Yaxın Şərqdəki qanlı olayların miqyası azalmır. Əslinə qalsa, bu olayların episentri nə İraqdı, nə də Suriya, episentr Türkiyədir. Bu statusu qardaş ölkənin malik olduğu mövqenin unikallığı, Qərblə Şərq arasında həm coğrafi, həm də dəyərlər anlamında əsas körpü rolu oynaması, yeganə modern və demokratik müsəlman ölkəsi kimi NATO blokuna üzvlüyü, strateji əhəmiyyətli bölgələrin hamısına, o sırada Güney Qafqaza yaxınlığı və s. şərtləndirir.
O üzdən də regionda ekstra-ordinar hər hansı hadisə baş verən kimi ümidlər, gözlər ilk növbədə Türkiyəyə dikilir, Hamı ondan imdad, mədət istəyir, mərhəmət gözləyir, təmənnasız güzəştlər umur. İŞİD-lə bağlı böhran da istisna olmadı. Qərb (Amerika, Avropa), ərəblər, kürdlər, yezidlər, pəşmərgələr, hətta PKK-çılar qardaş ölkənin proseslərdə bənzərsiz və vazkeçilməz rolunu fərq edib, onun mövqeyindən, nüfuzundan öz xeyrinə faydalanmağa çalışır – qarşılığında sanballı elə bir şey təklif etməyərək.
Baxın, iş gör hara çatıb ki, bir neçə gün öncə PKK lideri Abdulla Öcalan da ultimativ şəkildə bəyan elədi ki, əgər Türkiyə kürdlər yaşayan həmsərhəd Kaboni şəhərinin İŞİD-çilərin əlinə keçməsinə mane olmasa, o zaman hökumətlə atəşkəs anlaşmasına son veriləcək. Halbuki, sözügedən məntəqə Suriya ərazisindədir və Öcalan xahiş-minnət etsə də, etməsə də, Ankara əlindən gələni edir ki, dinc əhaliyə qarşı qətliam baş verməsin. Həm də o səbəbə ki, Suriya və İraqdan olan qaçqınlar – ərəblər, kürdlər, yezidlər Misirə, Ərəb Əmirliklərinə deyil, müstəsna olaraq Türkiyəyə üz tuturlar və bu da ölkə üçün əlavə, ağır yükdür.
Niyə məhz Türkiyə? Suala cavab yuxarıda əsasən verildi – Türkiyə bölgə dövlətlərindən bir sıra parametrlərinə görə pozitivə fərqlənən unikal ölkədir və statusu, tarixi görəvi, missiyası da o üzdən fərqlidir. Fəqət, Türkiyə böyük və qüdrətli regional dövlət olsa da, siyasi-diplomatik resursları, iqtisadi-hərbi imkanları sonsuz deyil. Ölkənin iqtisadiyyatı, ağır hərbi sənayesi təzə-təzə sürətli inkişaf mərhələsinə qədəm qoyub və o, 2018-cü ilə dünyanın iqtisadi cəhətdən ən qüdrətli “Onluğuna” düşməyi hədəfləyib.
Ayrı sözlə, Türkiyənin özünün də bu dəqiqə köməyə ehtiyacı var. Biri elə ölkəyə pənah gətirmiş yüz minlərlə qaçqının məsələsində. Əfsus ki, Ankara rəsmilərinin də bəyan elədiyi kimi, dünya birliyi, kürd pəşmərgələrinin silahlanmasına milyardlar xərcləyən varlı Qərb qardaş ölkəni bu ağır problemlə baş-başa qoyub. Ona heç bir maddi dəstək vermir. Sanki müəyyən dairələr Türkiyəni bu yolla daxildən zəiflətmək, taqətdən salmaq, onun dəngəsini pozub inkişafdan sapdırmaq, qarışdırmaq istəyir.
Hələ üstəlik, Ankaradan İŞİD-lə mübarizədə daha fəal, birbaşa hərbi dəstək tələb edir, obyektiv səbəblərdən bu dəstək olmayanda (Ankaranın hərbi əməliyyatlara qoşulması qaçqınlar ordusunu və ölkə daxilində terror ehtimalını əhəmiyyətli miqyasda artıra bilər), Türkiyə haqda şayiələr, böhtanlar uydururlar. ABŞ-ın vitse-prezidenti Co Bayden timsalında onu hətta terrora doyasıyla dəstək verməkdə ittiham edirlər.
Nə boyda ədalətsizlik! Türkiyəni – bölgədə terrorun altını hamıdan çox çəkən, hazırkı böhranın ən ağır yükünü daşıyan dövlətə qarşı belə absurd ittihamı dilə necə gətirmək olur görəsən? Türkiyə azacıq terrora dəstək versə, region, dünya bilirzismi nə günə düşər?
Doğrudur, prezident Rəcəb Tayyib Ərdoğanın, baş nazir Əhməd Davudoğlunun sərt təpkisindən sonra cənab Bayden üzrxahlıq edib, amma nə xeyri? Qərbin Türkiyənin dəyərinə, avtoritetinə adekvat olmayan ədalətsiz yanaşması davam edir. Bilə-bilə ki, bu dövləti, onunla müttəfiqliyi gözardı eləmək heç vaxt mümkün olmayacaq. Əks halda, o boyda dövlətin ikinci şəxsindən dərhal üzrxahlıq gəlməzdi ki…
***
Heç bir quşqu yox ki, İŞİD böhranı – XXI əsrin ən böyük bəlası da məsləyə Türkiyənin real müdaxiləsi olmadan yoluna qoyulmayacaq. Məhz Türkiyənin “sarğısı” və “məlhəmi” ilə daha bir irinli “yara” bağlanacaq. Elədisə, bu mühüm ölkəni incidib lüzumsuz yerə qınaq hədəfi eləməyə nə hacət? Türkiyəni itirmək qazanmaqdan asandır təbii ki. Ancaq itiriləcək tək Türkiyə olmayacaq…