Düzü, 10 il öncə çox şiddətlə arzu edirdim ki, Abutalıbovu Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarsınlar. Bu, əsasən ona görəydi ki, o, televiziyada çox çığırırdı, bu isə mənim meteohəssas orqanizmimə mənfi təsir göstərirdi.
Yadıma düşür ki, o vədələr yağsız araba təkəri kimi səslər çığırdığına görə ona “Armudqalıbov” ayaması vermişdim. Əslində, Hacıbala müəllimin çığırmağı o qədər də haqsız deyildi. 16 oktyabrda müxalifətçilər onun səkilərini dağıtmış, təxminən 47 daşı yerindən sökərək, şəhər təsərrüfatına 5 milyon ziyan vurmuşdular. Sonradan dağılmış şəhəri bərpa etmək üçün hər daşa təxminən 100 min manat xərc çəkildi. “Bu gün də yağış yağanda divarlardan qara qan sızır”.
Ondan sonrakı illərdə BŞİH (onu da deyim ki, onun vəzifəsinin adının “mer”, ofisinin “meriya” göstərilməsi yanlışdır – bu, təxminən helikopter sürənə kosmonavt demək kimi bir şeydir) başçısının vəzifədən götürülməsi xəbəri yayılanda xalqımız nəyə görəsə çox sevinirdi. Niyə bu adamdan hamının zəhləsi gedirdi, sirr-xudadır. Əslində, o digər ağıllı, müdrik görünən başçılardan pis adam deyildi.
Düzdür, bir dəfə xəbər çıxdı ki, onun oğlu öz “Hammer”ini hansısa bahalı xəz mağazasının qarşısında saxlayıb, sevgilisi ilə mağazaya daxil olub, 4-5 minlik xəz paltoya baxıblar, satıcı qızlar nəsə bir qabalıq eləyib, ya kimsə bu cütlüyün xətrinə dəyib, hər nə olubsa, gənclər xəz paltonun pulunu verib, alıblar, çıxıb “Hammer”inin kapotunun tozunu silib, yerə atıb, tapdalayıb və göstəriblər ki, onların dünya malında gözü yoxdur.
Bu hadisəni gözüylə görənlər and içirdilər, mağazanın adını da çəkirdilər. “Bəlkə heç merin oğlu olmayıb, başqasının oğlu olub” sualı qoyaraq, söhbətin həqiqiliyini şübhə altına alanlar vardı, amma hal şahidləri öz regionlarının ən ağır seyidinin cəddinə and içirdilər, inanmamaq mümkün deyildi.
Bax, bu söhbətdən sonra hamı istəyirdi ki, nəhayət, Abutalıbovu vəzifədn çıxarsınlar ki, camaat gedib xəz bazarlığı edə bilsin. Yoxsa nə biləsən ki, bu xəz üç gün (bir ay) öncə asfaltın üstündə şəlpəyə döndərilmiş, sonradan təmizlənmiş xəzdir.
Amma bir müddət keçdi, bu söhbət unuduldu, xəbər gəldi ki, xəz paltoların qənimi namaz qılır, oruc tutur, ruhani olub. Bundan sonra xalq paytaxt rəhbəri əfv etdi.
Arada bir dəfə də Abutalıbovun vəzifədən götürülməsi xəbəri yayılmışdı. Yenə çoxları sevinirdi ki, nəhayət, paytaxtın canı ondan qurtaracaq. Ancaq xəbər yenə də təsdiqlənmədi. Deyirdilər ki, guya işdən götürülmə xəbəri müəllimin özünün də qulağına çatandan sonra depressiyaya girmiş halda kabinetinə daxil olub və 1-2 saat səs-sorağı gəlməyib. Köməkçi narahat olub, onun kabinetinə girib və görüb ki, bay, paytaxt rəhbəri artıq lüstrdən asılmış kəndirin ilgəyini boğazına keçirmək üzrədir. Köməkçi onu ipdən alıb və olay barədə lazımi yerlərə xəbər verilib. Onlar da deyiblər, yaxşı, hələlik qalıb işləsin, özünə bir şey edər, işə düşərik.
O hadisə sonuncu olmadı, ondan sonra da azı üç dəfə Abutalıbovun işdən götürülməsi xəbəri yayıldı və xəbər yenə də təkzib olundu. Hətta danışırdılar ki, o xəbərlərin birini Hacıbala müəllim şəxsən özü təşkil edib, heç demə, bilirmiş ki, belə xəbərlər öncədən mediaya sızanda ölkə rəhbərliyi planını dəyişir. Beləcə, bu pəstəha da işə yarayıb.
Budur, yenə xəbər yayılıb ki, müəllim gedir. İndi hamı gülür, bu xüsusda zarafat edir. Əslində, indi camaat onun vəzifədən götürülməsini daha az istəyir, deyirlər, yerinə gələn bundan da pis olacaq, yenə üzümüz-gözümüz buna öyrəşib, yağış yağanda da söyürük, qar yağanda da, hətta külək əsəndə də. “Şapalaqlanan kukla” rolu oynayaraq mənfi enerjimizi çıxarmaq üçün ideal fiqurdur.
Kim bilir, onun yerinə kimi qoyacaqlar. Eləsini qoya bilərlər ki, oğlu “Hammer” yox, “Ferrari”, “Buqatti” minib gedər sevgilisinə xəz palto almağa… İndi otur gözlə ki, yeni başçının oğlu nə vaxt ağıllanacaq, mənəvi baxımdan kamilləşəcək, dinə-imana gələcək.
BŞİH başçısı postuna elə adlar çəkirlər ki, vallahi, indidən kütləvi şəkildə İbrahim kişiyə rəhmət oxumalıyıq.
P.S. Ibrahim kişi Hacıbala müəllimin atasıdır. Allah ona rəhmət eləsin.