İki gün qaldı. Finişdə möcüzə baş verməsə, rəqibləri Rəcəb Ərdoğana seçki ərəfəsi “qara piar” xarakterli böyük sürprizlər etməsə, Türkiyə 10 avqustda olmasa da, 24 avqustda AKP lideri ilə yola davam edəcək. İlkin rəy sorğuları, mütəxəssis təxminləri hələlik bunu deyir.
Əlbəttə, könül istərdi ki, Türkiyə heç olmasa 5 il Ərdoğandan istirahət eləsin. Saakaşvili kimi. Nədən ki, toplumun mühüm bir kəsimi, beynəlxalq demokratik ictimaiyyət 12 ilin yorucu “telediktoru”nun dəyişməsini arzulayır. Nə qədər güclü, xarizmatik siyasətçi, natiq olsa belə, Ərdoğandan yorğunçuluq Azərbaycanda da özünü göstərməkdədir.
Demokratiya hər halda, rəngarənglikdir. Uzun illərin hakimiyyəti adamı korlayır, avtoritarizmə meylləndirir, getdikcə tənqidə daha dözümsüz edir, özünəvurğunluğu gücləndirir. Ona görə yazmışdıq ki, yavaş-yavaş avtoritar rəhbərə oxşayan Ərdoğana siyasətdə “ağ qoşa” qoymaq məsləhətdir ki, sonra böyük siyasətə “şeş qoşa” ilə qayıda bilsin.
Hərgah, bir sıra qüsurlarına rəğmən, ona diktator, avtoritar damğası basmaq da insafdan olmazdı. Diktatorlar, avtoritarlar “Seçilməsəm, siyasətdən gedəcəyəm!” deməz. O isə dəfələrlə bunu dilə gətirib. Məsələ də ondadır antidemokratik liderlər belə şeyi ağla da gətirmir, özlərini əvəzolunmaz sayırlar, yeri gələndə ömürlük prezidentlik üçün yüz oyundan çıxırlar.
Ancaq yenə könül arzulardı ki, Türkiyənin sükanı arxasına yeni sima keçsin. Zira, 12 ildir bu sükandan yapışan indiki baş nazirin zəifliklərini Qərb yaxşı bilir və risk var ki, onların vasitəsilə qardaş ölkənin həssas yerlərinə təzyiq edib Ankaradan güzəştlər qoparsınlar. Təzə legitim prezident isə həmişə təzədir və bir qayda olaraq ona dünyada daha diqqətli, daha anlaşıqlı və daha hörmətli münasibət olur.
Ərdoğandan ötrü prezident postu şübhəsiz, ən əvvəl bir prinsip, qürur məsələsidir. Siyasi rəqiblər, ələlxüsus son vaxtlar mövqeyinin zəiflədiyi Qərb qarşısında müəyyən özünütəsdiq məsələsidir. İkinci yandan, səlahiyyətləri əvvəlki prezidentdən köklü şəkildə fərqlənəcək yeni prezident kreslosuna o, başladığı iqtisadi-siyasi islahatları yekunlaşdırmaq fürsəti, 12 illik siyasi mübarizə siklinin uğurlu bir akkordu kimi baxır. Yoxsa elə baş nazirliklə də yetərlənərdi.
O sırada AKP liderinin Cümhuriyyətin 100 illiyinədək qardaş ölkəni dünyanın iqtisadi cəhətdən 10 ən inkişaf eləmiş ölkəsindən (“G-10") birinə çevirmək istəyi də yaddan çıxarılmamalıdır. Hərçənd son illər Türkiyənin iqtisadi göstəricilərində irəliləmə bir elə nəzərə çarpmır.
Bütün variantlarda sadalananlar Ərdoğan üçün həyati vacib hədəflərdir və prezident olarsa, böyük ehtimalla onlara çatmağa çalışacaq. Lakin bundan ötrü onun daxili siyasətdə milli barış yönündə əlavə addımlar atması qaçılmaz olacaq. Nədən ki, xalqın ən müxtəlif təbəqələrinin dəstəkləmədiyi, müsbət nəticələrini öz üzərində hiss eləmədiyi reformalara can yandırması istisnadır.
Azərbaycana gəlincə, Ərdoğan komandası əlbəttə ki, bizim üçün “bağlı boğça” deyil. Bu komandanın oyun qaydaları, Azərbaycana və onun dərdlərinə münasibəti daşlaşmış vəziyyətdədir, proqnoza yatımlıdır. Üstəgəl, Azərbaycan iqtidarı ilə o, bir çox məsələlərdə (Türkiyəyə yatırılan böyük paralar və s.) anlaşma və iş birliyindədir və o üzdən Bakını bu komanda tam qane edir. Daha bir səbəbdən: Ərdoğanı Azərbaycanda demokratiya və insan haqlarının durumu ilgiləndirmir.
Cəmiyyətimizi düşündürən yeganə mövzu isə Türkiyə baş nazirinin Qarabağ və Ermənistanla sərhəd probleminə yanaşması ilə bağlıdır. Söhbət saxta erməni soyqırımının bədnam 100 illiyindən dolayı rəsmi Ankaranın yürüdəcəyi siyasətdən gedir. Görəsən, “bir millət-iki dövlət” strategiyasından doğan ənənəvi kurs yerində qalacaq, yoxsa çoxdandır Vaşinqtonun masası üstündə olan və Güney Qafqaza yönəlik 2015 “Yol xəritəsi” bu dəfə artıq prezident Ərdoğanın vasitəsilə həyata vəsiqə qazanacaq?
Türkiyədə 10 avqust seçkilərinin doğurduğu əsas sual əslində budur - cavabı Azərbaycanın da, Türkiyənin də taleyini dəyişə biləcək bir sual...
