Bəziləri deyir onların erməninin içində nə işi vardı ki, başlarına da bu müsibət gəlsin? Kəlbəcərdə ermənilərin girov götürdüyü Dilqəm Əhmədov və Şahbaz Quliyev, qətlə yetirilən, hələ adını bilmədiyimiz cəbrayıllı balasından söhbət gedir…
Bacılar, qardaşlar, heç olmasa 3-5 ildən
bir dünyasını dəyişən doğmalarınızın məzarlarını ziyarət etməyə gedirsinizmi? Yəqin ki, “hə” deyəcəksiniz. Bu qardaşlarımızın da Kəlbəcərə getməsini normal qarşılamalıyıq. Öz yurduna gedib onlar!
Adam 5-6 ay doğulduğu kəndə, rayona getməyəndə az qalır havalansın, yuxularını qarışdırır, ayaq basdığı asfalt az qalır ayağını yandırsın. Bəlkə də illərin sürətlə keçməsini nəzərə almırıq, Kəlbəcər 21 il 4 aydır bizdə deyil, ermənidədir! Bu kişilər də Kəlbəcərə gediblər ki, doğma yurda ayaq bassınlar, ata-babalarının məzarına baş çəksinlər, bir azca da olsa, toxtasınlar.
Dilqəm Əhmədov, Şahbaz Quliyev və cəbrayıllı qardaşımızı da ölümü göz altına alıb düşmənin içinə girməyə vadar edən hiss bu olub – növbəti dəfə əlimiz çatmayan torpaqları görmək, ciyərdolusu oralarda nəfəs almaq. Və o yerlərin çox da uzaq olmadığına, gedib orda birdəfəlik qalmağın, bayrağımızı ucaltmağın mümkünlüyünə bizi inandırmaq…
Girov götürüldükləri xəbəri və videokadrlar yayılandan sonra Dilqəmgilin ötən illərdə çəkdiyi, əziz xatirə kimi saxladığım kadrlara bir də baxdım. Baxdım və gecəni yata bilmədim. “Görəsən onların başlarına nə oyunları açırlar” deyə.
Bu dəfə də ermənilərin iddia etdiyi kimi, onlar Kəlbəcərə “dana oğrusu” kimi getməmişdilər. Məncə, burda düşmən ssenarisi var, “oğurluq bizim ata-baba sənətimizdir” kimi ifadələr erməni beyninin də məhsulu ola bilər. Bizi aşağılamaq üçün bəlkə də bizi ürəkləndirmək üçün, zarafatla deyilən hissə kontekstdən çıxarılıb, yayılıb. Çünki onlar Kəlbəcərə gedəndə saatlarla çəkiliş aparırdılar, iki dəqiqə yox…
Bu igid həmvətənlərimiz imkan düşən kimi dağları aşıb, gizli yollardan keçib bayrağımızı Kəlbəcərə taxırdılar. Hər dəfə Kəlbəcərə sancılan bayraq düşmənin yuxusuna haram qatırdı, bunun fərqindəsinizmi? Bununla Dilqəmgil demək istəyirdi ki, Kəlbəcər erməniyə qalmayacaq, günün birində geri alınacaq!
Bir məqamı unutmayaq, ermənilər əvvəl ortaya silah-sursat töküb onları “diversant” kimi təqdim edirdi. Erməni kəşfiyyatçısı Vova Vardanov bunu təkzib etməklə düşmən ölkənin rəsmilərini məyus etmişdi. Sonra da “val”ı dəyişib “dana oğrusu” adını qoydular. Kəlbəcərdə ac-susuz qalmayacaqdılar ki. Erməni Kəlbəcərdə milyardları talayıb, sürülərlə mal-qoyun aparıb, bir dana nədir ki..?
Mənim anlamımda həqiqət budur ki, onlar dana KƏSMƏYƏ yox, Vətənin bir parçasını ÇƏKMƏYƏ gedib! Bununla sübut ediblər ki, Kəlbəcərə getmək də mümkündür, Kəlbəcəri videoya ÇƏKMƏK də, hətta orda kabab ÇƏKMƏK də!!! Yetər ki, 500 nəfərlik partizan dəstələri hərəkətə keçsin.
Qara maskalı ermənilərin Dilqəm Kəlbəcərlini tutub gətirdiyi kadrlara baxın. Əlləri bağlı, başına tapança tuşlayaraq. Erməni canilər kəlbəcərlilərlə ötən il Rusiyada Orxan Zeynalovla bağlı hazırlanmış şounu təkrarlamaq istədi, amma alınmadı… Bu, həm də qorxutmaq üçündür ki, başqaları da Dilqəmin yolunu getməsin. Həm də qorxudandır. Ermənilər qorxur. Azərbaycan oğullarının Kəlbəcərdə sərbəst gəzməsindən, kabab üstündən ermənilərin “Cermux” adlandırdığı İstisudan içməsindən…
Buna görə onlar bizim üçün Ramil Səfərov, Mübariz İbrahimov kimi dəyərlidir. Erməni Azərbaycan bayrağını tapdadığı üçün cəhənnəmə vasil edilən Qurgenə görə dünyada o boyda hay-küy qaldırdı. Azərbaycan dövləti və milləti ayağa qalxmalı, öz torpağımızda girov götürülən, işgəncələrə məruz qoyulan, hələ kadr önündə aşağılanan, biri qətlə yetirilən vətəndaşlarına görə düşməndən hesab istəməlidir! Özü də ən sərt şəkildə, beynəlxalq qanunların imkan verdiyi şəkildə! Konstitusiyada və qanunlarda əksini tapan qaydalarla! Üstəlik də güclü ordumuz var.
Müharibə asan məsələ deyil. Amma bəlkə də bu, güclü Azərbaycan üçün kabab üstündən sərin İstisu içmək qədər asan olacaq. Bəlkə bir test eləyək. Antiterror əməliyyatı üçün belə gözəl fürsət ola bilməz. Ən azı erməni girovluğunda olanlarımız bizdən hərəkət gözləyir. Öldürülən cəbrayıllı balasının da meyitini geri almaq bizim üçün bir şərəf işi olmalıdır…