Dünən Anar Məmmədovun yeni mahnısı yalan olmasın, bütün saytlarda yayılmışdı. Mən də maraqla qulaq asdım, çünki Anar müəllim balaca insan deyil, adi bəstəkar da sayılmaz. Anar müəllim nəqliyyat naziri Ziya müəllimin oğludur (mən özüm bunların hamısını qəsdən müəllim yazıram, çünki müəllim adına respublikada artıq qara qəpiklik hörmət qalmayıbdır), nəqliyyat sektorunda inhisarçı “Transgeyt”in və zırpı holdinqlərimizdən “Qarant”ın şefidir.
Vəzifələr bununla da bitmir. Anar müəllim Amerika-Azərbaycan Alyansının şefidir və hər kvartalda Vaşinqtonda bir sürü ac amerikalı konqresmenə-zada kürü yaxmacı verir. Bundan başqa deşiyə şar salmaq idmanı – qolf üzrə milli federasiyanın müdiridir. Ucar avtovağzalındakı kassirlərin, Qovlar dəmiryolu stansiyasında yol tənzimləyicilərinin, “Azərsat” peykindəki bələdçilərin, Biləcəri deposunda vaqon yuyanların müdiri və sairə – bunlar da Anar müəllimin saysız-hesabsız vəzifələrindən qısa hissəciklərdir. Adam hətta heyrətlənir ki, belə bacarıqlı insanı niyə indiyə qədər deputatxana üzvlüyünə seçməyibdirlər. Nankor millətdir. Babəki satan, Pişəvərini avtoqəzaya salan xalqdan nə gözləyəsən?
Uzun sözün qısası, bu cür vacib insanın mahnıları diqqət cəlb etməyə bilməz. O üzdən mən Abbas Bağırov adlı gənc müğənninin oxuduğu mahnını çox böyük maraqla dinlədim. Mahnının həm musiqisi, həm sözləri Anar müəllimə məxsusdur. Necə deyərlər, Anar müəllim nəğməkar şairdir. Bir qalıb oxumağı, yəqin o da olar.
Öncə mahnının musiqisi haqda. Burdan Anar müəllimə üzümü tutub deyirəm ki, ayıbdır, bir də belə musiqi yazmasın. Çünki buna qulaq asıb çətin geri dönən olsun. Buna qulaq asıb ancaq dabana tüpürüb qaçmaq olar ki, belə zövqsüz adamdan mümkün qədər uzaqda dayanasan. Bilmirəm, bəlkə də manıs o mahnını oxuyanda qarnı ağrıyırmış. Ya da oxuyandan sonra qarnı ağrıyıb. İki haldan biri mütləqdir.
Bu baxımdan, musiqi üzərində çox dayanmayaq, çünki dayanmalı bir şey də yoxdur. Anar müəllimin avtobuslarında marşrut şoferləri bundan min qat zövqlü musiqilərə qulaq asır. Düşük aparıcılar demiş, keçid alaq sözlərə.
“Mən həyatımda bu qədər sevmədim,
Ayrılıq sözləri ağlımdan keçmədi,
Demə aldanmışam, eşqə kor baxmışam,
Dünyanın hər üzü yalanmış.
Boş xəyal qurmuşam,
Nağıllar qurmuşam,
Qismətdə ayrılıq varmış.
hey
Geri dön, mənə bir gün
Yanıma nə olar dön
gör sənsiz necə oluram.
Zamanı geri qaytar,
Özümü mənə qaytar,
Geri dön, dəli oluram.
Mən həyatımda belə bağlanmadım
Dedilər gəlməz, yenə də inanmadım”.
Mahnının sözləri tam olaraq bundan ibarətdir, 4 dəqiqə ərzində Abbas müəllim dayanmadan bunları təkrar edir. Açığı, musiqiyə baxanda Anar müəllimin poeziyada böyük uğurlar qazandığını deyə bilərik. Məsələn, mən ondan “Yolla gedir avtobus, Papam alıb qlobus” tipində şeirlər gözləyirdim. Ancaq bu poeziyada da qəmgin, kədərli, küskün, bədbin, xudbin, kəskin, miskin, çiskin, quşqun notlar vardır.
O boyda şirkətlər quran, holdinq yaradan insan yazır ki, nağıllar qurmuşam, boş xəyallar qurmuşam. Ta biz iqtisadiyyatdakı uğurlarımıza necə inanaq? Ayıb deyilmi, Anar müəllim? Bəs gənclər bu mahnıdan hansı ibrət dərsi alsınlar? Hələ o arada nəqərat yerinə səslənən “Hey” nə deməkdir?
Anar bəyin “dəli oluram” sözləri isə ciddi narahatlıq doğurur. Bu dəli olandan sonra Qolf Federasiyasına kim rəhbərlik edəcək?
Hesab edirəm ABŞ səfiri Morninqstar da narahat olmalıdır. Çünki Anar müəllimin istədiyi o naməlum şəxs geri dönməsə sabah konqresmenlərə qonaqlığı verənlərin siyahısı qısalacaqdır.
Ancaq “Geri dön” mahnısının sürücüləri döyüb geri dönmədən qaçan nəqliyyat müfəttişləri arasında populyar olacağı şübhəsizdir.