Qardaş Türkiyə xalqı 12-ci prezidentini özü seçdi. 12 rəqəmi müqəddəsdir deyirlər. Düşərli olsun Türkiyəmiz üçün, Azərbaycan üçün, Qarabağ üçün, türk dünyası üçün!..
Gözləntilərə gəlincə, inanırıq ki, prezident Ərdoğan ölkəni iqtisadi çiçəklənmə yolu ilə aparmaqda davam edəcək, dünyada və regionda Türkiyənin nüfuzunu artıraraq daha da hesablaşılan regional gücə, ciddi söz sahibinə çevirmək üçün bacardığını əsirgəməyəcək.
Keşkə, bu yolda o, demokratiya və qanunun aliliyi, milli barış yönündə səylər göstərməyi də unutmaya. Seçki sonrası elan elədiyi kimi, tezliklə “barış erası”na başlaya ki, daxili siyasətdə əvvəlki kolliziyalar, sosial-siyasi sarsıntılar yaşanmasın. Cənab Ərdoğan yəqin onu da ciddiyə alacaq ki, elektoratın 48 faizi onun siyasətindən narazıdır. Bu, böyük rəqəmdir.
Barış, daxili sabitlik qarmaqarışıq dünyamızda Türkiyəyə çox vacibdir. Zira, xarici siyasət daxili siyasətin davamı sayılır. Türkiyə xarici siyasətini isə qarşıdakı bir ildə yeni qlobal çağırışlardan dolayı olduqca çətin sınaqlar gözləyir – uydurma soyqıqrım, Qarabağ, Yaxın Şərq (İraq, Suriya), İŞİD, kürd məsələləri… Onlardan uğurla çıxmaq üçün vətəndaş sülhü birinci şərtdir. Yox, ölkədə “əcinnə ovu” davam edəcəksə, onda – heç zad. Altını Türkiyə ilə birgə Azərbaycan da çəkəcək.
Azərbaycanın əsas gözləntisi isə bəlli. Bunlar Qarabağ ixtilafı və Ermənistanla sərhəd məsələsidir. Görəsən, pessimizmə qapılmağa əsas varmı? Bizcə, yox. Ən azından son iki fakt bədbin olmamağa zəmin yaradır: biri Türkiyə vətəndaşlarının Azərbaycan Müdafiə Nazirliyinə müraciət eləməsi faktıdır. Nazirliyin bilgisinə görə, artıq xeyli türkiyəli tərəfindən quruma rəsmi internet saytı vasitəsi ilə müraciətlər daxil olub. Onlar ordumuzun sıralarında erməni işğalçılarına qarşı döyüşməyə şərait yaradılmasını istəyiblər.
İkinci önəmli fakt son döyüşlərdə yaralanmış bir neçə hərbçimizin ötən həftə Türkiyəyə aparılaraq pulsuz müalicəsinin təşkili, dərhal da onlara xarici işlər naziri, yeni baş nazirliyə ən potensial namizəd olan Əhməd Davudoğlunun baş çəkməsidir. Qardaş ölkənin hökuməti, təbəələri və rəsmiləri tərəfindən bu jestlər əlbəttə ki, alqışa layiqdir, çox qiymətlidir və Azərbaycan xalqına, hərbçilərimizə böyük ruh, stimul verir. Eyni zamanda Ermənistan və onun havadarlarına Türkiyənin xəbərdarlıq mesajlarıdır bunlar. Özü də vaxtında verilmiş mesajlar.
Bu, o deməkdir ki, Türkiyə həmişəki kimi, yenə yanımızdadır, yanımızda olacaq. Bu, həmçinin, qardaş ölkənin xarici siyasətində Azərbaycana verilən prioritetin, bənzərsiz önəmin növbəti təsdiqidir. Ərdoğanın prezident qismində ilk xarici səfərini Azərbaycana planlaşdırması bu önəmin daha bir sanballı nümayişi olacaq.
Artıq ermənilər də duyuq düşüb ki, Ərdoğan dönəmində Türkiyə Qarabağ və uydurma soyqırım məsələsində prinsipial mövqeyindən çəkilməyəcək. Təsadüfi deyil ki, 10 avqust seçkisindən sonra işğalçı ölkənin prezidenti Serj Sərkisyan yeni prezidentin Ermənistana hər hansı ciddi reverans edəcəyini gözləməyin mənasız olduğunu söyləyib. Erməni təhlilçilərini də qeyd edir ki, Ərdoğan xalqdan birbaşa mandat alandan sonra bu siyasət dəyişməyəcək.
Doğrudan da dəyişsəydi, 12 ildə dəyişərdi. Dəyişsəydi, AKP hökuməti çoxdan bu iki məsələdə Qərblə bazarlığa gedib, Türkiyəni Avropa Birliyinə asanca üzv edərdi. Dəyişməsi mümkün də deyil, çünki quşdan ayıq Türkiyə toplumu buna imkan verməz. Korrektələr, manevrlər, diplomatik oyunlar isə həmişə ola bilər, böyük siyasətdə bu lazımdı da, ancaq kurs yerində qalacaq, əminik.
Həm də o səbəbə ki, qardaş ölkənin bölgəmiz üçün əhəmiyyəti artır ki, azalmır. Məsələn, sanksiyalarla zəifləyən Rusiyanın fonunda Türkiyə iqtisadi inkişafını davam etdirdir. Üstəlik, Rusiyanın Türkiyəyə getdikcə daha çox ehtiyacı yaranır ki, bu da Azərbaycanın maraqlarına uyğundur…
* * *
Türkiyənin gücü Azərbaycanın gücü deməkdir və əksinə. İki qardaş ölkə yeni böyük təhdidləri yalnız əl-ələ verməklə, sinxron siyasətlə, düşmən hiyləsinə uymamaqla dəf edə bilər. İnşallah, dəf edəcək də!..