Təcrübə göstərir ki, reklam bir elə də yaxşı şey deyil. Adam əvvəlcə gözə, sonra hədəfə gəlir, öncə dilə-dişə, sonra zibilə düşür.
Əlimin altında çoxlu parlaq örnəklər var, yadıma düşənlərdən bir-ikisini aydırıram.
102 il əvvəl “Titanik” gəmisinin reklamı bütün Avropanı başına götürübmüş. Reklamçılar deyirmiş ki, bu gəmini heç Allah da batıra bilməz. Amma nə oldu? “Titanik”i adi bir buz dağı batırdı, kinosuna baxmısınız, bilirsiniz. Nə qədər adam da o reklamın zibilinə düşdü. Bəlkə də gəmi o cür reklam olunmasa, 3-4 yüz adam səyahətə məhz bu “üzən saray”da getməyəcək, salamat qalacaqdı.
Sovet dövləti ilk kosmonavt Yuri Qaqarinin başını reklam edə-edə yedi. Ya Yuraya bədnəzər gözü dəydi, ya çox təriflənməkdən, başqa sözlə, müvəffəqiyyətdən başgicəllənməsi oldu, hər necəsə, yazıq ömrünün ən yaxşı vaxtında həlak oldu.
Reyqanın vaxtında ABŞ dövləti bir kosmik gəmi qayırmışdı, adını “Çellincer” qoymuşdu, deyirdilər, ta dünya üzərində bundan yaxşı kosmik gəmi olmayıb və yoxdur. Prezidentli-senatorlu, bütün millət yığışıb adı “duelçi” mənası verən “Çellincer”in kosmosa qalxmasına baxırdılar. Startdan cəmi 7-8 saniyə sonra gəmi göydə partladı.
Yəni bir texniki nailiyyəti, yaxud bir alimi, idmançını, sənətçini, yazıçını, siyasətçini gərək çox dilə-dişə salmayasan. Mütləq bir çıxacağı çıxır.
Atalar da deyib ki, yaxşı malın reklama ehtiyacı yoxdur. Məsələn, bütün dünya bir-birini rus malı “Kalaşnikov”la öldürür, amma heç görmüsünüzmü bunu ruslar özləri reklam edə? Əksinə, həmişə başqaları deyirlər ki, maşında alman, silahda rus, cihazda yapon…
Gələk mətləb üstünə. Məşhur iş adamı Əli Ağaoğlu reklam olunmağı sevən adam idi. Hətta öz şirkətinin reklamlarına da özü çəkilirdi. Bir də görürdün, hansısa televiziya verilişinə öz şəxsi helikopterində gəldi. Yerdə çəkiliş, göydə çəkiliş, eyvandan görüntü, damdan panorama, studiyada fotosessiya… hay-huy. Bütün Türkiyə ondan danışırdı. Hazırda yenə ondan danışırlar, deyirlər, ünlü iş adamı kələpçələnib.
Amma Türkiyədə bir Rəhmi Koç var, gələ redaksiyanın qapısını aça, girə içəri, deyə ki, mən Rəhmi amcayam, bir kəs onu tanımaz. Nədən? Ondan ki, bu adamın şəklini bir dəfə də görməmişik. Adam özünü reklam etməyi sevmir. Hələ oralarda bir Qaramehmet adlı milyarder də var, o da üzdə görünmür. Əvəzində nə vaxt Türkiyə mediasına baxırdın, görərdin: “Reza Zərrab Ebru Gündeşə villa aldı”; “Azəri iş adamı eşinə pırlanta bağışladı”; “Reza Zərrab qızıl külçələri uçaqda unutdu”; “Reza Zerrab burdan getdi”; “Ebru Gündəşin eşi filan yerdə göründü” və s. və i.a. Axırı nə oldu? Axırıncı dəfə onu əmniyyətdə qolubağlı görüblər.
Gərək Mübariz Mənsimov ona və o birilərinə baxsın, dərs götürsün. O da eyzən manşetlərdədir. Hələ bizim Hacı İbrahim Nehrəmli də ehtiyatlı olmalıdır.
Çünki dünya qarğa-quzğunla doludur, hamısı da müftə leş axtarır, görəndə ki, filan yerdə dişə-dırnağa gələn təam var, gəlib qıyya çəkə-çəkə başına dolanırlar ki, hərəsi girəvələyib bir dimdik vursun.
Beş-altı il əvvəl idi, bir simsar adam yeni ticarət obyekti açmışdı, intəhası, daldabasar yerdəydi. Dedim, arkadaş, burda işiniz rəvan getməz, gəlin qəzetə-filana bir-iki ay reklam verin, hamı bilsin ki, şəhərdə ən yaxşı filan malı siz satırsınız, müştəriləriniz də artsın, gəliriniz də. İş adamı müdrik-müdrik üzümə baxaraq dedi: “Yox, qohum, sən bilmirsən, reklam versək, müştərilər gəlməmiş hökumət adamları gələcək ki, artırmısınız, qudurmusunuz, reklam verirsiz, ayda filan qədər də bizə verin. İndi yaxşıdır, yerimizi biri bilirsə də, beşi bilmir, üstəlik, gələn olanda kasıbçılıqdı deyirik, az xəracla yola veririk. Reklam versək, ağlamağın xeyri olmayacaq, nəyimiz varsa, əlimizdən alacaqlar.
Bax, bu ölkədə iş-güc adamları reklamı ona görə sevmirlər. Adı çox çəkilən adam gedir – ya tutub içəri qoyurlar, ya müflis edirlər, ya da didərgin salırlar.
Hətta eşitmişəm ki, çox fəallıq edən bir neçə deputatı 2015-də yenidən seçilməyə qoymayacaqlar.
Bu regionun qaydası budur: təvazökar olacaqsan, başın salamat qalacaq.