Medianews.az
Rüşvət bol olarsa basılmaz vətən!
787 baxış

Rüşvət bol olarsa basılmaz vətən!

zamin yeni raz Bu günlərdə kimsə Sumqayıt şəhərinin girişinə yekə hərflərlə tarixi bir şüarımızı həkk eləmişdi: “Rüşvət verməyənə çörək yoxdur”. Hökumət qüvvələri təcili tökülüb gəliblər, öncə şüarı polietilen örtüyə bürüyüblər. Yazı uzun, pozulması çətin boya ilə yazıldığından gizlətməyə məcbur olmuşdular. Mən bu gülməli “hicab” aksiyasının fotosuna baxdım. Sanarsan kiminsə heykəlini açılışa hazırlayırdılar. Lent kəsiləcək, qayçı podnosa qoyulacaq, örtük salınacaq və möhtəşəm rüşvət abidəmiz ortaya çıxacaqdır!.. Ancaq deyilənə görə, JEK-MEK işçiləri yazını böyük əzmkarlıqla siliblər, hazırda abidə yoxdur. Mən hakimiyyət tərəfindən incəsənətə bu cür vandal münasibəti pisləyirəm. Elə gözəl sözləri silənin əli qurusun! Bəyəm Azərbaycanda rüşvətsiz nəsə həll olunur? Çörək yemək istəyirsənsə, sənə çörək verənlərin haqqını ödə - deputat Qalib Salahzadə də yaxında bu mövzuya toxunmuşdu, indiyə qədər hansı prezidentlərin çörəyini yediyini açıqlamışdı. Belə şüarları artırmaq, kitab-dəftərə, dərsliyə salmaq əvəzinə silirlər. Nəticədə camaatda respublikamız haqda yanlış təsəvvürlər yaranır, elə sanırlar bizdə də Almaniyada, Amerikada, Britaniyada olan, insan haqlarını pozan, iqtisadiyyatı dağılmış bir quruluş var. Biri Binədə küçəyə abadlıq istəyir, başqası Binəqədidə yolu sudan təmizləməyə çağırır. Hətta görün anarxiya necə vüsət alıb ki, Müsavat Partiyasından siyasi dustaq Yadigar Sadıqov 4 illik həbs cəzasının üçdə birini “yatdıqdan” sonra cəzasını yüngülləşdirmək üçün hökumətə müraciət yazmışdı! Ədliyyə Nazirliyi də ona qəşəng cavab verdi, dedilər bütün günü kitab oxuyan dustaq yüngülləşmə hüququndan məhrumdur. Düzgün adam bizim respublikada kitab oxumaz. Kitab oxumaq insana hərtərəfli ziyandır, həm göz xarab olur, həm baş xarab olur... Rüşvət verin, düzəlsin - ayrı yolu yoxdur. Qarabağ savaşında həlak olan 13500 əsgərimizin hər birinin ailəsinə qanunla 11 min manat həyat sığortası pulu ödənməlidir. Bunun üçün cəmi-cümlətanı 148,5 milyon manat lazımdır. Yapistlər hər il bundan qat-qat artıq pulları “Dəymədağıldı-Soğanverdilər-Yuxarı Fındıqburun avtomobil yolunun müasir işıq dirəkləri və sulu akvarel boyası ilə rənglənməsi” tipində idiot, kimsəyə lazım olmayan, bir yağışla sıradan çıxan proyektlərə ayırırlar, basıb yeyirlər. Ancaq əsgərin qan pulunu qıyıb vermirlər. Çünki Vətən uğrunda canını vermək ayrı, nazirliyin rüşvətini vermək ayrı maddədir. Kimsə deyə bilər ki, əgər o tip qanunlar, ödəmələr deputatlara, nazirlərə, Prezident Administrasiyası işçilərinə aid olsaydı çoxdan büdcədə həllini tapardı, hətta ikiqat-üçqat pullarını alardılar; bəs bunlar niyə rüşvətsiz həll edilir? Yanlış mövqedir. Onlar həmin statusları, vəzifələri əldə edənə qədər min cür yollardan keçirlər, min cür rüşvət verirlər. O cümlədən, alırlar. Əks halda çörək çətin olardı. Misal üçün, elə manıslar var klipi də çıxmayıb, ancaq yaltaqlıq elədiyi üçün artıq xalq artistidir. Başqa manıs isə toyların kralıdır, amma heç prezident təqaüdü də almır, çünki vaxtında yalmanmayıb. Filosof Sokrat demişkən, verdiyin sənindir. Dahi şairimiz Fokrat Qoçaq da bu mövzuda yaman yazıbdır: “Verməyənlər bilməz bizi, Verənlərə salam olsun!” Yazını isə uzaq Amerikada, Texas ştatında lobbi qayırmaq işində can qoyan bir dəyərli həmyerlimizin məktubu ilə bitirirəm: “2-3 həftə qabaq bir tanış zəng eləyib, deyir hamı yığılıb Hyustondakı Ata Corc Buş adına parka, sən hardasan, tez dur gəl, kollektiv bayram eləyirik, kabab çəkən, araq içən, sağlıq deyən, diaspora, ağacda bayraq, milli musiqi, nərd-domino, facebookda şəkillər, filan-beşməkan... Dedim gecdi, siz orda qeyd edib qurtarandan sonra bizə gəlin, samovar çayından konyaka qədər hər şey təşkil edəcəyəm. Nəsə, gəldilər, ləbləbi, konyak, paxlava kimi şeylərlə bayramın üstünü düzəltdilər. Arada da mənə sataşırlar ki, niyə parka gəlmədin, milli bayrama hörmətsizlik edirsən və s. Mən də az qala boynuma alırdım, birdən soruşdum: ”Heç bilirsiniz bu gün nə bayramıdır?" Biri qurtuluş dedi, ayrısı dirçəliş, hətta oktyabrın ortasında 28 may bayramı deyən də oldu! Mən isə onların yadına saldım ki, bu, 17 oktyabr Müstəqillik günü bayramıdır!" Yanlış oxumadınız. Pulunu verəndən sonra hər gün bayramdır. 17 oktyabr bayramınız qutlu olsun!

Bizə qoşulun