Kimi tikinti sektoruna girişib, kimi siyasətlə məşğuldur, kimi rok oxuyur
İşsiz prezident övladı ancaq Azərbaycandadır
Artıq neçə vaxtdır ki, mətbuat eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin işsizliyi ilə bağlı yazır. Bakı Kooperasiya Unversitetini bitirən prezident oğlu daha sonra Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. O, Gəncədəki N saylı hərbi hissədə xidmət edib. Qayıtdıqdan sonra bir müddət Türkiyədə yaşayan, orada təhsilini davam etdirən Ərturqut hazırda işsizdir. Eks-prezident oğlu verdiyi müsahibəsində dövlət işində çalışmaq istədiyini, lakin işə götürülmədiyini bildirib.
Bu mövzu isə bizə dünyada prezident övladlarının həyat tərzi, işləri, karyeraları ilə bağlı bir xatırlatma zərurəti yaratdı. “Yeni Müsavat” zaman-zaman dünya prezidentlərinin övladları, onların pis vərdişləri, ya da yaratdıqları qalmaqallar barədə yazıb. Bu dəfə isə onların iş durumu, karyeralarındakı eniş-yoxuşlara nəzər saldıq.
Öncə Azərbaycandan başlayaq. Yazının girişində Ə.Elçibəyin oğlu barədə yazdıq. Digər eks-prezident Ayaz Mütəllibovun oğullarını da yada saldıq. Eks-prezidentin böyük oğlu Azad Mütəllibov 1962-ci ildə anadan olub. İkinci oğlu Zaur isə 1970-ci ildə doğulub. Eks-prezidentin 21 yaşında Tahir və 20 yaşında Mədinə adında iki nəvəsi var. 1992-ci ildə ataları ilə birgə Moskvaya gedən övladları bir müddət orada yaşadıqdan sonra Bakıya qayıdıblar.
Azad Mütəllibov 2011-ci ilin avqust ayında ağır xəstəlikdən sonra 49 yaşında dünyasını dəyişib. O, iş adamı olub.
Eks-prezidentin kiçik oğlu Zaur Mütəllibov da bizneslə məşğuldur. Mütəllibovun oğlu siyasətdən uzaqdır.
Keçək digər ölkələrin prezident övladlarına. İraqın prezidenti olmuş Səddam Hüseynin oğulları üçün heç bir qırmızı işıq olmayıb. Belə ki, onun böyük oğlu Udey Hüseyn eyni vaxtda özünə 10 min bahalı maşından ibarət kolleksiya düzəldir, İraqdakı istənilən qadına təcavüz edirdi. Qadınları yoldan oğurlayır və Udeyin hüzuruna gətirirdilər. Onunla birgə olmaq istəməyən qadınları isə öldürürdü. Deyilənə görə, qadınlara təcavüz edəndən sonra Udey onların kürəyini adının baş hərfi olan “U” ilə damğalayırmış. Bundan başqa, Udey hədsiz sadistliyi ilə də ad qazanmışdı. Onun 2 köməkçisini ölümünə qədər döyməsi, habelə İraq türmələrindəki işgəncələrdə şəxsən iştirak etməsi də yayılan xəbərlər sırasındadır.
Udeyin qardaşı Qusey Hüseyn isə gizli polis idarəsi yaratmışdı və bu idarə müxalifətə qarşı amansız aksiyalarla məşhur idi. Qardaşlar 2003-cü ildə Şeyx Nəvvaf Zeydanın iqamətgahı güllələnən zaman orda ölüblər.
Liviya rəhbəri olmuş Müəmmar Qəddafinin 6 oğlu və bir qızı olub. Atasının hakimiyyəti dövründə uşaqları rəhbərlikdə yüksək vəzifələr tutublar. Onların idarəsində milyardlarla dollar və atalarının hüdudsuz hakimiyyəti olub.
Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin oğlu Mark Tetçer isə hər dəfə tarixə fərqli qalmaqallarla düşüb. 2005-ci ildə 52 yaşlı biznesmeni Qvineyada çevrilişə görə ittiham edərək 500 min dollar məbləğində cərimələdilər və 4 il şərti cəza verdilər.
Bundan başqa, o, qanunsuz silah alverinə, habelə iri dələduzluq faktlarına görə dəfələrlə ittiham edilib. Anası Marqaret Tetçer isə onun haqqında aşağıdakı unikal sözləri deyib: “Mark pulları o qədər çox sevir ki, eskimoslara qar, ərəblərə qum sata bilər”.
