Nazim Nağıyevin müsahibəsinə sözardı
İnsan təbiətən pislikləri daha çox yadda saxlayır, nəinki xeyirxahlıqları. Bir də görürsən, hansısa fərdin hansısa fərdə uzun zaman yaxşılığı keçir, amma günün birində azacıq büdrəyib pisliyi dəyən kimi həmin an yaxşılıqları dərhal “yandırılır”, yerdə yalnız quru pislikdən dolayı neqativ ovqat qalır. Cəmiyyətdə, siyasətdə də elədir, çünki onların materialı da insandandır. Hətta tarixin özü ən çox pislikləri yadda saxlayır.
Pozitivi neqativindən artıq olan fərdlərdən keçək indi pisliklərə, o cümlədən yalana, harama, saxtakarlığa vərdiş etmiş insanlara ictimai münasibət məsələsinə. Misal üçün, zəmanəmizin seçki saxtakarlığı üzrə canlı əfsanəsi, MSK sədri Məzahir Pənahov bundan sonra lap 10 demokratik seçki təşkil eləsin, tarix onu yenə hər 2-3 ildən bir xalqın iradəsinə müdaxilə eləmiş saxtakar kimi yadda saxlayacaq. Niyə?
Ona görə ki, dürüstlük, vicdanlılıq bəndənin normal, adi halıdır, o normalda məhz belə olmalıdır, təbii halından yorulmamalı, usanmamalıdır və bu halına görə insana minnətdarlıq edib onun adi davranışını, dürüstlüyünü yadda saxlamağa dəyməz. Amma bu cür davranışların əksi – tutaq ki, seçkilərə hiylə qatmaq, haram yemək və ya haqq basmaq, yol və baş kəsmək bişəkk ki, anormal və antiinsanidir, qeyri-adidir. O üzdən neqativ effektli və daha çox yadda qalandır.
Ən betəri odur ki, bəndə elədiyi haqsızlıqlardan, pisliklərdən sonra illər sonra da öz vicdanı, daxili səsi qarşısında hesabat-zad verməsin, zərrəcə sıxılıb darılmasın, mənəvi iztirab çəkməsin, öz-özünə “axı, mən o vaxt ayrı cür də hərəkət edə bilərdim” deməsin.
Səbayel rayonunun keçmiş polis rəisi Nazim Nağıyev də bu qəbildəndir və tarixin yaddaşında məhz öz xalqına münasibətdə qara əməllərə, pisliklərə, günahlara böyük məmnunluqla imza atmış bəndə kimi qalacaq. Gəldik əsas mətləb üstünə.
Mətbuata son müsahibəsində cənab Nağıyev 2003-cü ilin 15-16 oktyabr hadisələri ilə bağlı böyük fəxr və qürur hissi ilə, bir az da şəstlə, qəhrəman kimi danışıb, ovaxtkı hərəkətlərinə, dinc nümayişçilərə qarşı zorakılıqlara, o sırada müsavatçı Həmidağa Zahidovun Müsavat Partiyası qərargahının cəmi bir neçə addımlığında öldürülməsinə bəraət qazandırıb. Üstündən 11 ildən çox ötsə də, yenə gözə kül üfürməyə çalışıb.
Dəhşətdir, adam bu qədər müddətdə də 15-16 oktyabrda gerçək nə baş verdiyini anlamayıbsa, ya onun anlamaq, qavramaq problemi var, ya da “yuxarılar”dan hələ də yağlı nəsə umur. Yaxud gerçəyi əla bilir, sadəcə, qorxusundan səsini çıxarmır, çünki bu işləri özbaşına tutmayıb. Yoxsa ehtiyatlı ifadələr işlədərdi.
Ancaq Nazim Nağıyev bilməmiş deyil ki, hüquqi anlayışlara əsasən, bu qəbildən cinayətlərə görə cəza məsələsində zaman məhdudiyyəti olmur. Yəni haqq elədiyin cəza səni 20-30 il sonra, ahıl çağında da yaxalaya bilər. Uzağa getməyə nə lüzum: qardaş Türkiyədə 30-35 il öncəki hərbi çevriliş səbəbi ilə hələ də həbslər aparılır, məhkəmələr qurulursa, çevrilişə görə sabiq prezident 96 yaşında ömürlük zindan həyatına məhkum olunursa, heç kəs iddia edə bilməz ki, onun axırı əvvəli kimi mutlu olacaq.
Dünya gör-götür dünyasıdır. Gərək “gözü çıxarılan qardaş”ın taleyi unudulmasın. Yəni cəza gecikirsə, bu, hələ o demək deyil ki, hər şey yaddan çıxıb və suçsuzsan. Biz hələ ilahi cəzasını, Allahın təqdirini demirik. Əqli yerində olan kəs məntiqlə törətdiyi cinayətin hüquqi nəticələrini fürsətkən aradan qaldırmağa çalışar ki, bəlkə əfv olundu və ya cəzası yumşaldıldı. Yox, bir az da üstünə qoyub 11 il sonra da “əcəb eləmişik” deyib ictimai nifrəti artıracaqsa, onda əmin olun ki, son yaxşı qurtarmayacaq. Heç yaxşı qurtarmayacaq.
* * *
Dünyaya kimsə polis mundirində, paltarda gəlməyib, cibi pul-para ilə dolu paltarda da getməyəcək. Bəlkə nə qədər gec deyil, normal bəndəlik halına qayıdasınız, tövbə edəsiniz? Amma tövbə etirafdan başlayır – çətin də olsa səhvlərin, günahların etirafından; etiraf da ki – imandan. Polis mundiri, furajka, güclü mühafizə günahlardan qorumaz, təqva libası qoruyar, Nazim müəllim! Vaxt varkən, libasınızı dəyişin. Barı buna cəhd edin.