Son günlərin ən çox müzakirə olunan iki-üç mövzusundan biri də xurafatın, hər cür mövhumatın iri addımlarla irəliləyərək elmi ayağının altında qoymasıdır.
Bəli, əziz həmvətənlər, bu ölkədə xurafat son 150-200 ilin elmi nailiyyətlərini basmarlayıb yerlə bir edib, belə getsə, kürəklərini yerə vuracaq və ayağa qalxıb “mən qalib gəldim” deyə çığıracaq.
Budur, 8-ci sinif təhsili olmayan cingöz, ütük, çoxbilmiş fırıldaqçılar, falçılar, cindarlar artıq akademiklərdən daha məşhurdur, hətta daha çox pul qazanırlar. Onlar sübut edir ki, elm-filan boş şeydir, əsas məsələ fövqəltəbii qüvvələrlə dürüst əlaqə yaradıb, onların qüvvəsindən yararlanmaqdır.
Yazıq elm hansı möcüzəni yaradıb bəşər əhlinə təqdim edirsə, yenə faydası yoxdur, insanlar elmin qüdrətinə inanmırlar ki, inanmırlar.
Məsələn, ötən əsrlərdə yaşayan insanları ən böyük arzusu göydə quş kimi uçmaq idisə, elm təyyarələri, helikopterləri icad edərək o arzunu reallaşdırdı. Ancaq müasir insanlar hələ də uçan mələklərin sürətini hesablamağa çalışır.
Zərdabda oturaraq Zaqreblə, Astaradan Astana ilə, Alatavadan Alabamayla görüntülü telefonla danışmaq elmi-texniki ixtiralar nəticəsində gerçəkləşdirdi, ancaq bu, milyonlarla insan üçün boş şeydir, əsas məsələ gözəgörünməz iblisin insanın beyninə hansısa fikir yeritməsidir.
Nə iblisi (o cümlədən, şeytanı, dəccalı), nə cini, nə halı, həyuləni, nə o biri mələkləri heç bir ruhi baxımdan sağlam adam görməyib, bunları görsə-görsə, güclü narkotik maddə qəbul edənlər, bir də psixikası pozulmuş adamlar görə bilir. Bu zaman isə ya narkoloqa, ya da psixiatra müraciət etmək lazımdır.
Amma biz kütləvi şəkildə onlara inanırıq, qorxuruq, onlarla dinc yanaşı yaşamağa, uzaq olmağa çalışırıq.
Biz qazandığımızı kütləvi şəkildə falçılara, cindarlara, bəxtaçanlara (eyni zamanda bəxt bağlayanlara) yedirdən millətik.
Biz test imtahanı verməzdən öncə kütləvi şəkildə pirlərə, ocaqlara, müqəddəs saydığımız məzarlara ziyarətə gedən camaatıq.
Biz onkoloji xəstənin hansısa pirdə şəfa tapacağına inanan, hər dəfə yanılan, amma bu inancında israr edən, geri çəkilməyən insanlarıq.
Biz “Ölülər” tamaşasına baxaraq, Şeyx Nəsrullahın fırıldaqçı pedofil olduğunu bilə-bilə, o haqq-hesaba gülə-gülə ertəsi gün o tipli birisinin qəbulunda beş saat gözləyən adamlarıq.
Biz niyə beləyik? Ona görə ki, gözümüzü açıb böyüklərin dilindən atları minib çapan iridöşlü hal arvadlar haqqında söhbətlər eşitmişik. Guya ki, həmin o hal arvadlar atları səhərə qədər qan-tər içində çapırmış, sonra da yallarını zənci saçı kimi xırda-xırda hörürmüş. And içənlər vardı.
Biz gözümüzü açıb görmüşük ki, nənələrimiz dilək tutub ibəyə, pirə, ocağa gedir, bir məzar üstünə şal, ipək parça qoyurlar, indi o ənənəni biz davam etdiririk və rahatlıq tapırıq.
Yaponiyada, Çində, Cənubi Koreyada minlərlə məbədlər, ziyarətgahlar var, amma onlarda minlərlə universitet də var və onlar güclü təhsil alırlar, kibrit qutusu boyda bir əşyaya televizor, audiopleyer, fotoaparat, videokamera, telefon, termometr, zəngli saat və sair cihazlar yerləşdirirlər.
Biz həmin öncül elmi nailiyyətlərdən istifadə edərək mövhumatı, xurafatı təbliğ edən videokliplər hazırlayır, insanları fövqəlbəşər qüvvələrin mövcudluğuna, onları vaxtaşırı möcüzə göstərdiklərinə, dünyanı idarə etdiklərinə inandırmaq istəyirik.
Yeri gəlmişkən, biz güclü liderləri fövqəlbəşər adlandırmağı sevirik. Bunun ən parlaq nümunəsini öz adını fövqəltəbii qüvvələrdən almış Əsədova soyadlı müğənni-aktrisa bəyan edib. Xanım elə bir şeir parçası söyləyir.
Deyilə bilər ki, nə ziyanı var, qoy kim nəyə istəyir, inansın. Elədir. Bu işin bircə minusu var ki, fövqəlbəşərlərə, xurafat möcüzələrinə inanan gələcək nəsillər Nyutonun, Mendeleyevin, Eynşteynin, Edisonun, Pasterin, Miçurinin və öz ixtiraları, kəşfləri ilə dünyanın düzənini yaxşılığa doğru dəyişmiş böyük alimlərin möcüzələrindən xəbərsiz qalacaqlar.
Yaponlar dünyanı yerləşdirə bildikləri dırnaq boyda yeni bir çiplə aləmi mat qoyanda, bunlar ciplərinə minəcək, gedib keçid balını birtəhər aşmaq diləyi ilə pirlərin qabağında ziyarət növbəsinə duracaqlar.