Markın əkiz bacısı Kerol isə ciddi jurnalist və “Divar arxasında” kitabının müəllifi olub. Anasından bəhs edən kitabda Kerol yazıb ki, “o, hər şeyi elə edirdi ki, sanki bir yarışa çıxıb və mütləq finişə çatmalıdır. Ailə problemləri onu çox da maraqlandırmırdı. Çünki çox soyuq ana idi”.
Ermənistan prezidenti Serj Sərkisyanın Anuş və Satenik adlı iki qızı var. Anuş hüquqşünasdır.
Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova da bizneslə məşğul olub. O, ABŞ vətəndaşı Mənsur Məqsudi ilə evli olub. Gülnarənin Mənsurla boşanma xəbəri vaxtilə beynəlxalq qalmaqal yaradıb. Mediada atasının G.Kərimovaya cəza tətbiq etməsi, onu sarayda gizlətməsi, fiziki təzyiqə məruz qoyması da yayılan xəbərlər arasındadır.
G.Kərimova bir çox prezident övladları kimi xeyriyyəçiliklə məşğul olur. Öz dizaynerliyi altında zərgərlik əşyaları, müxtəlif geyim kolleksiyaları buraxır, mahnılar bəstələyir, klip çəkir. Bəzən özünü siyasətdə də sınamağa çalışır, amma bu, atası tərəfindən dərhal sərt reaksiyaya səbəb olur.
İslam Kərimovun digər qızı - Lola Kərimova əsasən xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur, mədəniyyətin və idmanın inkişafına dəstək olur. O, biznesmen Timur Tillayevlə evlidir. Qərb mətbuatının yazdığına görə, cütlük bir müddət öncə ABŞ-da 58 milyon dəyərində qeyri-adi malikanə alıb.
Moldova prezidenti Nikolay Timoftinin 3 övladı var. Aleksey və Ştefan adlı oğulları ABŞ-da yaşayır. 33 yaşlı qızı Niku isə jurnalistdir, özəl bir kanalda aparıcılıq edir.
Belarus prezidenti Aleksandr Lukaşenkonun üçüncü, kiçik oğlu Kolya Lukaşenko atasını daima respublika və beynəlxalq rəsmi səfərlərdə müşayiət edir. Deyilənə görə, Lukaşenko 9 yaşlı Kolyanı digər iki oğlundan fərqli olaraq prezident kimi görür.
Prezidentin böyük oğlu Viktor Lukaşenko dövlət başçısının milli təhlükəsizlik üzrə köməkçisidir. Digər oğlu Dmitri isə Milli Olimpiya Komitəsinin üzvüdür.
Estoniya prezidenti Tomas İlvesin oğlu Luukas 2009-2010-cu illərdə orduda xidmət edib. Daha sonra Müdafiə Nazirliyinin Analitik bölməsində işləyib. 2012-ci ilin yanvar ayından etibarən Dövlət Departametində beynəlxalq məsələlər üzrə ekspert işləyir.
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 3 övladı var. Onun böyük qızı Dariqa bir müddət aktiv siyasətlə məşğul olub, “Asar” partiyasının lideri, prezident partiyası “Nur Otan”ın sədr müavini olub. Əri ilə ayrılandan sonra dövlət televiziyası olan “Xabar”dakı hissələrini satıb. Şayiələrə görə, İsveçrədə yaşamağa gedib və 2012-ci ilin yanvarından etibarın siyasətdədir. Deputat olub, parlamentin sosial-mədəniyyət komissiyasına rəhbərlik edib. Neçə illərdir ki, atasının adına olan fonda rəhbərlik edir. Bundan başqa, Dariqa müğənnidir, onun repertuarında rus romansları, opera ariyaları, qazax xalq mahnıları var.
Qazaxıstan liderinin ortancıl qızı Dinara 1989-cu ildə Moskvada təhsilini yekunlaşdırıb. 2011-ci ildə Mərkəzi Asiyada adı “Forbes”in milyarderlər siyahısına düşən yeganə qadın statusunu qazanıb. Həmin vaxt onun maddi sərvəti 1,3 milyard dollar olub. O, Qazaxıstan Milli Bankının auksionerlərindən biridir. Prezidentin kiçik qızı Aliya da bizneslə, elit evlərin tikintisi ilə məşğul olub. 2011-ci ildə bacılar özlərini sənədli film industriyasında və təbiətin müdafiəsində sınamağa qərar veriblər.
Musavat.com
