Xəyalə Manaflı: “Arxivim onları susduracaq”
“Vaxtı ilə mən də toylardan pul qazanmışam. Ailəmi saxlamışam, özümə maşın da almışam. Amma indi daha müdrik mərhələdəyəm”. Bu sözləri LENT.az–a müsahibəsində özünün dediyi kimi iyirmi dörd ildir sənətdə olan, müğənnilik fəaliyyətinə “7-17” müsabiqəsindən başlayan Xəyalə Manaflıdır. Onunla müsahibəmizdə bir çox məqamlardan danışdıq. Gündəmdə olmamağından, toylara getməməyindən, media nümayəndələrindən kənar gəzməyindən tutmuş, yeni biznesinə qədər… Qısası çox uzatmayaq. Bütün bunları Xəyalənin öz dilindən eşidək.
– Deyəsən sənətdən uzaqlaşmısan?
– Bunu hami deyir. Amma mən sənətdən getməmişəm. Sadəcə, gündəm qazanında deyiləm. Yaradıcılığımda yenilik olanda, bunu öncədən deyirəm. Əgər yaradıcılığımda yeni heç nə yoxdursa, boş yerə saytlarda, telekanallarda “Ay imicimi dəyişdim”, “Ay filan şey elədim” kimi açıqlamalar vermirəm. Mən öz sözümü əməlimlə deyirəm. Boş-boş vədlər verib, nağıllar danışıb, tamaşaçıları aldatmaq istəmirəm. Çünki bunu özümə ayıb bilirəm. Ara-sıra telekanallarda yayımlanan verilişlərdən təkliflər alıram. Proqrama dəvət olduğu zaman mütləq proqramın mahiyyətini və məndən savayı verilişdə olan qonağı soruşuram. Dəqiqləşdirdikdən sonra qərarımı verirəm. Əgər məni qane edirsə, gedirəm.
– Sirr deyilsə hansı verilişlərə çıxmaqdan imtina edirsən?
– Məsələn, mənim sahəmə aid olmayan proqramlara dəvət edirlər, mən getmirəm. Təsəvvür edin ki, məni verilişə çağırırlar mövzu da qoyurlar “Xəstəliklər”, nə bilim dərmanlar. Bu cür verilişlərə getməkdənsə, evdə oturaram. Yalnız tanıdığım dostlarımın verilişlərinə gedirəm.
Açığı həm də söz-söhbətdən qorxuram. Zamanında “Ay səni belə edərəm, “elə edərəm”, kimi hədələrdən də bezdim. Bu hədə-qorxulu həyata mən öyrəşməmişəm, mənə uyğun deyil. Həm də gündəmdə olmağımı özüm istəmirəm. Mənə desinlər ki, gündəmdə deyilsən, maraqsızsan. Amma haqqımda başqa pis nəsə deməsinlər.
– Son zamanlar media nümayəndələrindən kənar gəzməyə çalışırsan.
– Düzdür, mediadakı dostlarımdan kənar gəzməyə başlamışam. Bunu gizlətmirəm. Səbəbsiz deyil. Xətrimi istəyən bir jurnalist dostum barəmdə xəbər yazır, digəri isə bu məlumatı başqa bir başlıqla öz saytına qoyur. Bu zaman aləm bir-birinə dəyir. Məni sevməyənlər başlayır saytlarda barəmdə pis şərhlər yazmağa. Amma düşünmürlər ki, mənim də qohumum, tanışım var. O xəbərləri oxuyan əmioğlu, bibioğlu, xalaoğlum gəlib mənə deyir ki, “nə məsələdir, yazıblar ki, nişanlanmısan? Düzdü, mən kiməsə görə həyatımı yaşamıram. Bu cür şayiələrə insanları narahat etmək düzgün deyil. Məhz bu söz-söhbəti nəzərə alıb, media nümayəndələrinə müsahibə vermirdim. Hətta jurnalist dostlarımla əlaqəmi kəsmişdim.
– Sosial şəbəkədən istifadə edirsən?
