Artıq vəziyyət seçim etməyi tələb edir. Azərbaycan odla-suyun, konkretləşdirsək, Rusiya ilə Qərbin arasında qalıb, özü də hər ikisinin basqısı altında. Belə olan halda Qoşulmamaq Hərəkatının üzvü olduğumuzu bəyan edib kənarda sakit dayanmağımız mümkünsüzdür.
Belə durumda nicatı şimalda axtaranları anlamaq olmur. Bolşevik Rusiyası 20-ci illərdə Azərbaycana ordu yeridəndə buradan keçib Anadoluya gedəcəyini deyirdi. Ancaq o ordunun sonuncu əsgərləri yalnız 73 il sonra, Elçibəy hakimiyyəti dönəmində, elə bu may günlərində Azərbaycandan çıxarıldı. Bu, böyük bir tarixi hadisə idi. Rusiyaya icarəyə verilmiş Qəbələ RLS-in ajiotajsız-filansız fəaliyyətinin dayandırılması və Rusiya vətəndaşlarının oradan çıxarılması da Azərbaycanın milli maraqları baxımından ciddi olay idi.
Hətta Xaçmazdakı Rusiya vətəndaşları olan iki kəndin – Xraxoba və Üryanobanın sakinlərinin hay-küy qopmadan Rusiya ərazisinə köçürülməsi də sadə məsələ deyildi. Bütün bunlar ona görə edildi ki, Rusiya günün birində hansısa bəhanə ilə Azərbaycana ordu yeridə bilməsin. İndi bütün bunlardan sonra Rusiya bazalarının hansısa adlar altında Azərbaycanda yerləşdirilməsi ölkəmizin müstəqilliyinə dəhşətli zərbə olardı. Rusiyadan Qarabağı istədiyimiz yerdə bütövlükdə Azərbaycanı itirə bilərik. Son 200 ilin acı təcrübəsi bunu deyir…
Şübhə yox ki, zamanında müstəqilliyimizə qarşı çıxanlar bu gün həsrətlə Günəşin şimaldan doğacağı günü gözləyir. Ancaq ona da şübhəm yoxdur ki, müxalifətdə, cəmiyyətdə olduğu kimi hakimiyyət düşərgəsində də müstəqilliyimizin əbədi, dönməz və sarsılmaz olması üçün çalışanlar var. İnanmıram ki, bu gün Dövlət Bayraq Meydanındakı 162 metr hündürlükdə dalğalanan üçrəngli bayrağımızı əski sovet Azərbaycanının bayrağına dəyişmək istəyən ciddi səlahiyyət sahibi tapılsın.
Ancaq bu gün hakim çevrədən ittihamlar daha çox Qərbə ünvanlanır, Rusiya ilə ehtiyatlı davranılır. Parlamentin son iclasında Rusiya pasportları ilə bağlı təhlükədən danışılması isə artıq yeni mərhələdən xəbər verir. Artıq hakimiyyətdə də görürlər ki, çeşidli layihələr SSRİ-nin bərpasına hesablanıb. Vaxtilə skinhedlər “gəlmələr”ə – azərbaycanlı miqrantlara od qoyanda bu siyasətin təməli qoyuldu.
Azərbaycanlıların külli miqdarda vəsaitinin talanması ilə nəticələnən bazarların bağlanmasını da sakitcə seyr etdik. Putin Bakıya hərbi gəmi ilə gəldi, dedik dost gəlişidir, indi də Rusiya pasportları paylayır. Rusiya pasportu alan şəxslər Azərbaycan vətəndaşlığından çıxarılarsa, 9,5 milyonluq Azərbaycan Rusiyada yaşayan 3 milyon vətəndaşını itirmək təhlükəsi ilə üz-üzə qalacaq. Vəziyyət bu dərəcədə qəlizdir.
Ancaq daha böyük təhlükə irəlidədir. Ona görə də seçim edilməlidir. Azərbaycanda indiki durumun davam etməsi Rusiya üçün əlverişli vəziyyət yaradır: Qərb Bakını sıxmaqda davam edəcək və nəticəsə Azərbaycan şimala meyil edəcək. Lakin Avropanın bütün bəhanələrinə, nazına, təzyiqlərinə dözmək, ölkədə islahatlarla bağlı sürətli qərarlar vermək, milli barışığa gətirib çıxaracaq böyük amnistiya elan etmək lazımdır.
Biz bu gün təkcə Avropa və Rusiya arasında seçim etməməliyik.
Seçim həm də Qarabağla bağlı olmalıdır. Aydınlaşdırmalıyıq ki, biz Qarabağı qaytarmaq istəyiriksə, hansı yolu seçirik? Sülh danışıqlarına üstünlük verdiyini, Bakıda 30 min erməni gəlinimizin, 90 min erməni uşağının, Qarabağda 100 min erməni vətəndaşının olduğunu bəyan edən dövlətdə kiminsə ermənilərlə görüşdüyünə görə təqib olunursa, bu, anlaşılmır.
Əgər savaş qərarı verəcəksə, onda buyurun, ermənilərlə əlaqələri birdəfəlik kəsin, kim gedəcəksə, “cümlə xəyanətlərə bais” o olsun. Ancaq əgər Azərbaycan icması Qarabağ erməniləri ilə təmasa can atırsa, yüksək səviyyədə görüşlər keçirilməkdə davam edirsə, bir çox hallarda ermənilər Bakını görməyə çağırılırsa, onda yanaşma dəyişməlidir. Ya erməni ilə düşmən kimi davranmalı, ya da qonşu (Ermənistan) və ya Azərbaycanın vətəndaşları (Qarabağ erməniləri) kimi. Bütün yollar isə QARABAĞA APARMALIDIR! O hədəfə çatmaq naminə bütün umu-küsüləri bir tərəfə atmaq gərək, sadə vətəndaşla da, müxalifətlə də, Amerika, ya Avropa ilə də…
Bir də ki, Qarabağın açarı Rusiyada ola bilər, ancaq Moskva o paslı açarı bir daha bizə qaytarmayacaq, Zəngəzurun, Göyçənin, Mehrinin, dəmirqapı Dərbəndin açarı kimi. Üstəlik, tarix boyu şimaldan külək görmüşük, günəş yox…