Çex yazıçısı Yaroslav Qaşekin “Futbol matçı” adlı gözəl bir hekayəsi var. Mən o hekayəni ötən il dilimizə çevirdim ki, xalqımız da futbol oyununa görə qan tökməyin səfeh bir iş olduğundan xəbərdar olsun. O hekayə kulis.az saytında dərc olunub.
Belə görünür ki, Anadolu türklərinin, eləcə də italyan və ingilislərin o hekayədən xəbərləri yoxdur – çünki hələ də futbola görə dalaşır, bıçaqlaşır, ölüb-öldürülürlər.
Son illər bizim azarkeşlər də qoşulub o futbol fanatlarına. İntəhası, burada “Neftçi”, “Qarabağ”, “Xəzər”, “Bakı” kimi yerli komandalara azarkeşlik edən 100 adam tapmazsan, əvəzində İstanbulun “Qalatasaray” və “Fənərbağça”sının, Madrid “Real”ının, Barselona “Barselona”sının, hətta “Milan”ın, “Yuventus”un on minlərlə azarkeşi var və onlar da İstanbulda, Madriddə, Milandaymış kimi bir-birilə dalaşırlar.
Hələlik bizimkilərin davası virtual məkanda gedir, küçəyə çıxıb bıçaqlaşmırlar. İş belə getsə, o da olacaq. Bir də eşidəcəyik ki, Bakı sakini sumqayıtlı gənci bıçaqlayıb. Nəyə görə? Bəs zərərçəkən Ronaldoya “ondan futbolçu olmaz, petuxa oxşayır” deyibmiş. Bu da Ronaldonun əmisi oğludur axı, söyüşü götürməyib. Yaxud da olacaq ki, Messinin ünvanına deyilən ağır sözə görə binəqədili gənc yasamallı yaşıdının köksünə Zidanvari bir kəllə qoyacaq. Bəs necə? O kimdir ki, Messiyə söz deyir?
Qaşekin hekayəsində söhbət tarixi düşmənçiliyi olan iki şəhərin öz davalarını futbola inikas etdirib, köhnə intriqalarını matçlarda sürdürməsindən gedir. Onlar hər dəfə futbol oyununa ona görə əvvəlcədən yaraqlı-yasaqlı gedirlər ki, babalarından miras qalmış qan davasını davam etdirsinlər. Bəs bizimkilərə nə olub?
Odur, hər həftə futbol matçlarından sonra Türkiyədən qara xəbərlər gəlir: “Fanatlar gənc azarkeşi bıçaqlayıblar”, “Derbidən sonra baş verən kütləvi dava-dalaşda 15 adam yaralanıb”, “Matçdan sonra qan töküldü” və s.
Bu, kütləvi dəlilik deyil də, bəs nədir? Belə götürəndə futbol tamaşadır, şoudur. 22 tumançaq kişi yumru-yuvarlaq bir şeyin dalına düşüb ora-bura qovur, axırda da bir torun içinə salıb sevinirlər. Təkcə onlar yox, on minlərlə insan “qoooool!” deyə hayqırıb yerindən qalxır, bir-birinə sarılır, atdanıb-düşürlər. O qədər də insan ölüsü ölmüş kimi başını aşağı salır, pərtləşir, hiddətlərindən qaralırlar.
Yaxşı, baxaq, görək qol olanda nə olur? Şəhərdə tıxaclar olmur, işsizlik azalır, ərzaq ucuzlaşır, kriminogen durum nəzarətdən çıxmır, məmurlar rüşvət almır, oliqarxlar korrupsiyadan əl çəkir?
Heç nə olmur. Bu “qoooool”ların insanın güzəranına, dolanışığına, gələcəyinə, istiqbalına heç bir təsiri yoxdur. Tamaşadır, oturdun, baxdın, emosional ovqata kökləndin, stress atdın, dincəldin, söhbəti bağla, rədd ol get xarabana. Daha camaatın 18 yaşlı növcavan balasını niyə bıçaqlayırsan, onlarla gənci nəyə görə şil-küt edirsən?
Böyük türk yazıçısı Əziz Nesin yazırdı ki, 20-30 min adam hər həftə stadiona doluşub “qoool!” deyə bağırınca, ayda bir dəfə parlamentin qabağına toplaşıb “ol!” desəydi, məmləkətdə həll olunmamış problem qalmazdı.
Bu sətirlər yazılanda bütün Avropanın gözü Ukraynaya, paytaxt Kiyevin baş meydanına toplaşan on minlərlə insana dikilmişdi. O insanlar orada qarşılarını kəsən xüsusi təyinatlı pəzəvəng milislərlə çarpışırdılar. Çünki bu, həyati məsələdir, ukraynalılar hesab edirlər ki, xoşbəxtlikləri günbatan tərəfdədir, gündoğanda təhlükə var. Ona görə də onlar döyüşürlər, konkret məqsədlərinə çatmaq istəyirlər.
Haqsızlığın tüğyan etdiyi, gələcəyinin qaranlıq olduğu Türkiyədə isə milyonlarla insan ictimai yerlərdə “hakim ikinci sarı kartı haqsız verdi”, “penaltimizi vermədilər”, “qolumuzu saymadılar” deyə dava-dalaş salmaqdadırlar. Yəqin ki, bıçaqlaşma hələ bir neçə gün də davam edəcək. Çox ciddi məsələdir axı, əgər hakim o penaltini versəydi və qolu saysaydı, Türkiyənin bütün problemləri həll olunacaqdı.
Onlar özləri bilər, amma bizim gənclərin başqa ölkələrin futbol liqalarındakı münaqişələri buraya gətirmələrinə heç təhəmmül etmək olmur. Çəkiləsi dərdimiz yoxdur?