Ermənistanda “Bir erməni, bir məqalə” kampaniyası başlayıb. “BBC News” yazır ki, Ermənistan prezidenti bu yolla Ermənistana turist və investisiya cəlb etmək istəyir.
Ermənistanda başlanan bu kampaniyanın məqsədi xaricdə və daxildə yaşayan hər erməninin bir məqalə yazmasıdır ki, xaricilərdə Ermənistan haqda müsbət anlayış olsun.
BBC-nin müxbiri bunu öyrənməyə çalışıb: adamlar Ermənistan haqda nə bilir?
Yayda Londona gələn turistlər çox olur. Müxbir elə onlardan soruşub.
Səudiyyə Ərəbistanından olan ər-arvaddan Ermənistan barədə soruşulanda onlar deyiblər ki. Ermənistan adında ölkə eşidiblər. Ancaq bircə onu bilirlər ki, bu, hardasa Asiyadadır.
Danimarkalı qadın deyib ki, Danimarkada heç vaxt Ermənistan barədə eşitməyib.
Ən maraqlı cavabı bir amerikalı verib. O deyib ki, Ermənistan barədə bircə onu deyə bilər ki, orda “ bütün adamların adı …yan ilə bitir”.
Onun xanımı jurnalistə deyib ki, ərinin bilikləri porno ulduz Kim Kardaşyan haqda bilgilərinə əsaslanır.
Müxbir Londona gələn onlarla turistlə danışıb. Onlardan yalnız biri Ermənistan haqda ətraflı danışa bilib. Bu da Parisdən olan qadın olub. O, İrəvanda olduğunu da deyib. Deyib ki, “bu, balaca ölkədir, əhalisi də çox əziyyət çəkib”.
BBC məlumat üçün yazır ki, Ermənistanla bağlılığı olan məşhurlar var – bunlar amerikalı müğənni Şer, tennisçi Andre Aqassi, milyarder Kirk Kirkoryan və “Apple”ni yaradan Stiv Cobsdur (S.Cobsla bağlı onu qeyd edək ki, bioloji mənşəcə onun ermənilərlə bağlılığı yoxdur. Onun atası Suriyanın Homs şəhərindən olan Abdulfattah adında ərəb olub. Stivi övladlığa götürən Cobs ailəsində isə analığı – Klara Cobs (Akopyan) amerikalı erməni olub-“Azadlıq” radiosu).