Gülər Əhmədovanın həbsi kimi vaxtından qabaq azadlığa buraxılması da hay-küylü oldu. Əslində cəmiyyətdə şok-filan yaşanmadı, çünki hadisə yetərincə gözlənilən idi və onu təxmin eləmişdik. Hər nəsə, indi yəqin ki, ən çox sevinən Gülər xanımın balaca oğludur. Sabiq deputat balasına, doğmalarına qovuşdu. Nə bilmək olar, bəlkə hələ əldən çıxdığı deputat mandatına da qovuşacaq…
Əlbəttə ki, biz qəddar deyilik. Allahdan da arzumuz budur ki, heç bir bala anasız qalmasın, bircə qadınımızın belə taleyinə məhbəs həyatı yazılmasın. Amma qadın da gərək qadın olsun, zənən kimi özünü aparsın, daha kişidən 5 çömçə artıq iddialara düşüb sonu labüd zindan olacaq “zırıltı işlərə” girişməsin, zərifliyini, balasını düşünsün. Gülər Əhmədova sadalananları zamanında fərq edibmi, peşmandımı indi? Nəhayət, islah olubmu?
Azadlıqda verdiyi ilk mini-müsahibədən qənaət hasil olur ki, yox. Deməli, sabah gedib bozbaşını bişirmək, ailəsinə evdarlıq eləmək, balasına baxmaq əvəzinə teleefirlərdən millətə mənəviyyat dərsi keçəcək yenə. Ana kimi, zərif məxluq olaraq yox, sanki heç nə olmayıbmış kimi məhz köhnə ampluasında görünməyə səy edəcək. Keşkə, yanılaydıq…
* * *
YAP icra katibi, baş nazirin müavini Əli Əhmədov dünən soydaşının azadlığa çıxmasından danışarkən məhkəmənin insanpərvərlik hisslərindən çıxış edərək belə qərar qəbul etdiyinə xüsusi vurğu salıb. Sitat: “İstənilən insanı bağışlamaq olar. Necə deyərlər, hüquq öz işini görüb. Qadın kimi, azyaşlı uşağı olması və digər yüngülləşdirici hallar nəzərə alınmaqla belə qərar qəbul olunub”.
“Qadın”, “azyaşlı uşaq”, “analıq”, “insanpərvərlik”… Olmaya insanpərvərlik də monopoliyaya alınıb bu məmləkətdə?.. Gülər balasına qovuşdu – tamam. Bəs dünən hərəsinə 6-7-8 il iş oxunan NİDA-çıların anası ana deyil? NİDA-çı Rəşadət Axundovun üzünə həsrət qaldığı 1 yaşlı Araz necə, azyaşlı, körpə sayılmır, Əli müəllim? Onları, Yadigarı, Tofiqi, İlqarı, istedadlı ilahiyyatçıları, məhbus jurnalistləri ana doğmayıb? Nəhayət, öz ananız yoxdu sizin, olmayıb ki?..
Necə olur, etmədiyi əmələ görə müxalifətçilərə, yad fikir daşıyıcılarına 6-7-8 il iş kəsilir, amma törətdiyi, az qala ölkəni dünyada rüsvay edən əmələ görə adam heç ilyarım içəridə yatmır?! Car çəkdiyiniz, qurduğunuz ədalətli, hüquqi dövlət, sistem bumu? Dövlət elə bu cür vəziyyətlərdə sarsılmırmı – cinayət varkən cəza olmayanda və günahsızlara cəza kəsiləndə?!
Məsələ də ondadır ki, həbs (azadlıq) var hakimiyyətin, millətin, dövlətin başını uca edir, həbs (azadlıq) da var – yerə soxur. Demokratik, hüquqi dövlətdə ikinci hal istisnadır. Çünki hakimiyyət qolları, o cümlədən məhkəmələr demokratik ölkədə müstəqildir və onlar məmurun, prezidentin yox, hüququn diktəsi əsasında hökm çıxarar…
* * *
Gülər Əhmədova isə heç siyasi məhbus da deyildi. Amma nə olsun, bəxti gətirdi ki, Azərbaycan da hüquqi dövlət deyil. Bununla hər şey net şəkildə bilinsə də yenə suallar sıralanır: dünya ictimaiyyətinin, Azərbaycan xalqının günahsız, siyasi-vicdan məhbusu saydığı insanları qoyub da qara işə görə tutulan şəxsə belə lütfkarlığın adı nədir görəsən? Demokratik dünyanı ikili standartlarda suçlayan iqtidar nədən daxildə ikili-üçlü standart siyasəti yürüdür? İndi ölkənin başını aşağı edən sizcə, nədir, kim(lər)dir? Bütün dünya yanlışda, bircə YAP hakimiyyəti haqlı ola bilərmi?..
* * *
Gün gələcək, mövcud rejim də tarixin arxivinə gedəcək, unudulacaq. Amma çıxarılan ədalətsiz qərarlar, edilən zalımlıqlar, qəddarlıqlar qalacaq, yaddan çıxmayacaq və mütləq biriləri haqda tarixin əks-hökmlərinə çevriləcək. Bəlkə sabahı da düşünəsiniz…