“Əzabkeş” erməni xalqı əsrlər boyu öz mövcudluğunu saxlamaq üçün böyük güclərin kölgəsinə sığınıb. Son iki əsrdə bu, Rusiyanın hesabına baş verib. Bəlkə də buna normal baxmaq olardı. O məntiqlə ki, özləri bilər, can onların, cəhənnəm – Tanrının. Amma iş ondadır ki, ələlxüsus da rusun əlində maşa rolunda olan bu xalq çörəyini yeyib suyunu içdiyi millətlərə, öz qonşularına həmişə badalaq vurub, bəlalar gətirib, əzablar yaşadıb.
Son günlər döyüşlərin yenidən alovlandığı Dağlıq Qarabağ da mənfur qonşularımızın bədxahlığının, məkr və hiyləsinin, öz ağasının hesabına özgə torpaqlara yiyələnməsinin ən təzə təzahürlərindən biridir. Hələ harasıdır, ermənilər onlara daim xeyirxahlıq göstərmiş böyük qonşularına – türklərə bu boyda nankorluqları azmış kimi, Rusiyaya özlərini təklif eləməkdə davam edir, “türk dünyası üzərində daha güclü dəyənək olmaq” istəyirlər.
“Biz Rusiyanın Qafqazdakı İsraili ola bilərik”. Keçmiş erməni kəşfiyyatçısı, daha doğrusu, başkəsəni Vova Vartanov İrəvandakı mətbuat konfransında Qarabağdakı son olaylara münasibət bildirərkən deyib bunu. Sitat: “Əgər Rusiya ağıllı və ardıcıl olsa, türkə satılmasa, gec-tez Ermənistan bütün türk dünyasını nəzarətdə saxlayan dövlətə çevrilə bilər. Və Rusiya yavaş-yavaş ona yaxınlaşacaq ki, Ermənistan Cənubi Qafqazın balaca İsrailinə çevriləcək”.
Ac toyuq, darı məsələsi yada düşür təbii ki. Amma insaf naminə İsraillə müqayisə, yersizdir. Ən azı ona görə ki, İsrail güclü dövlət olaraq Qərbdə mühüm söz sahibidirsə, Ermənistanın adı heç it dəftərində də yoxdur. Ermənistan hərbi-siyasi və iqtisadi-maliyyə göstəriciləri etibarilə əslində baş tutmamış, cılız bir dövlətdir və tamamən Rusiyanın asılılığındadır – həm də müti asılılığında. Bu mütilik haqda tərəflər arasında 2047-ci ilədək qüvvədə qalacaq “siğə müqaviləsi” də imzalanıb.
Sonra. İsraildə Amerika hərbi bazası yoxdur, bu dövlət yetərincə güclü orduya, nüvə başlıqlarına, modern hərbi-sənaye kompleksinə malikdir. O dərəcədə modern ki, hətta Rusiyaya və Çinə silah satır. Ermənistanda isə əksinə, rus bazası mövcuddur, onu sərhədlərini rus əsgərləri qoruyur, ümumiyyətlə, Rusiyasız Ermənistan adında dövlətin varlığı böyük sual altındadır. Özləri də fərqindədirlər ki, Ermənistan Rusiyanın quberniyasıdır. Başqa özəllikləri də burada də sadalamaq olardı. Məsələn, Ermənistanın sahibi Rusiya ABŞ qədər dünyada qüdrət sahibi deyil. Yaxud demokratiya və insan haqları sahəsində köklü fərqlilikləri göstərmək olar.
Sözü nəyə gətiririk? Ona ki, Ermənistanın İsrail olmasına çox var. Fəqət, onları birləşdirən üç güclü, ortaq cəhət mövcuddur: 1. Hər ikisi işğalçıdır. 2. Hər ikisi bəşəriyyət əleyhinə, dinc sakinlər, uşaqlar əleyhinə cinayətlərə imza atıblar və atmaqdadırlar. 3. Hər ikisi yerləşdikləri bölgədə sabitsizlik, gərginlik və qonşular üçün xəta-bəla mənbəyidir.
Bu məsələlərdə ermənilərə, ümumiyyətlə, çatan olmaz. Region xalqlarının bəxti gətirib ki, ermənilər İsrail kimi dövlət qura bilməyiblər. Və nə yaxşı ki, qura bilməyəcəklər, çünki bu xislətdə millətin xoşbəxt olub rifah içində yaşaması mümkünsüzdür. Məsələ də ondadır ki, bu gün təkcə Ermənistan adlı qondarma dövlət yox, az qala erməni toplumunun özü Kremlin əlində qonşu xalqlara qarşı şantaj alətinə çevrilib.
Götürək, elə ötən həftə Bakıda “Neftçi”- “Çixuriya” matçında ermənilərin törətdiyi, iki xalqı toqquşdurmağa yönəlik xəritə təxribatını. Bu insident onların iç üzünü bir daha açdı. Güney Qafqazda normal birgəyaşayışa və inkişafa müstəsna olaraq ermənilərin əngəl olduğuna şübhə yeri saxlamadı. Eləcə də Moskvanın əlində alət olan və vaxtaşırı Gürcüstanı qarışdırmağa çalışan Cavaxetiya erməniləri.
Müxtəsəri, harada kompakt yaşayan ermənilər var, orda qan-qada, bəla var… Onlar nə İsrail ola bildilər, nə də yəhudi. Onlar sadəcə, erməni oldular. Onun-bunun maşası olan erməni. Yəhudilər Xolokostu dərhal tanıtdırdılar. Erməni isə 100 ildi dünyanı uydurma soyqırımına inandıra bilmir. Çünki maşa rolundadır. Onlar böyük güclərə məhz bu rolda lazımdılar. Ən önəmlisi, özləri bunu istəyir. Terrorçu Vartanov da elə onu deyir…