Lap düzünə qalsa, mən fransız öncəgörəni Mişel Nostradamusun əsərlərini oxumamışam, amma gendən-genə xəbərim var. İllərdir araşdırmaçılar rəhmətliyin katrenlərinin içində eşələnir, axırda hansısa baş vermiş hadisənin “iz”ini tapırlar, biz də oxuyuruq. Məlum olur ki, Nostradamus üstüörtülü şəkildə filan cür haqq-hesabların olacağını yazıbmış.
Məsələn, əgər o, öz katrenində “bir göbələk əmələ gələcək, asimana qovzayacaq” deyə yazıb, indi araşdırmaçılar iddia edirlər ki, bu, Xirosimaya atılmış atom bombasının partlamasından sonra əmələ gələn göbələyəbənzər buluda işarədir.
Yaxşı-yaxşı axtarsaq, bəlkə də Nostradamus uzaq gələcəkdə insanların televizor və mobil telefonlar işlədəcəklərini də yazıb. Necə ki, mərhum görücü “Gələcəkdə səmada qanadı dəmirdən olan nəhəng quşlar uçacaq” deyə müasir təyyarələrin düzəldiləcəyini anons edib.
Xüləs, dünyanın hər tərəfində olduğu kimi, ölkəmizdə də Nostradamus irsinin araşdırıcıları var və biz bu cür elm adamları ilə qürur duyuruq.
Yaxşı olardı ki, öz dühalarımız, məsələn, Nəsimi və ya Füzuli də o dövrlərdə bu sayaq yaradıcılıqla məşğul olaydılar. Amma bildiyimiz kimi, onlar katren yazmayıblar, qəzəl, müxəmməs yazıblar, həm də gələcəyə aid proqnozlar verməyiblər. Birinin başı qarışıb müxalifətçiliyə, şahlarla, şeyxlərlə yola getməyib, o biri də sosial mediada eşq-məşq işlərinə dair statuslar yazıb. Nəticədə indi biz Nostradamusun ümidinə qalmışıq, hey axtarırıq ki, görəsən, Mişel barəmizdə nə deyib. (Əslində qoca Mişelin barəmizdə nə deməsindənsə müasir Mişelin – Obamanın ömür-gün yoldaşının barəmizdə nə fikirləşməsi daha maraqlı olardı – amma bu, tamam başqa söhbətdir).
Xoşbəxtlikdən, məşhur alimimiz, yazıçı Qəzənfər Paşayev o böyük şəxsiyyətin irsini 10 il araşdırandan sonra bir kitab yazıb və adını “Nostradamusun möcüzəli aləmi” qoyub.
Paşayevin sözlərinə görə, Nostradamus Azərbaycanda olmasa da, Qazax rayonundan Bakıya qədər addım-addım nələr baş verdiyini görüb və Azərbaycan barəsində də məlumat verib.
Bax, bu sensasiyadır. Biz elə bilirdik ki, Nostradamus yalnız Avropanın əsas yerləri ilə məşğul olub. Heç demə, müsyö arada 39-42-ci paralellərdə yerləşən və ya yerləşəcək dövlətlərə də diqqət yetirib. Ancaq əsas sensasiya bu deyil.
Qəzənfər müəllimin sözlərinə inansaq, əsl sensasiya Nostradamusun şərq dövlətində bir şəxsin hakimiyyətə gələcəyini, dövlətini sülh və əmin-amanlıqda yaşadacağını və hakimiyyətdən getdikdən sonra onun siyasi kursunu oğlunun davam etdirəcəyini yazmasıdır.
Alim-yazıçı deyir ki, araşdırma apardıqdan sonra belə bir nəticəyə gəlib ki, Nostradamusun hansısa katrenində söhbəti gedən şəxslər “bizim ulu öndərimiz Heydər Əliyev və prezidentimiz İlham Əliyevdir”.
Əlbəttə, nə Qəzənfər müəllimin, nə də Nostradamusun sözlərinə şübhə edə bilmərik. Amma arayış üçün deyə bilərik ki, Nostradamusun dövründə dünya üzərində öz hakimiyyətini oğluna verməyən padşah yox idi. Hamısı elə edirdi. Ona görə də dünyanın, ən azı bu regionunun son 500 ildə çox dəyişmədiyinə dəruni məyusluqla üzülərək, qeyd etməliyik ki, əlimizdə Nostradamusun azad, qanuni və şəffaf seçkilər gördüyü barədə katreni olsaydı, bu daha maraqlı olardı. Çünki uzun sürən istibdad və korrupsiya haqqında öz dühalarımız da yazıblar. Məsələn, Nəsimi öz şeirlərində xalqa mübarizəyə çağıran eventlər göndərib, amma bu ideyanı orda-burda bəyənənlər, şərh yazanlar kütləvi aksiyaya gəlməyiblər. Füzuli isə rüşvət olmadığına görə alınmayan salamı barədə o dövrün 102 xidmətinə iki misra yazıb göndərib, ancaq işə baxılmayıb.
Sözümün canı odur ki, gərək biz Nostradamusun əsərlərini dilimizə dəqiq çevirək və diqqətlə araşdıraq, görək o, gələcəyimizlə bağlı daha nələr yazıb. Bəlkə o, Şimali Koreyada nəvə Kimin hakimiyyətə gələcəyini və bu ənənənin Qafqazda da yaşadılacağını yazıb?
Belədirsə, onda nə atdanıb-düşürük, ay “demokratiya elə gəldi”, “insan haqları belə getdi” deyə haray-həşir qoparırıq? Birdəfəlik işimizi bilərik və günahı yıxarıq Nostradamusun üstünə. Deyərik, yazımızı yazan kişi pis yazıb, çabalamağın xeyri yoxdur.