Müsavat Partiyası özünün növbəti, qanuni qurultayını keçirmək üçün mücadiləsini davam etdirir. Bu dəfə partiya başqanı İsa Qəmbər məsələ ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) sədrinə müraciət yollayıb. Müraciətdə o, sədrdən təşkilatın ali tədbiri üçün müvafiq yer ayrılmasına yardımçı olmağı xahiş edir.
Sədr də kim olsa yaxşıdı? Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov! Xəbərin ekzotikliyi də zatən bundadır. İndi maraqlıdır, Azərbaycan XİN başçısı yeni statusda (ölkə artıq 47 dövləti birləşdirən quruma 6 aylıq sədrliyə başlayıb) Müsavat başqanına hansı cavabı, təklifi verəcək?
Cavab verilməyə bilməz, çünki bu, Azərbaycan adına ikiqat rüsvayçılıq olar, nədən ki, İsa Qəmbərin müraciəti konkret olaraq Azərbaycanın XİN başçısına, Bakıya yox, AŞ NK başçısına, Strasburqa göndərilib və müraciətin hansı ölkədən gəlməsi önəmli sayıla bilməz. Avropa Şurası hər halda, Hacıbala Abutalıbovun kontoru deyil.
Beləcə, Azərbaycanın Avropa Şurasına üzvlüyü tarixində bu əcaibliyə də şahidlik elədik. Sual yaranır: niyə ölkənin əsas müxalif partiyasına qurultay üçün illərdir normal yer ayrılmadı ki, məsələ böyüyüb Avropa Şurasına qədər, onun sədrliyinə “özümüzünkü” dırmaşana kimi böyüdü?!
Ölkəni bu səviyyədə rəzil etmək istəyənlər onun nüfuzunu heçmi düşünmədilər? Axı bu müraciət Avropa Şurasının müvafiq strukturları vasitəsilə bütün üzv ölkələrə, əyan olacaq. Deməzlərmi ki, daxilində müxalifət partiyasının elementar hüququ tapdanan bir ölkə təməl prinsipi insan haqları olan təşkilata necə rəhbərlik edə bilər?
Deyərlər. Və deyəcəklər də. Amma yəqin ki, cəza olmayacaq. Çünki Avropa Şurası əfsuslar olsun ki, çoxdan ideal qurum deyil. Bu təşkilat Azərbaycan, Belarus (artıq qurumdan qovulub), Rusiya (səs hüququ müvəqqəti əlindən alınıb) kimi Şərqi Avropanın avtoritar ölkələri hesabına son 10-12 ildə xeyli nüfuzdan düşüb, sözünün kəsəri azalıb, “kürü diplomatiyası”nın mərkəzinə çevrilib.
Amma bütün hallarda cavab olmalıdır. Əsas iki variant var. Bir versiya budur ki, Məmmədyarovun imzası ilə, AŞ NK adından surəti Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunmaqla Azərbaycan hökumətinə (Nazirlər Kabinetinə) şablon məzmunlu müraciət ünvanlana və orada göstərilə bilər ki, Müsavatın qurultayı üçün yer məsələsinə baxılsın.
Təbii ki, dərhal da “baxılacaq”: Hacıbala Abutalıbov qurum sədri Məmmədyarova belə bir şablon məzmunlu cavab göndərəcək ki, bəs “Müsavata dəfələrlə layiqli yerlər ayrılıb, lakin partiya onlardan imtina edib”.
İkinci versiyaya görə, məktubun məzmunu sərt ola və Azərbaycan hökuməti qarşısında konkret öhdəlik qoyula bilər ki, məsələ qısa zamanda və ədalətli yolla, yəni Müsavatın istəyi nəzərə alınmaqla yoluna qoyulsun.
Ancaq bu versiya az ağlabatandır. Əvvəla, o səbəbə ki, artıq ərz etdik – Avropa Şurası 10-12 il öncəki nüfuz sahibi deyil. Başqa yandan, nazir Məmmədyarov AŞ NK sədri olsa da, Azərbaycandakı hakim komandanın odioz üzvüdür və bu məzmunda tələb onun başını ağrıdar. Avtoritar rejimlərlə belə “qara zarafatlar” keçmir. Heç onun özü də bu cürətin yiyəsi deyil…
Bəlkə də bilmədiyimiz üçüncü variant da var. Amma dəqiqdir ki, Müsavat qurultay məsələsində hakimiyyətin yaxasından əl çəkəsi deyil və bu süni problem ədalətli həllini tapmayınca fürsətkən, 6 ay ərzində onu dönə-dönə Avropa Şurasının gündəminə gətirəcək. Ölkənin bir az da gözdən düşməsini istəmirlərsə, Məmmədyarov hansısa cavab məktubu yazmağa məhkumdur. Yəni mümkündür bu, İsa Qəmbərin AŞ NK-nin hazırkı sədrinə sonuncu məktubu olmasın, davamı gəlsin.
Bu yerdə bəzi bədxahlar soruşa bilər ki, niyə Müsavat lideri qurultayla bağlı qurumun öncəki sədrinə müraciət etmirdi, Məmmədyarovun sədr olmasını gözləyirdi?
Razılaşaq ki, maraqlı suladır. Onu başqanın özünə ünvanlamaq daha məqbul olsa da, bir kontur-sual var: bəs niyə qurultay üçün adicə yer problemini hakimiyyət bu qədər şişirtdi ki, Azərbaycanın sədr olduğu dənəmə gəlib çıxdı? Siz olun Müsavatın yerində. Bacararsızmı?