Krım məsələsi hələ bir müddət beynəlxalq gündəmdə öz məxsusi yerini saxlayacaq. Yəqin ta o vaxtadək ki, yarımadanın Rusiya tərəfindən ilhaqı dünya birliyinin dürüst hüquqi qiymətini alacaq, Qərbin Moskva ilə münasibətlərinə net şəkildə aydınlıq gələcək.
Hələ ki, ilhaqın təkan verdiyi proseslər yekunlaşmayıb. Hərgah, özünə və beynəlxalq normalara hörmət edən dövlətlərin hamısı – nə yaxşı ki, onlar çoxluq təşkil edir – Rusiyanın Ukraynadakı hərəkətlərini birmənalı olaraq pisləyib. Təcavüzkar Ermənistan tipli cəmi 11 qeyri-demokratik, “izqoy” ölkə isə Kremli müdafiə etdiklərini bəyanlayıblar.
Amma işə bax ki, bütün dinc vasitələrlə Rusiyanı ram eləməyə çalışan Qərb dövlətləri Azərbaycana qarşı eyni hərəkətlərə yol vermiş Ermənistanın başını tumarlamaqda davam edir. Putinə və ətrafına qarşı sanksiyaları get-gedə sərtləşdirən ABŞ, Avropa ölkələri cırtdan Ermənistana nədənsə bir az da geniş qucaq açır, onu zor-xoş Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramına qoşmağa səy edirlər; işğalçı dövlətin prezidenti Serj Sərkisyanı mötəbər Avropa strukturlarının ali toplantılarına, sammitlərə dəvət edib Xocalı hərbi canisinin dili ilə Türkiyəni, Azərbaycanı söydürürlər. Cəzasızlıq mühitindən yararlanan düşmən ölkə başçısı üstəlik, ali tribunalardan permanent şəkildə, həyasızcasına Türkiyənin, Azərbaycanın ünvanına hədyanlar yağdırır, guya Ermənistanın haqsız yerə blokadaya alınması barədə Qərbə nağıllar danışır. İndi buna gözəlim Qərbin ikili-üçlü standartı deməyək də, nə deyək?!.
***
“Dünya görür ki, Rusiya bütün anlaşmaları və beynəlxalq hüququ pozur. Hamı bilir ki, separatçıların arxasında Moskva dayanıb. Biz rusiyalıların cəzalandırılmasında maraqlı deyilik, ancaq Putin və ətrafı cəzalandırılmalıdır”. Bu sözləri srağagün Ağ Evdə Almaniya kansleri Merkellə görüşdən sonra keçirilən mətbuat konfransında prezident Barak Obama deyib.
Çox pakizə. Bəs Ermənistan “bütün anlaşmaları və beynəlxalq hüququ” pozmayıb? Dağlıq Qarabağdakı separatizmin arxasında dayanan İrəvan deyil bəyəm? Nədən Putini və ətrafını işğala görə cəzalandırmaq istəyən ABŞ prezidentinin yadına Sərkisyan və ətrafı düşməsin? Niyə görə Vaşinqton rəsmiləri, Bakıdakı Amerika səfirləri bircə dəfə olsun “Azərbaycan torpaqları da Ermənistanın təcavüzünə məruz qalıb” bəyanatı səsləndirməyiblər, dağıdıcı erməni separatçılığını pisləməyiblər? ABŞ erməni lobbisindənmi çəkinir? Bəlkə xristian amili mane olur? Bildiyimiz qədər, Obamanın bir tərəfi müsəlmandır…
Səbəb nədirsə, ona görə Amerikanın dünyadakı müsbət imicini zədələməyə dəymir. Söz düşmüşkən, indiyədək ABŞ-ın bir neçə ştatı qondarma “DQR”i tanıyan qərarlar qəbul edib. Mayın 8-də – Şuşanın işğal günündə isə Kaliforniya ştatının qanunverici məclisi analoji addımı atmağa hazırlaşır. Beləcə, bir tərəfdən ABŞ Konqresinin üzvləri, respublikaçı Con Makkeyn separatçılığa dəstəyə görə Putini amansız şəkildə cəzalandırmaq təklifi səsləndirirsə, digər yandan, onların ştatdakı həmkarları tam əks mövqe tutaraq dünyada etnik separatizmi şirnikləndirən, ölkələrin ərazi bütövlüyə qəsdi təqdir edən qərar vermək istəyirlər. Amerikaya inam-etimad, onun dürüstlüyü, “demokratiya beşiyi” olması şübhə altına düşər, düşməz?
ABŞ-ın, Qərbin ikili standartlarına dəlalət edən növbəti isti fakt: BMT Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunmuş sonuncu toplantısında ABŞ-ın qurumdakı nümayəndəsi Samanta Pauer Rusiyanı kəskin formada tənqid edərək Şərqi Ukraynada baş verənlərin Rusiyanın Gürcüstandakı hərəkətlərinə çox bənzədiyini bildirib və Gürcüstan ərazisinin işğal edildiyini söyləyib…
***
Rusiyanın işğalçı adlandırılmasını biz dəfələrlə sabiq dövlət katibi Hillari Klintonun dilindən də eşitmişik. Ancaq buna bənzər aşıqlama nədənsə Azərbaycan haqda verilmir. Niyəsini Ağ Ev rəsmiləri nəhayət, Azərbaycan xalqına izah eləsəydilər, Rusiya ilə Amerikanın fərqini bilərdik – zira, işğalçıya (Ermənistana) dəstək vermək elə işğalçılıq kimi bir şeydir.
Nəhayət, öz işimizi də bilərdik ki, bundan sonra it hürən tərəfə gedək, yoxsa işıq gələn tərəfə…