Yapistlərin son vaxtlar zindana saldığı insanların içində Hüquq Maarifçiliyi Cəmiyyətinin yaradıcısı və başqanı, xalqımızın ən dəyərli oğullarından biri İntiqam Əliyev də var. İntiqam bəy sözün əsl anlamında bir insanlıq, humanizm, ziyalılıq simvolu sayıla bilər. Mən düzü bilmirəm hakimiyyət onu hansı ağılla zindana saldı, əslində bunların hərəkətlərində nizam-intizam, hansısa qayda-qanun, məntiq axtarmaq da mənasızdır. Bunlar fizikanın məşhur Broun hərəkətindəki kimi – xaotik, qarmaqarışıq hərəkət edirlər. Maraqlıdır ki, Broun hərəkəti maye və qazlarda istiliyin təsirindən yaranır. Hesab edə bilərik ki, yapistlərin başına neft-qaz sənayesindən gələn istilik vurub, beyin tamamilə pozulmuşdur.
İntiqam bəyin “istintaqını” (dırnaq içində yazmağa məcburuq, çünki Azərbaycan hakimiyyətinin hüquq, ədalət sistemi tamamilə qondarma “DQR” kimi bir şeydir – elan olunub, özbaşına yaşayır, ancaq sivil dünya tərəfindən tanınmır) aparan müstəntiq Elvız Salayevin absurd bir qərar qəbul elədiyini oxuduq. Bu başabəla və gülməli müstəntiq İntiqam bəyin evindən götürülən suvenir xəncərin… soyuq silah olub-olmadığı haqda ekspert rəyi almaq üçün uyğun repressiya orqanına göndəribdir.
Söhbət bu dəqiqə də dükanlarda açıq satılan bəzək-düzəkli xəncərdən gedir, ola bilsin oxucuların da çoxunun evində vardır. Məsələn, mənim özümə vaxtilə kimsə bağışlamışdı, sonra verdim Silahlı Qüvvələrə Yardım Fonduna, indi general Rövşən Əkbərov erməni qulağı kəsir. (Bunu Elvız müəllimin qorxusundan yazıram, birdən durub gəlib mənim də suvenirimi aparsa?).
Uzun sözün qısası, Elvız müəllimin dəhşətli qərarından sonra mən bir anlığa İntiqam bəyi əlində xəncər, kiməsə hücum çəkən yerdə təsəvvür eləmək istədim. Alınmadı. Bəs bu müstəntiq qırıntıları belə gülünc təsəvvürləri necə edirlər? Əlbəttə, hüquqi məsuliyyət, el qınağı, el töhməti olmayanda hərəkətlər sərbəstləşir. Prokurorluğun müstəntiqlərinə cəsarət verən budur. Ancaq elə bilməsinlər bunlar unudulur. Vaxt gələndə Azərbaycanda da lüstrasiya haqda qanun – keçmiş rejimlə əməkdaşlıq eləmiş şəxslərin cəzalandırılması qanunu qəbul ediləcək. Çexiyadan, Polşadan Gürcüstana qədər bir çox postkommunist dövləti lüstrasiya işığından keçərək arınıb, təmizlənibsə, bizdə niyə olmasın? İndidən oxucular qarşısında and içirəm ki, o vaxta sağ qalsam bu qanunun qəbulu üçün çalışacağam.
Mən bu arada “el qınağı” ifadəsini yazarkən təzədən müstəntiqin adına fikir verdim. Düzdür, insanların adı üzərində tənqid qurmağı yolverilməz sayıram, ancaq yoldaş Salayevin ismi-şərifi bizi istər-istəməz yolumuzdan azdırır. Doğrudan, Elvız nə deməkdir axı? Yəni, el mənə vız gəlir? Hansısa prezident seçkisində bir dairə seçki komissiyasında yapist sədr saxtakarlıq eləmişdi və onun adı… Şərbala idi, lap o yadıma düşdü. Bəlkə müstəntiq müəllimin adını Elvis Preslinin şərəfinə qoymaq istəyiblər, namərd VVAQ zəhmətkeşləri isə həmişəki kimi qələmi əsdirib, uşağın adı olub Elvız? Nə biləsən… Bir axmağın yanlışı insanın taleyini dəyişər. Bəlkə də kağız düz yazılsaydı Elvız müəllim indi rok qrup yaradıb “Tutti Frutti” oxuyurdu, “Evrovızqon” yarışmasında respublikamızın muğamat şərəfini qoruyurdu.
Eynilə digər müstəntiq yoldaşı İbrahim Ləmbəranskinin taleyi kimidir. İbrahim müəllim də tombul, burnunu qoluna silən körpə vaxtında – uzaq 70-ci illərdə “Şir evdən getdi” filmində Muradik roluna çəkilib. (Babası, o vaxtkı Bakı şefi Əliş Ləmbəranskinin sayəsində. Sovet partnomenklaturasında öz uşaq-muşaqlarını kinoya, futbol klubuna-zada dürtüşdürmək azarı var idi). Əgər o vaxt həmin filmin qəhrəmanı aslan Kinq basıb Muradiki yesəydi, indi Zakir müəllim Leyla Yunusu kimin əliylə tutduracaqdı? Elvız müəllimin? Boş söhbətdir. Bu hələ bir xəncəri İntiqam bəyin kəmərinə bağlaya bilməyib.