Səlim Müslümovun apardığı toplantıya sonradan, youtubedən baxdım. Bu da ona görə ki, işdə uşaqlar təriflədilər, dedilər, əla şoudur, bax, ləzzət edəcək. Baxdım. O qədər də ləzzət eləmədi, hələ bir balaca da qanımı qaraltdı və məni götürüb 20 il öncələrə apardı.
20 il əvvəl, AXC-Müsavat hakimiyyəti zamanı yerli icra hakimiyyətinin təşkil etdiyi bir müşavirədə iştirak edirdim. Ənənəyə uyğun olaraq, rayonun başçısı tabeçiliyindəkiləri danlayır, məzəmmət edir, irad tuturdu. İcra başçısı da xaki rəngli hərbi gödəkçəni çiyninə atmışdı (o vaxt sərhəd rayonlarında mülki kostyum geyib qalstuk bağlamaq dəb deyildi) və köhnə, partokrat kadrları asıb-kəsirdi. Dinmirdilər. Amma başçı özünün 3-4 ay öncə vəzifəyə qoyduğu cəbhəçi kadrları danlamaq istəyəndə vəziyyət dəyişdi. 30 yaşlı gənc cəbhəçi bəy qalxdı ayağa, üzünü tutdu İH başçısına, hiddətli şəkildə dedi: “Heç kəs mənim işimə irad tuta bilməz. Geçə-gündüz işləyirəm. Yuxu üzünə həsrətəm. Üç manat qazancım yox, beş manat nəfim. Nə istəyirsiniz? Mənimlə işləmək istəyirsiniz, işləyək, işləmək istəmirsiniz, bax, bu da – əlini cibinə salıb bir vərəq kağız çıxardı – mənim istefa ərizəm. Bezdirmisiz”.
İH başçısı tutuldu, müşavirədəkilər çaşdı qaldı. Yerdən “düz deyir, düz deyir” ifadələri səsləndi. Başçı səsinin tonunu aşağı saldı, qiyam qaldıran vəzifəli şəxsi yumşaltdı və münaqişə xoşluqla bitdi.
O vaxt beləydi, kadrlar hələm-hələm danlanmağa təhəmmül etməzdilər. Niyə? Çünki dilləri uzun idi, gözləri kölgəli deyildi, var gücləri ilə işləyirdilər, rəhbər də özünü köhnə raykomlar kimi aparanda deyirdilər, bəy, elə deyil e…
Səlim Müslümovun 120-150 kiloluq kişiləri birbaşa iclas zalından “gedə bilərsiniz” deyə qovması, hətta bəzilərinə başı ilə “get” işarəsi verməsi, danlananların “mıkk” eləmədən başlarını aşağı salıb, suyu süzülən cücə kimi iclas zalını tərk etməsi isə tamam başqa mətləblərdən xəbər verir. Onlar ona görə bu günə düşürlər ki, xirtdəyə qədər zibilin içindədirlər, dilləri gödəkdir, bilirlər ki, nazirə hər hansı bir etiraz bildirsələr, işlərini daha da ağırlaşdırarlar. Nazir onların barəsində cinayət işi açdırar, illərlə yığdıqları pul-paralar prokuror və müstəntiqlərin, hakimlərin, türmə rəislərinin cibinə axar. Demək, ən salamatı nazirin danlaqlarını haram yeməkdən qat-qat olmuş peysərə verib iclasdan çıxmaqdır.
Allah tərəfi, cənab Müslümov indən belə yaramazlıq edən işçilərinə daha ciddi cəza verəcəklərini də anons elədi, dedi, eşidəm, biləm, yenə bir kəlmə o yan-bu yan söhbət olub, ən yaxşı halda burdan qovulacaqsız. “Ən yaxşı halda”nın antonim variantı isə təbii ki, “ən pis halda”dır və bu hal villaya dəvət olunan hal şahidlərinin iştirakı ilə əmlakın siyahıya alınmasından ibarətdir.
Bəli, xalqımız yeni sosial müdafiə nazirinin bu cür qətiyyətli davranışından xeyli məmnun qalıb. Hərçənd ağız büzənlər də var. Onlardan biri deyir ki, bu, sovet dövrünün qaydasıdır, vəzifəyə təzə gələn adam bir-iki ay əsir-coşur, öz adamlarını başına yığır, sonra sələfinin qaldığı yerdən davam edir – hələ rüşvətin məzənnəsi bir az da artır, ondan qabaqkı müdirin atasına rəhmət oxumaq lazım gəlir. Elələri də var ki, mənalı-mənalı gülür, “hövsələnizi basın, bunu da görəcəyik” deyirlər. Bir müddət keçir, onlar gəlir, iki-üç ay əvvəl yeni nazirin tamam başqa cür işləyəcəyini iddia edərək eyforiyaya girənlərə deyirlər: “Yadınızdadır, biz demişdik…”
Əlbəttə, könül istərdi ki, nazirlər təkcə vəzifəyə yeni gələndə, həm də televiziya çəkilişləri zamanı o cür prinsipial və qətiyyətli olmasınlar, həmişə elə olsunlar. Amma bildiyiniz kimi, bu, mümkün deyil. Oxumuş adamlar demişkən, presedenti yoxdur.
Odur, yeni müdafiə nazirini Bakıda tutmaq olmur, gah o cəbhə bölgəsindədir, gah bu təmas xəttindədir, səngərdən çıxır, blindaja girir, əsgərlərin yeməyinə, təliminə diqqət edir, bir sözlə, işləyir. Amma iki-üç ay keçəcək, “hövsələnizi basın” deyənlər gələcəklər və deyəcəklər: “Gördünüz, tasa-pasası necə yatdı, indi niyə getmir təmas xəttinə?” Üstündən bir az da keçəcək, hansısa möhtəşəm bir tikilinin yanından keçəndə deyəcəklər, bax, bu təzə nazirindir, bu obyekt də onundur.
Bizdə qayda budur, dostlar və düşmənlər.