Medianews.az
CNN İŞİD-ın girov siyasətindən yazdı ... (video)
191 baxış

CNN İŞİD-ın girov siyasətindən yazdı ... (video)

img1629339

“Qərb vətəndaşlarının ölümü dünyada böyük rezonans doğurur”

“İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı amerikalı jurnalistlər Ceyms Foleyin və Stiven Sotloffun başını kəsdi. Növbə Böyük Britaniya vətəndaşı Devid Heynsona çatmaqdadır.  Son məlumatlara görə amerikalı jurnalistlərin dəhşətli şəkildə öldürülməsi İŞİD-ın görovluğunda olan Qərb vətəndaşlarının yaxınları arasında qorxu hissini daha da gücləndirib.
“CNN” İŞİD-ın görovluğunda nə qədər jurnalistin olmasını araşdırıb. Məlum olub ki, İŞİD bu qəddar ölümlərlə Amerikanın  hava hücumlarının qarsısın almağa çalışır. Ancaq o da məlumdur ki, ABŞ terrorçularla danışıqlara getmir, öz vətəndaşının azadlığı üçün terrorçulara xərac vermir, həbs etdiyi terrorçunu Amerika vətəndaşı ilə dəyişmir. Bir sıra Avropa ölkələri isə terrorçularla anlaşmaq üçün ciddi güzəştlərə gedirlər...
“CNN” deyir ki, İŞİD hər gün onlarla yerli sakin öldürür. Ancaq Qərb vətəndaşlarının ölümü dünyada böyük rezonans doğurur. İŞİD bundan yararlanmağa çalışır. Və bu ölümlərin fonunda öz təbliğatını aparır.
Telekanalın terror üzrə analitiki Paul Kruikşank deyir ki, öldürmə metodu İŞİD üçün xüsusi məqsəd daşyır. Məsələn, Stiven Sotloffun başını kəsilməsi ilə bağlı video-görüntülərin yayılması İŞİD tərəfdarlarını daha da ruhlandırır, sanki onlara qol-qanad verir. İŞİD öz düşmənlərini belə dəhşətli ölümlərlə qorxu işində saxlamağa can atır.
Bu işdə Qərbdən olan girovlar, çox vaxt isə jurnalistlər və ya yardım təşkilatlarında çalışanlar alətə çevrilirlər. Ona görə də onları uzun müddət girov saxlayırlar, bəzilərinə görə xərac alıb buraxırlar. Bəzilərini ələ keçmiş terrorçularla dəyişirlər və ya girovları başqa terrorçu qrupa satırlar.
Hazırda İŞİD-ın girovluğunda nə qədər insanın olduğunu söyləmək çətindir. Çünki girov götürülmüş insanların yaxınları bu barədə məlumat verməkdən çəkinirlər. Hesab edirlər ki, adların çəkilməsi həmin şəxslərin həyatına ciddi təhlükə yarada bilər. Ona görə də girovların qohumları öz bildikləri yolla  iş görməyə çalışırlar.
“CNN” qeyd edir ki, Ceyms Foleyin öldürülməsindən sonra ABŞ rəsmilərindən biri adının çəkilməməsi şərti ilə deyib ki, İŞİD xeyli amerikalı girova malikdir. Ancaq həmin rəsmi şəxs amerikalı girovların sayı barədə konkret rəqəm deməkdən imtina edib. Təhlükəni nəzərə alaraq girovların kimliyini deməkdən də çəkinib.
Ancaq ortada müəyyən rəqəmlər var. Belə ki, Jurnalistlərin Müdafiə Komitəsi bildirib ki, Suriyada 20 jurnalist yoxa çıxıb. Onların çoxu yerli jurnalistlərdir. Ancaq aralarında əcnəbi jurnalistlər də var. Komitə ehtimal edir ki, itkin düşmüş jurnalistlərin çoxu İŞİD-ın əlindədir.
