Medianews.az
Bayrağımıza tüpürən şəxsi öldürüb Bakıya qaçan gəncin acı hekayəsi
481 baxış

Bayrağımıza tüpürən şəxsi öldürüb Bakıya qaçan gəncin acı hekayəsi

img1511698
Sumqayıt Apelyasiya Məhkəməsində Rusiya Federasiyasının Saratov şəhərində qətl törətməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Qəmbərov Rəşad Ənvər oğlunun apelyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.
Virtualaz.org saytının verdiyi xəbərə görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.
Cinayət işinin materiallarına görə, Rəşad Qəmbərov 15 sentyabr, 2012-ci ildə axşam saatlarında tanışları Emin Hüseynov, Adil Davudov və Nəriman Əhmədovla birlikdə Saratov şəhəri, Dəmiryolu küçəsi, ev 96 ünvanda yerləşən “Çebureçnaya” adlanan kafedə olarkən qonşu masada yemək yeyən, əslən qazax millətindən olan Renat Yesenekov, Kuanış Bazarəliyev və daha 6-7 şəxs onlara söz ataraq sataşmağa başlayıblar. Əvvəlcə Renat Adili yeməkxanadan çölə çıxararaq döyməyə başlayıb. Bundan sonra Kuanış Rəşadın ana-bacısının ünvanına nalayiq söyüşlər söyüb, əynində Azərbaycanın bayrağı əks olunmuş köynəyin üstünə tüpürüb.
Bu hərəkəti milli heysiyyətinə sığışdırmayan Rəşad əsəbiləşərək üstündə gəzdirdiyi bıçaqla K.Bazarəliyevin baş, sinə və qarın nahiyəsinə zərbələr endirib. K.Bazarəliyev hadisə yerində dünyasını dəyişib.
Təqsirləndirilən şəxs qismində dindirilən R.Qəmbərov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində körpə yaşlarından etibarən valideynləri ilə birlikdə Saratov vilayətinə köçərək orada yaşadıqlarını göstərib: “Atam 2007-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etdi. Bacımla mən anamın himayəsində böyümüşük.
Sentyabrın 14-də Gəncə şəhərindən olan Seymur adlı oğlanla “Çebureçnaya” kafesinə getmişdik. Adama bir fincan kofe sifariş edib nərd oynayırdıq. Bir-iki saatdan sonra tanışlarımız - Qubadan olan Emin və dağıstanlı Adil də gəlib çıxdılar, bizimlə bir stolda əyləşdilər. Təxminən 40-45 dəqiqədən sonra kafeyə tanımadığımız 7 nəfər şəxs gəldi. Həmin şəxslərin adlarını bilməsəm də onları üzdən tanıyırdım. Bir neçə dəfə kafedə görmüşdüm, hamısı qazax millətindən idi. Bizim yaxınlığımızda stolda əyləşib spirtli içki, pivə sifariş verdilər. Xarici görünüşlərindən açıq-aydın idmançı olduqları görünürdü. İçki içib sərxoş olandan sonra özlərindən razı halda bizim stolda əyləşən uşaqlara sataşmağa başladılar.
Adını sonradan bildiyim Renatın mübahisəsi dağıstanlı Adillə düşdü. Onlar dava etmək üçün küçəyə çıxdılar. Onlar dava edərkən digər tanışımız Nəriman gələrk onları ayırıb. Ümumiyyətlə, qazax uşaqlarının fikri bu idi ki, bizi küçəyə çıxarıb tək-tək döysünlər. Bir əlim gipsdə olduğundan çalışırdım ki, çox da davaya girişməyim. Lakin adının Kuanış olduğunu sonradan bildiyim şəxs mənə sataşmağa başladı. Rusca ana-bacı, millət söyüşü etdi. Eyni zamanda üzərində Azərbaycan bayrağı əks olunmuş köynəyimin üstünə tüpürdü. Ona “mənim əlim gipsdə olduğundan sən mənə qarşı belə hərəkət eləyirsən” dedim. O isə cavabında “siz, aziklər, yəni azərbaycanlılar burda çox qudurmusuz, sənin millətinin hamısını...” deyərək başı ilə sifətimə zərbə endirdi. Sonra yumruğunu işə saldı, gicgahımdan qüvvətli zərbə vurdu.
Hamı çəkilib bir kənarda durmuşdu. Bizim uşaqlar qorxularından yaxın gəlmirdilər. Qazax millətindən olanlarsa Kuanışın məni döyəcəyinə əmin idilər. Bu vaxt üstümdə olan bıçağı çıxarıb onun qarın nahiyəsinə bir dəfə zərbə endirdim. Yenidən hücum etdikdə növbəti zərbəni endirdim və hadisə yerindən qaçdım. Evə gəlib hadisəni olduğu kimi anama və bacıma danışdım. Bacım könüllü polisə təslim olmağımı məsləhət bilsə də Kuanışın orada yüksək vəzifədə işləyən qohumlarının olduğundan qorxub polisə getmədim”.
Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək həbs olunacağından ehtiyat etdiyini və bu səbəbdən də Azərbaycana qayıtdığını göstərib: “Azərbaycanda həbs olunmağımı istəyirdim. Ona görə də evdən sənədlərimi götürüb qatarla Volqoqrad şəhərinə, oradan da avtobusla Azərbaycana gəldim. Burada olarkən eşitdim ki, Kuanış vurduğum bıçaq zərbəsindən ölüb. Əvvəl elə bildim ki, təqsirimi boynuma alsam, könüllü təslim olub tutulsam, hüquq-mühafizə orqanları məni Rusiyaya təhvil verəcək, Kuanışın qohumları da orada mənə pislik edəcəklər. Amma sonradan mənə məlum oldu ki, Azərbaycan Respublikası öz vətəndaşlarını xarici ölkəyə vermir, ona görə də Sumqayıt Şəhər Polis İdarəsinə gələrək könüllü təslim oldum.
Narkotik vasitələrdən heç vaxt istifadə etməmişəm, lakin əsəb xəstəliyim olduğundan spirtli içki içəndə özümü pis hiss edirəm. Hadisə baş verən gün içki içməmişdim. Mən Kuanışa gicgahından zərbə vurmamışam. Kafenin içində də, çölündə də müşahidə kameraları quraşdırılıb, həmin kameralarda hadisənin necə baş verdiyi lentə alınmışdı. Sonradan məlum oldu ki, videogörüntülər qəsdən itirilib, videokameranın işləməməsi kimi sənədləşdirilib”.
R.Qəmbərov ifadəsində qeyd edib ki, onunla eyni məktəbdə təhsil alan erməni şagirdlərlə daim mübahisəsi düşüb: “Çünki erməni şagirdlər həmişə mənim vətənimin, millətimin ünvanına nalayiq ifadələr işlədirdilər. Buna görə də onlarla davamız düşürdü. Təhsil aldığım məktəbdə işləyən erməni əsilli müəllimlər ona görə öz ifadələrində məni mənfi xarakterzə ediblər”.
Bu cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilib. Məhkəmənin hökmü ilə R.Qəmbərov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs və onun vəkili Leyla Məmmədova hökmdən narazı qaldıqları üçün apelyasiya şikayəti veriblər. Amma Sumqayıt Apelyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Təqsirləndirilın şəxsin vəkili Leyla Məmmədova Sumqayıt Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verəcəklərini bildirdi: “Davada iştirak edən qazax millətindən olan gənclərdən birinin anası erməni olub. Bunlar azərbaycanlılara qarşı açıq-aydın aqressiya nümayiş etdiriblər. Hadisədən sonra Rəşadgilin ailəsi orada qalmayıb, Azərbaycana qaçıb. Qətl hadisəsi ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi başlanıb. Rəşad Azərbaycana gələndən sonra özü polisə gedərək könüllü təslim olub. Könüllü şəkildə polisə təslim olması ilə bağlı Rusiyaya məktub göndərilib. Bundan sonra cinayət işini bura göndəriblər. Rəşad özü məhkəmədə biidirdi ki, onun hərəkətlərində qəsd olmayıb, özünü, yoldaşlarını müdafiə edib. Azərbaycan xalqına və dövlət atributlarına qarşı təhqiramiz hərəkətlərin nəticəsində həmin şəxsə xəsarət yetirib. Qazax millətindən olan həmin şəxslər Azərbaycanı və dövlətimizi təhqir ediblər, bayrağımıza son dərəcə hörmətsizlik ediblər. Rəşadın onu öldürmək niyyəti olmayıb. Ona görə də Rəşadın hərəkətləri Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsif edilməlidir.
Mərhumun atası mülki iddia qaldıraraq 100 min dollar təzminat tələb edirdi. O, bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə teleqram göndərmişdi. Məhkəmə mülki iddia ilə bağlı məsələni baxılmamış saxladı”.
Vəkilin sözlərinə görə, Saratovda keçirilən məhkəmə prosesinə azərbaycandan olan şahidlər məhkəmə zalına əlləri qandallı şəkildə gətiriliblər: “Hadisə yerində olan əksər şahidlər məhkəmədə iştirak etməyib. Dindirmələr qərəzli aparılıb, azərbaycanlı şahidlər məhkəməyə qandalda gətirilib. Fiziki və psixoloji təsirlərə məruz qaldıqlarından bir çoxları işlərini buraxıb Azərbaycana qayıdıblar”.
 

Bizə qoşulun