– Facebook-da varam. Ora da gec-gec girirəm. İnstagram-a isə girmirəm. Çünki orda gərək tez-tez şəkillərini paylaşasan, nə etdinsə “mən burdayam”, “mən ordayam” deməlisən, bu da mənim xarakterimdən uzaqdır. Mənə məxsus olan şəxsi həyatım mənim olmalıdır.
– Toylara gedirsən?
– Yox, getmirəm. Əvvəllər dost-tanış toyuna gedirdim. İndi yox. Təxminən üç ildir ki, toylarda yoxam.
– Getməməyinin səbəbi nədir?
– Toyda oxumağı və toy aurasını sevmirəm. Baxmayaraq ki, adət-ənənəmizdir. Bilirsiniz toy müğənniləri, toy musiqisini çox ucuzlaşdırdılar. Düzdür, camaat toydan pul qazanır, amma mənim ruhumdan çox uzaq bir şeydir. Mən səhnə müğənnisiyəm. Səhnəni sevirəm. Hətta hansısa toya dəvət olanda, ilk növbədə restoranın səhnəsi ilə maraqlanırdım. Səhnəsi yoxdursa, tamaşaçılarla eyni səhnədədirsə, çalışırdım ora getməyim.
– Toylarda yoxsan. Bəs gəlir hardandır?
– Kiçik biznesim var. Gəlirim ordandır. Öz qazancım, özümə yetir. Ailəni isə anam atam saxlayır.
– Biznesinin nədən ibarətdir?
– Bu, sirdir.
– Xəyalə Manaflı “7-17” müsabiqəsindən tanınmağa başladı. Maraqlıdır, səninlə eyni müsabiqədən çıxan müğənnilər daha çox populyarlıq qazandı. Bu səni narahat etmir ki?
– Qətiyyən, heç vaxt belə düşünməmişəm. Mənimlə eyni müsabiqədə iştirak edən İzzət Bağırov, Aynur Dadaşova, Sevda Ələkbərzadə, Lalə Məmmədova, Azərin və ya digərlərinin uğuruna sevinirəm. Məndən qabağa getmələrinə, fəxri ad almalarına heç bir paxıllığım da tutmur. Çünki doğmadırlar. Onlar zamanla ayaqlaşıb tanındılar. Mən sadəcə illərimin təcrübəsi ilə irəlilədim. Bu gün mənim adım, şöhrətim onlar qədər yoxdursa, buna baxmayaraq tamaşaçı və media arasında hörmətim var.
– Bəs o hörmətdən onlarda yoxdur?
– Var, onlarda başqa şeylər də var. Statuslar, qazanın içində qaynayıb, qarışmaq var.
– Bir ara aparıcılıq da etdiniz…
– Mənim yaradıcılığım aparıcılıqla paralel başladı. Hələ “7-17” müsabiqəsində iştirak etdiyim vaxtlarda AzTV-də “Bax belə” adlı proqramın aparıcısı idim. Bu günə qədər aparıcısı olduğum on dörd veriliş yayımlanıb. Həmin vaxtda Baba Vəziroğlu mənim redaktorum olub. O, insanın mənə o qədər köməyi dəyib ki… Mənim ilk addımlarımda o, yardımçı olub. Yenidən aparıcılığıma gəldikdə isə, təkliflər hər zaman var. Sadəcə, seçim edirəm. Mənə uyğun olan proqram olsa, yenidən aparıcılıq edəcəm.
– Gələcək planlarınız?
– Yeni mahnılarım var. Amma mənim 24 illik səhnə fəaliyyətim ərzində ifa etdiyim mahnılar, apardığım proqramlar hazırda “Youtube” kanalında yoxdur. İndi məhz onun üzərində çalışıram ki, həmin arxiv görüntülərim, mahnılarım sosial şəbəkəyə yüklənsin. Çünki bunu məndən istəyənlər çoxdur. Həm də həmin görüntülərdən sonra ağız burun əyənlər, “Bu kimdir?”, “Xəyalə haranın müğənnisidir” deyənlər susacaqlar. Çünki arxivim onları susduracaq.