Gənc əməkdaşımız Fərahim İlqaroğlunu linç eləmək istəyənlər yaxalandı. Doğrusu, mediası azad sayılmayan Azərbaycanda müstəqil jurnalistə qarşı sui-qəsdin üstünün vaxtında açılması adama təəccüblü gəlir. Ələlxüsus, başqa ünlü jurnalistin tutulduğu, yadfikirliliyə görə NİDA-çı gənclərə haqsız həbs cəzaları kəsildiyi günlərdə Fərahimi vəhşicəsinə döyənin, sifarişçinin içəri salınması xeyli təzadlı görünür.
Amma bu, artıq faktdır. Deyəsən, hadisə ən yüksək dairələrdə neqativ reaksiya və rezonans doğurub ki, birilərinin “düyməsi” basılıb. Kriminal olayla bağlı kifayət qədər operativliyin baş səbəbi yəqin ki, elə budur – ortada ali hakimiyyəti iradəsi görünür.
Niyə bu qənaətdəyik? Ona görə ki, mövcud hakimiyyətin dönəmində azad jurnalistlərə qarşı indiyədək neçə-neçə bənzər cinayət aktları törədilib, gəl ki, onların mütləq əksəriyyəti açılmamış qalıb. Təbii ki, “Monotor”un baş redaktoru Elmar Hüseynovun qətl işi də elə.
Ona görə bu qənaətdəyik ki, Azərbaycan hüququn aliliyi və məhkəmələrin müstəqilliyinin təmin olunduğu ölkə deyil. Belə ölkələrdə isə çox vaxt “birinci”nin iradəsi həlledici olur. O cümlədən hay-küylü siyasi-kriminal insidentlərin hüquqi qiyməti, günahkarın və yaxud “günahkar”ın taleyi adətən “yuxarıların” qiymətindən sonra müəyyənləşir (Gülər Əhmədovanın aqibəti buna təp-təzə sübutdur).
Hələ onu demirik ki, əməkdaşımızla bağlı cinayət işinin belə asanca açılmasını bəzi təhlilçilər hakimiyyətdaxili qrupların mübarizəsi ilə əlaqələndirir. Bütün bunlar isə o anlama gəlir ki, Fərahim vəhşicəsinə döyülən sonuncu jurnalist olmaya da bilər. Problem həm də bax, bundadır. Odur ki, bilmirsən müəmmalar, təzadlar ölkəsində cinayət işinin açılmasına sevinəsən, yoxsa…
Amma faktın özü şəksiz ki, pozitiv və təqdiredicidir. Yaxşıya yaxşı deyilməlidir. Gözləmək olar ki, bir müddət hər çapdan olan qoluzorlu nadürüstlər onsuz da sıraları ildən-ilə seyrələn, “Qırmızı kitab”a düşməkdə olan müstəqil media mənsublarına qarşı belə alçaqlığa əl atmaqdan çəkinərlər. İcraçılar və sifarişçilər cinayətə əl atmazdan qabaq düşünərlər ki, buna dəyərmi, birdən olmadı elə, oldu belə və arxamızdakı “bərkgedənlər” qaçdı, halımız necə olar o zaman?
Düzdür, hələ istintaq yekunlaşmayıb və Fərahimin işi ilə əlaqədar müstəntiqə güclü təzyiqlərin olduğu barədə məlumatlar var. Bu mənada eyforiyaya düşməyə lüzum yox. Qeyd elədik axı, bura hüququn aliliyi gözlənilməyən, avtoritar idarəçilikli məmləkət – Azərbaycandır. O qədər olub ki, zırıltı həbslər absurd hökmlərlə yekunlaşıb və ictimai gözləntilər özünü doğrultmayıb…
Aydındır ki, heç Tural Bayramov da hələ əsl sifarişçi deyil. Əsas sifarişçi ondan yuxarıda əyləşib. Kimdən söhbət gedir – bu da istintaqın görəvidir ki, onun və ya onların adını çəksin, cəmiyyətə bəyan eləsin.
Çəkəcəkmi, çəkə biləcəklərmi? Hər halda, Fərahim sırf yazılarına görə fiziki təzyiqə məruz qalıb, hansısa məişət söz-söhbətinə görə yox ki. Ailə qurmağa hazırlaşan gənc bir insana qarşı belə qəddar davranışın (reportyor çox ciddi xəsarət alıb əlil də ola bilərdi!) bir izahı, motivi olmalıdır, ya yox?
* * *
Mütəxəssislərə görə, dünyada ən təhlükəli peşələrin ön sırasında jurnalistika gəlir. Azərbaycanda bu peşə ikiqat-üçqat risklidir. Ən azı ona görə ki, bizdə artıq bir müxalif jurnalistin qanı batırılıb. Bəlkə heç olmasa, yerdə qalanlara – “Qırmızı kitab”dakılara toxunulmasın? Azərbaycan adına…