Dünən Bakı Dövlət Universitetində tələbələrin etiraz aksiyası olmuşdu. Onlar kəsirlərə görə pul ödənməsi qaydasına etiraz edirlər. Ya da buna bənzər bir şeydir – açığı, Azərbaycan təhsil sisteminə çoxdandır heç bir ümid bəsləmədiyim üçün orda konkret hansı qanuni və qeyri-qanuni proseslərin getməsiylə maraqlanmıram. Bizim təhsil sistemində yalnız qəhrəmanlar özlərini xilas edə bilirlər, mütəxəssis və insan kimi yetişirlər. Qalan böyük kütlə elə kütlədir.
Mən aksiya haqda xəbərlərdə bir maraqlı detal gördüm. Yazmışdılar ki, mitinqin virtual təşkilatçısı fəlsəfə fakültəsinin 1-ci kurs tələbəsi Ofeliya Abdullayeva imiş. Universitetin Tələbə Həmkarlar Təşkilatının sədri Daşqın Qənbərov hafta.az saytına deyib ki, Abdullayevanı qəbul elədik, ondan izahat aldıq.
Təsəvvür edirsinizmi? Vəzifəsi tələbələri qorumaq olan həmkar təşkilatı nəinki onlarla birgə etiraza qoşulur, əksinə, polis kimi onlardan izahat-zad alır. Bəlkə orda həmkarların gizli həbsxanası-filanı da var? Dikbaş tələbələri tutub qauptvaxta salırlar. Keçən il BDU jurnalistika fakültəsinin tələbələri Balıq Hafiz kimi səviyyəsiz, düşük tipin mitinqinə sürüdülüb aparılandan sonra mən oranın müəllimlərindən hər şey gözləyirəm.
BDU mətbuat xidmətinin açıqlaması da məzəli idi. Deyilirdi ki, aksiyanı dağıtmaq üçün polis çağırılmayıb. Bəs görəsən, foto və videolardakı polislər kim olub, azı 3 tələbəni kim tutub aparmışdı?
Bundan başqa, mətbuat xidmətinin sözlərinə görə əslində orda aksiya olmayıb, toplaşanlar isə… başqa universitetlərin tələbələri və tələbə olmayan naməlum şəxslər imiş. Ancaq buna baxmayaraq, sabah universitet rəhbərliyi yeni qaydaları izah etmək üçün tələbələrlə görüş keçirdəcək.
Əcəb işdir. Yəqin rektor “başqa universitetlərin tələbələrini və tələbə olmayan şəxsləri” qəbul edəcək. Bizim təhsil sistemindən şeytan da baş açmaz…
Hərçənd deputat restoranda masanın altında gizlənib jurnalistlərin danışığını qeydə alırsa, rektor niyə tələbə olmayanları qəbul eləməsin? Bizdə bu praktika çoxdan var. Hətta Prezident Administrasiyasında “rayon zəhmətkeşi” deyə ştat vahidi qeydə alınmışdır. Bu zəhmətkeşlər cənab prezidenti rayon səfərlərində müşayiət edirlər. Kürdəmirdə “Kürdəmir zəhmətkeşi” olurlar, Qazaxda “Qazax rayon sakini”, Bakıda “paytaxt sakini” və sairə. Ölkəmiz inkişaf etdikcə hələ çox şeylər görəcəyik. Məsələn, dünən mənim Ağır Cinayətkar Məhkəmədə gördüyüm hadisə kimi unikal hadisələr.
NİDA Vətəndaş Hərəkatının qanunsuz həbs edilən üzvlərinə qurulan növbəti oyuncaq proses keçirilirdi. Ancaq iclas başlayan anda da təxirə salındı. Sizcə, niyə? Unikal bir səbəb üzündən: gənc dustaq İlkin Rüstəmzadənin əlinə vurulan qandalı açmaq mümkün olmamışdı! Biz bundan istifadə edib dərhal gözəl dostumuz, hazırda Azərbaycanın üzünü ağardan azsaylı mərd oğullardan biri olan İlkin bəylə zarafatlaşmağa başladıq: “Vəssalam, indi əlini kəsəcəklər”, “Rejimin qandalları da özü kimi brakdır”, “Prezident özünə yüz milyonluq təyyarə alır, bizə təzə qandalı da qıymır” və sairə.
Ancaq açılması çətin olan həmin qandal eyni zamanda müsbət bir simvol idi. Demək, rejimin qandalları da paslanıb, çürüyüb, açanda bağlamaq, bağlayanda açmaq çətinləşib.
Başqa bir simvol isə Avstriyada göründü. 17 fevralda orda məhkəmə başlayıb. Yerli bankın direktoru… Azərbaycan manatını çap eləmək üçün Azərbaycan hakimiyyətinə rüşvət verməkdə ittiham edilir.
Gördünüzmü? Dünyada harda belə şey olub? Doğrudan da analoqu yoxdur. Rüşvət verdiyimiz pul rüşvətlə çap olunubmuş. Maya xarabdır.