Medianews.az
Müsavatın “klassiki” və “islahatçısı”
699 baxış

Müsavatın “klassiki” və “islahatçısı”

zahid yeni razmer

Və ya emblemdəki kimi, dağ dağa niyə arxa olmasın ki?

Müsavatda qurultay sonrası siyasi qovğa davam edir. Nəsə məsələ çox uzandı deyəsən. Vəziyyətdə ən xoşagəlməz məqam isə şərti desək, tərəflərdən birinin digərini Müsavatçılıq ideologiyasına yetərli sədaqət daşıyıcısı olmamaqda və partiyanı inhisara almaqda ittiham eləməsidir. Digər tərəfin də özünəməxsus  arqumentləri var və hətta daha sərtdir – “dolayısyla hakimiyyətin planlarına işləmək...”
Hər iki “ağ-qara” yanaşması sözsüz ki, ifrat olmaqla yanaşı, Müsavatın adına, nüfuzuna, tarixi missiyasına xələl gətirir. Odur ki, bir an öncə çəkişmələrə son verilməsi praqmatik və ağıllı gediş olardı. Xüsusən də narazı qrupun genişürəklilik göstərməsi, situasiyaya daha qlobal yanaşması gərəkir. Ötən yazılarımızın birində vurğulamışdıq, Azərbaycanın hazırkı qəliz durumunda Müsavat kimi müxalif partiyaya başqan olmaq hansısa üstünlük vermir, əksinə - əlavə məsuliyyət yaradır.
Arif Hacılı Müsavatın əbədi başqanı olan deyil. Bu statusu İsa Qəmbər çapında nüfuzlu və xarizmatik siyasətçi qazana bilməyibsə, digərləri də qazanmayacaq. Zatən, heç Arif bəy də buna can atmaz – burası dəqiqdir. Elə isə bu gün cəmi 40 yaşı olan iddiaçılar öz əvəzsiz potensiallarına əmindirlərsə, nədən təlaş içindədirlər? Axı, tezliklə yaxşı nə paylanacaq ki, “ondan ən çox Arif Hacılının adamları”na  pay düşəcək görəsən?!
Bu mənada praqmatik yanaşma həm də onu diktə edir ki, demokratik seçkidən (hər halda iddiaçıların hamısı bunu etiraf edib) qalib ayrılmayan əsas iddiaçı öz siyasi bioqrafiyasında qurultay səhifəsini dərhal çevirsin və doğrudan da partiyada əvəzsiz fiqur, başqanlığa daha layiqli namizəd olduğunu təsdiqləməkdə davam eləsin.
Ciddi siyasətçi bunu həm də rəqibə səs vermiş sıravi müsavatçıların mövqeyini tədricən öz xeyrinə dəyişmək, onların rəğbətini qazanmaq maninə etməlidir. Axı, güclü siyasi xadim rəqibi neytrallaşdıran, yaxud onu dost-müttəfiqə çevirəndir. Toleyranın məşhur ifadəsi niyə unudulur: “Düşmən-rəqiblərin sayını artıran siyasət yaxşı siyasət deyil”.
Əks halda, fors-major vəziyyətdə elə ola bilər ki, bu günün əsas iddiaçısı heç ötən dəfəki səsləri də qazana bilməz. Unutmayaq ki, əksər müsavatçılar Qubad bəyə ona görə səs verməyiblər ki, seçkidən qalib çıxmayacağı təqdirdə partiyadan ayrılsın, Müsavat parçalansın, ya tutaq ki, Müsavat (islahatçılar) partiyası yaratsın, yerdə qalanlar isə Müsavat (klassiklər) kimi tanınsın. Yəni faktiki partiya parçalanmış duruma gəlsin, vaxtilə AXCP-nin durumuna düşərək quruca ad uğrunda ölüm-dirim savaşı başlasın.
Qətiyyən. Biri elə Tofiq Yaqublunun qızı Nigar Yaqublu. Bu mövqeyi o, kifayət qədər aydın ortaya qoyub. Eləcə də digər tanınmış və tanınmamış müsavatçılar onlar üçün konkret olaraq “qırmızı xətt”in olduğunu bəyan ediblər.
Bu mənada Müsavat adına təbliğati sabotajlara nə qədər tez son verilsə, bir o qədər hamı üçün və təşkilat üçün yaxşı olar. Çünki gerçək müsavatçı, Məmməd Əmin Rəsulzadə yolunun layiqli davamçısı “Müsavatın bir seçkilik canı varmış” kimi olduqca zərərli və nə özünə, nə Müsavata, nə də narazı topluma xeyri olmayan fikirlər formalaşdırıb, partiyanın əzəli və əbədi düşmənlərini, rəqiblərini sevindirməz.
Bir də görünür, kimlərsə illüziyaya qapılır. Hər halda,  hələ heç kim Müsavatdan ayrılıb yaratdığı təzə partiyada Müsavatdakı qədər böyük, nüfuzlu görünə bilməyib – o partiyanın sədri olsa belə. Xırdalamaq istəmirik, ortada acı nümunələr var. Odur ki, olanın qədrini bilək.
Əslinə qalsa, Müsavatın “klassiki” ilə “islahatçısı” atasında xüsusi fərq yoxdur. Onların hamısını eyni qayğılar, eyni hədəflər birləşdirir. Hamı da bildiyimiz qədər Müsavatın daha güclü olmasını arzu edir. O zaman bunu birlikdə etməyə nə mane olur? Məgər güc birlikdə deyil? Partiyanın emblemində göstərildiyi kimi, “dağ dağa arxa” olmalıdır axı?
Müsavatda isə azad və ədalətli seçkilər həmişə olub, yenə olacaq. Əsas odur seçib-seçilmək şansını itirməyəsən...

Bizə qoşulun