“CPJ”-nin hesablamasında isə deyilir ki, Suriyada münaqişə başlayandan indiyə kimi 80 jurnalist naməlum istiqamətdə qaçırılıb. Onlardan bəzisi azad edilib, bəziləri isə öldürülüb. Mediada isə bir qayda olaraq azad olan və öldürülən jurnalistlər haqqında məlumatlar gedir. Girovluqda qalanlar haqqında isə susmaq lazım gəlir.
Məsələn, amerikalı jurnalist Peter Theo Kurtis “əl-Qaidə”yə bağlı “Əl-Nusra Cəbhəsi” tərəfindən BMT-nin sülhməramlı missiyasına təhvil verildikdən sonra bəlli oldu ki, o, 2 il girov saxlanılıb. Jurnalistin ailəsi bildirmişdi ki, onun azad olunmasında Qatardan olan rəsmi şəxslərin önəmli rolu olmuşdu.
”CNN” bir daha qeyd edir ki, ABŞ-ın xüsusi təyinatlı elit hərbi qüvvələri Suriyada saxlanılan girovları azad etmək üçün əməliyyat keçirib. Ancaq bəlli olub ki, hərbi əməliyyatdan bir qədər əvvəl girovlar həmin yerdən başqa bir yerə köçürülüb.
“GlobalPost” saytının mətbuat katibi Riçard Byrne bildirmişdi ki, təmsil etdiyi media orqanı ilə əməkdaşlıq etmiş Ceyms Foleyə görə İŞİD 100 milyon euro (132 milyon dollar) tələb etmişdi. Jurnalistin öldürülməsindən sonra onun anası Diana Facebook-da digər girovların həyatı ilə bağlı narahatlığını ifadə etmişdi.
“CNN” şahidlərə istinadən bildirir ki, “Əl-Nusra Cəbhəsi” 100 nəfərə yaxın Qərb vətəndaşını girov saxlayır. Onların arasında jurnalistlər də var.
Telekanal onu da bildirir ki, Ceyms Foley və başqa bir jurnalist sonradan İŞİD-ə təhvil verilib. Ceyms Foley girov olduğu müddətdə dəfələrlə fiziki təzyiqlərə məruz qalıb. Fransalı jurnalist Nicolas Henin 2013-cü ilin iyununda fransız foto-müxbir Pierre Torres ilə birlikdə girov götürülüb. O, “CNN”ə bildirib ki, mən Ceyms Foley ilə bir yerdə saxlanılırdım. Fransız jurnalist deyib ki, Ceyms Foleyin döyülməsinin əsas səbəbi onun “amerikalı olması” imiş.
Henin və Torres və daha 2 nəfər fransız jurnalisti Didier Francois və Eduard Elias aprelin 19-da azad olunmuşdular. Onların azadlığına görə pul ödənmişdimi? Hər halda Fransanın daxili işlər naziri bu iddianı qətiyyətlə təkzib etmişdi.
İspaniyalı jurnalistlərsə girovluqda 6 aydan bir qədər artıq saxlanılıblar. El Mundo,  Xavier Esponoza və foto-müxbir Rikardo Vilanova mart ayında azad ediliblər. Danimarkadan olan foto-müxbir Daniel Rye Ottosen isə iyun ayında sərbəst buraxılmışdı.
“CNN”in bu araşdırmasından da aydın görünür ki, terrorçu qrupların, xüsusən İŞİD-ın əsas hədəfi ABŞ və Böyük Britaniya mənşəli girovlardır. Çünki məhz bu iki ölkə bir qayda olaraq xarici siyasətdə sinxron hərəkət trayektoriyasına malikdirlər. Yaxın Şərq ölkələrinə ən çox təsir etmək imkanları da məhz bu ölkələrə məxsusdur. İŞİD də bu reallığı nəzərə alaraq hərəkət edir. Və belə dəhşətli ölümlərlə bu ölkələrin Yaxın Şərqdəki mövqelərin zəiflətməyə cəhd edir. Ancaq təcrübə göstərir ki, belə gedişlər bir qayda olaraq əks effekt verir. Məsələn, ABŞ prezidenti Obama artıq İraqa əlavə hərbi kontingent göndərmək barədə göstəriş verib. ABŞ və Böyük Britaniyanın birgə səyi ilə tezliklə İŞİD-ə qarşı ciddi alyansın yaradılacağı gözlənilir...

Bizə qoşulun