Onun adına ilk dəfə təxminən 13-14 il əvvəl Etibar Məmmədovun müsahibəsində rastlaşmışam. Jurnalist AMİP sədrindən “ən bəyəndiyiniz müğənni kimdir” deyə sual etmiş, “Firuz Səxavət” cavabı almışdı.
O vaxt onu yalnız ağdamlılar, bir də toyuna getdiyi adamlar tanıyırdı. Elə Etibar Məmmədov da istedadlı müğənnini böyük ehtimalla hansısa toyda görüb dinləmiş və məmnun qalmışdı. Çünki o zaman Firuz bəy televizora çıxmırdı, radioda oxumurdu, üstəlik, indiki kimi “Youtube”də klip yaymaq ənənəsi yox idi.
Mən Firuz Səxavəti ilk dəfə üzbəsurət 2001-ci ildə, əməkdaşımız Məğrurun toyunda gördüm. O zaman onu toya Seyid Camal gətirmişdi – Məğrura toy hədiyyəsi olaraq. İş elə gətirdi ki, Firuz bəy bizim masadakı boş stulda əyləşəsi oldu. Masamız yekcins deyildi, qızlar da vardı. O, gəlib oturdu, əlini süfrəyə uzatmadı, oxumaq növbəsi çatana qədər, təxminən 1 saat ərzində başını qaldırıb bir qızın, bir kəsin üzünə baxmadı, eləcə gözlərini masadakı çəngəl-bıçağa dikib oturdu. Firuz durub gözləri qaynaşan manısların yanına oxumağa gedəndə biz öz aramızda pıçıldaşdıq ki, yəni bir gənc müğənni bu qədərmi utancaq, bu qədərmi gözütox ola bilər.
Sonradan Firuz Səxavət tez-tez müxtəlif televiziya verilişlərində göründü. Arada bir mahnısı çox popularlaşmışdı, deyəsən, mahnının adı “Qəlbimdəsən” idi.
Bir sözlə, o, ağırtaxtalı, mərifətli, sənətini sevən, onun incəliklərini bilən sənətçidir. Keşkə, o portret məsələsi olmasaydı…
Baxıram, neçə gündür, hamı onun sayta zəng edərək, “mənim Rəsulzadə ilə olan şəklimi yığışdırın, karyerama problem yarana bilər” deyə verdiyi reaksiyaya görə qınayır. Qınaqçılar müəyyən qədər haqlıdırlar. Bir sənətçi belə problemlərdən qorxmamalıdır. Bəyənmədiyimiz sovet vaxtı bir zəhmətkeş özündən vəzifəcə böyüyün təzyiqi ilə üzləşəndə belə deyərdi: “Neynəyəcəksən mənə? Lapatkamı (yabamı, malamı) əlimdən alacaqsan?” Yəni, mən fəhlə adamam, harda olsa da fəhlə işləyəcəm, sən də buna mane ola bilməzsən.
Bu baxımdan müğənnilər də təzyiq göstərənlərə “neyniyəcəksiz, mikrofonumu əlimdən alacaqsızmı” deyə təpki göstərə bilərlər və əmin olun ki, təzyiqlər bitər. Çünki el öz istedadlı sənətçisini mütləq dolandıracaq. Düzdür, o sənətçi 3-5 il tele-radioda görünməyəcək, xarici səfərlərə göndərilməyəcək, təntənəli mərasimlərə dəvət olunmayacaq, amma azad sənətkar olaraq başını saxlayacaq.
İndi gələk kütləvi qınama kampaniyasında iştirak edənləri haqsız olduğu məqama. Məgər ölkədə bu anormal mühiti sənətçilər yaradıblar? Xeyr. Onlar da qurbandırlar. Bu mühiti yaradan isə hakimiyyətdir, onun ayrı-ayrı ideoloji başbilənləridir, qərar veriblər ki, cəmiyyətin bütün təbəqələrinə total şəkildə nəzarət etmək lazımdır ki, dara-bara salan, müstəqil fikir bildirən, yaltaqlanmaq, yarınmaq istəməyən olmasın.
Ölkəmizdə ictimai müqavimət əmsalının sıfırın altında olması cəmiyyətin problemidir. Müəllimlər, həkimlər necədirsə, sənətçilər, idmançılar da elədir.
Bura Ukrayna deyil, ağlınız Kliçkoya getməsin. Ona nə var, pəhləvan adamdır, üstəlik də şöhrətli, azad, nüfuzlu. O, asanlıqla gedib polislərə dirəşə bilir, onlar da baxırlar ki, bu, Kliçkodur, bir söz demirlər. Əgər onların naziri “Kliçko-miliçko hərrəməyin, qabağınıza çıxanı salın dəyənəyin altına” deyə əmr versə, onda polislər, əmin olun ki, köməkləşib Kliçkonu nokauta salarlar. O da birini vurar, ikisini şil-küt edər, üçünü yerə sərər, amma axırda qara tuluğa döndərilmiş Kliçkonu da başından basıb “Fiat”a mindirərlər.
Bəs o Kliçkodan biri də bizdə olsaydı, nə olardı? İki variant var. Birinci variant belədir: polisə dirəşən milli Kliçko, polisə müqaviməti qoyuram qırağa, adi bir mitinqə çıxsaydı, şüar qışqırsaydı, adamın adını salardılar qara siyahıya. Günlərin birində onun üstündən narkotok maddədən, silahdan-zaddan tapıb basardılar içəri, 5-6 il yatardı, başa düşərdi ki, Kliçko olmaq çətin şeydir.
İkinci variant isə daha sadədir: bizdəki kliçkolar ağıllıdır, onlar mitinqə çıxsalar da, hökumət tərəfdən çıxarlar (necə ki, çıxırlar), əmr veriləndə isə arıq-uruq müxalifətçiləri döyər, yaxalayıb polisə təhvil verərlər.