyi ümumiyyətlə bağladıq. Ramiz müəllimin qəhrəmancasına yazdığı 630 səhifəlik anti-Amerika məqaləsindən dərhal sonra təşəbbüsü Zakir müəllim ələ aldı, radionun əsas əməkdaşı, bir növ, tabor komandiri Xədicə İsmayıl tutuldu. Bundan sonra bir qədər mövqe döyüşləri aparıldı, kəskin bəyanatlarla cəbhə xəttinin bəzi hissələrində atəşkəs pozuldu.
Nəhayət, hüquq-mühafizə orqanlarımız artilleriya hazırlığından sonra kəskin hücuma keçərək Amerikanın ölkəmizdəki əsas anklav-bazalarından birini – “Azadlıq” Radiosunun ofisini peçatladılar. (Əslində bunu bizim dildə “möhürlədilər” yazmalı idim, ancaq hiss elədiyiniz kimi, peçatlama daha ağır, qanlı-qadalı, döyüşkən səslənir).
Hazırda prokurorluq və polis dənləmə əməliyyatları aparırlar – radio bağlanandan sonra şəhər daxilindəki müəyyən qaranlıq küçə və dalanlarda, çardaq və zirzəmilərdə gizlənən radio işçilərini tapıb əsir götürürlər. Bu zaman kimsəyə aman verilmir, hətta radionun süpürgəçisini də prokurorluğa aparıblar.
Çünki Amerikanı özbaşına qoymaq olmaz! Planetdə bunları bir durduran olmalı idi, ya yox? Sizi inandırıram ki, hal-hazırda Yer kürəsinin bütün əzilən xalqları – Venesuelada Uqo Çavesin uşaqları, Şimali Koreyada Kim İn Bok U, Nikaraqua meşələrindəki sandinistlər, Suriyada Bəşər Əsəd, İranda Məhmud ağa Qumi, canım sənə desin, Rusiyada Putin, Belorusiyada Batka, Tora-Bora mağarasından rəhmətlik Bin Ladenin 14 arvadı və 156 yetimi gözlərini Azərbaycana dikibdir, uca millətimizin imperialist Amerika üzərində tam və qəti qələbəsini böyük ümidlə gözləyirlər.
Düzdür, bəzi adamlara elə görünə bilər ki, Amerika Azərbaycana heç fikir vermir, onun hədəfləri qat-qat böyükdür, Azadlıq Radiosunun Bakı ofisini bağlamaq, üç-dörd jurnalisti tutmaq ağcaqanadın filin yumurtası üzərində gəzişməsi kimi bir şeydir. Vaxtilə elə adını çəkdiyimiz Bin Laden Amerikanın bir neçə səfirliyini partlatmışdı, lakin təyyarələri Nyu-Yorka, Pentaqona-filana çırpmayana qədər Amerika onu elə bil ki heç görmürdü.
Ancaq belə fikirlər boş şeydir. Çünki boş şeydir, daha nə yazaq? “Azərbaycan mayası nur, qayəsi nur ki, Hər daşından alov dilli ox ola bilər!” – şair belə yazıb. Bax, həmin alov dilli oxları Vaşinqtona tuşlasaq, bir sağ adam çıxmaz, hamısı xaş dırnağı kimi ütülər. Biz dünyanın möcüzəsiyik, Səyavuş Ağamalı demişkən. Bizim vurduğumuz adam qalxmır. Məsələn, “Sovetski”də nə qədər bina sökmüşük.
Eyni zamanda, bizim Amerikaya qarşı savaşımız ədalətin bərpası, ərazi bütövlüyümüzün təmini, Topxana meşəsinin təzədən cücərməsi, Qarabağın geri alınması üçün də bir plandır. Bu, o qədər uzaqgörən plandır ki, bunu nə Bzejinski, nə Fukuyama, nə Vəfa Quluzadə, nə Azər Həsrət görə bilməzdi. Görsə-görsə ancaq Ramiz müəllim görür, öz məqalələrində yazır.
Söhbət nədən gedir? Məsələ ondadır ki, hətta onbirdədir ki (Amerikanı udandan sonra hər kəs şit zarafat edə biləcək), bizim torpaqları işğal edən ermənilərin ən güclü lobbisi Amerikada yaşayır. Biz Amerikanı diz çökdürəndə həmin lobbi də çökəcək, gedib Qafanda, Basarkeçərdə, Vedidə, İrəvanda YAP-ın emblemindəki ağacdan əkəcəyik.
“Azadlıq” Radiosunun ofisinə, əsir götürülən işçilərinə gələndə, bunlar da hamısı uyğun, səmərəli istifadə ediləcək. Ofisdə restoran açılacaq, özü də amerikanların göbək şişirdən iyrənc fəst-fud yeməkləri yox, xaş, yayma xəngəl, sarı gəlin dolması kimi milli, vətənpərvər, gözəl, nəfis xörəklərimiz bişiriləcək. Jurnalistlər də istəsələr o restoranda ofisiant işləyib xalqımıza fayda verərlər. İstəməsələr də ağa durur, ağacan durur, Kürdəxanı durur…