Belə baxanda dünya üzərində biabır ola bilərdik. Təsəvvür elə, inqilab baş verir, hakimiyyət dəyişilir, müxbirlər tökülüşür gəlir, hadisələr necə başlandı sualına cavab bu cür olur: “Əşşi, heç nə, gül kimi yaşayırdıq, universitetin hasarı da var idi, hətta kitabxanaçılıq fakültəsinin tualeti təmir edilmişdi, ancaq müəllimlərdən biri tələbəni kəsmişdi, sonra kəsir söhbəti böyüdü…” Düzdür, bizim bundan qabaqkı inqilabımız da armud ağacına görə başlanmışdı, ancaq hər halda armud ağacının azı ekoloji önəmi var. Yoxsa sən kəsirə görə dur inqilab elə…
Bu baxımdan, universitet müəllimlərinin “Öncə vətəndir!” şüarı ilə bitən, tələbələri sülhə, birliyə, vətənpərvərliyə, Qarabağ sevgisinə dəvət edən müraciəti çox yaxşı oldu. Yerinə düşdü. Dünən həmçinin təhsil nazirinin də yadına düşüb ki, o təzə təhsil naziridir, daha Barselonada yaşamır və problemə münasibət bildirib. Dərinə getməyəcəyəm, ancaq ilk baxışdan nazirin tələbələrin tərəfində olmasını zənn etdim.
Tədbirlər hərtərəfli davam etməlidir. BDU-nun qapıları da ciddi mövzu olub. Dünən ali məktəb rəhbərliyi bildirdi ki, daha universitetə girdiyin qapıdan… çıxa bilməzsən. Çıxış qapısı ayrıdır. Əhsən. Bu həm kənar ünsürlərin universitet ərazisinə girib etiraz aksiyası keçirtməsinə, həm də qapılarda basabas yaranmasına imkan verməyəcəkdir.
Lakin bunlar yetərlidirmi? Fikrimcə yox. Mən daha ciddi, radikal, Azərbaycanın adına layiq, analoqu olmayan təklif irəli sürərdim: qoy tələbələr universitetə girib ordan təhsil müddəti ərzində ümumiyyətlə bayıra buraxılmasınlar. 4-5 il ərzində oxusunlar, yemək, su, paltar təchizatını da valideynlər qapıdan verə bilərlər. Həftənin müəyyən günlərində. Yaxşı oxuyan tələbəyə valideynlə 1 uzunmüddətli görüş hüququ tanına bilər. Rektorun çantasını daşıyan tələbə isə hətta bir həftəliyə evə də buraxılsın.
Vəssalam. Görün onda respublikamızda təhsil necə inkişaf edəcəkdir. Ümid edirəm dünəndən başlayan yeni “təkqapı” siyasətinin axırı məhz mənim yazdığım təhsilçəkmə müəssisəsinə gətirib çıxaracaqdır. Başqa yolu yox artıq! Ya Qarabağ, ya ölüm! (Axırıncı cümlə ayrı yazıdan idi, ancaq ziyanı yoxdur, həmişə aktualdır).
Əlbəttə, tələbələr qarışıqlıq salmasalar respublikamızın inkişafı ən müxtəlif detallarda görünür. Misal üçün, bugünlərdə Sabunçu rayonunda atışma düşdü, polis rəisinin müavini yaralandı. Məni polisin el arasındakı ləqəbi cəlb elədi: ona “Akula” deyirmişlər. Vaxtilə Şəkidə polis rəisi var idi – 2000-ci ildə – adı Hamlet idi, ancaq camaat ona da Akula deyirdi. “Qara polkovnik” Hacı müəllim isə məhkəməsində demişdi ki, özündən başqa çöldə osminoqlar var. Hələ bunlar tanıdıqlarımızdır. Görün nə qədər zənginlikdir… Okeana çıxışı olmayan gənc, müstəqil respublikamızda akula və osminoqların yaşaması sevindirici haldır.
Hüquq-mühafizə orqanlarının cəsur fəaliyyəti sayəsində Bakıda yaxalanan rüşvətxor qrupun da iş yerləri olduqca maraqlı gəldi. Onlar uca millətimizdən, sevgili xalqımızdan rüşvət istəyərkən özlərini “Kölgəli İqtisadiyyat və Korrupsiya”, “İqtisadiyyat və kölgə” qəzetlərinin əməkdaşları kimi təqdim edirmişlər. Siz insanlardakı fantaziya genişliyinə, yaradıcılıq qabiliyyətinə baxın! Heç vaxt “İqtisadiyyat və kölgə” kimi romantik adlı mətbuat orqanı təsis edə bilməzdim. Bunu fikirləşən insanı niyə tutursunuz? Dövlətçilik naminə işlətmək lazımdır.
Yazını sovet dövrü bir el şairinin Gəncədə yazdığı misralarla bitirirəm:
“Maqadana aparıram, satmaq üçün sarımsağı,
Dolanmağa qoymur məni öz yurdumun qurumsağı”.