Təvazökarlıqdan metopolitenin “Neftçilər” stansiyası qədər uzaq olsa da, deməliyəm ki, mən böyük sənətkarımız Üzeyir Hacıbəylinin belə bir felyetonunu çox əvvəllər hansısa bir nəşrdə oxumuşdum. Ancaq son illərdə yüz minlərlə xəbər, məqalə, reportaj və sair oxuna bilən şeylər oxuduğumdan o felyeton yaddaşımın uzaq bir küncündəydi. Ona görə də sosial şəbəkədə Samir adlı bir adaşımın paylaşımı ilə ona rast gələndə yadıma düşdü ki, bu haqq-hesab tanışdır.
Həmkarımız Üzeyir Hacıbəyovun təxminən 100 il əvvəl yazdığı o felyetonu hələ də aktual olduğu üçün paylaşıb.
Ü.Hacıbəyovun felyetonu belədir: “Birdən, fərz elə, Avropada bir məmləkətdə, məsələn, Firəngistanda qəzetlərin hamısı durduğu yerdə bağlandı.
Onda nə olar?
Onda tamam Firəngistan bir-birinə dəyər… Kişi, arvad, uşaq – hamısı bir-birinə qarışıb bir çığır-bağır salarlar ki, qonşular dəli olarlar.
Biri çığırır ki:
– Ay, kor oldum!
O birisi:
– Ay, kar oldum!
Bir başqası:
– Ay, lal oldum!
Banklar qapanar, birjalar sönər, fabriklər batar, dəmiryol işləməz, paraxodlar dayanar, məclislər pozular, bazar-dükan bağlanar, teatrlar boş qalar – qərəz, zəlzələ olar, tufan qopar, hamı kar olar, kor olar, lal olar.
Bəs bizim qəzetlər bağlansa, nə olar?
– Heç zad!”
Necə deyərlər, sitatın sonu.
Göründüyü kimi, Üzeyir bəyin dahiliyi bu gün bu yazıyla bir daha sübut olunur. Sənətkar bu kiçik, Şəki lətifəsi boyda felyetonu təxminən 100 il əvvəl yazıb, amma elə bilərsən ki, o, bu əsəri bu gün günorta qələmə alıb və isti-isti facebook-a qoyub.
Bəli, qədirbilən həmvətənlər, biz yüz il əvvəlki camaatıq. İndi mentalitet məsələsinə sidq-ürəkdən inanmaq olar. Sübut olunur ki, yeni-yeni insan nəsilləri doğulur, böyüyür, yaşayır, ölürlər, amma millətin xasiyyəti dəyişmir.
Üzeyir bəy bu felyetonu bizim babamızın babasının dövründə yazıb. O vaxtlar da hərdən rus çarının yerli canişinləri saraya xoş gəlsin deyə cumub milli qəzetləri bağlarmışlar, amma camaatdan səs çıxmazmış.
Niyə? Ona görə ki, babalarımızın babası üçün də bir milli qəzetin çıxmasıyla çıxmamasının təfavütü yoxmuş. Babalarımız qəzet-kitab oxumaq kimi boş-boş mətləblərə baş qoşmaqdansa, atlarını, faytonlarını minib gedərmişlər, məsələn, xoruz döyüşdürməyə, it boğuşdurmağa, hamamda yatmağa.
Yuxarıda sözü gedən xoruz döyüşdümək, it boğuşdurmaq, hamamda yatmaq məsələsini başqa bir dahimiz – Mirzə Cəlil yazıb, həm də dönə-dönə.
O dövrdə küçələrdə “Mersedes-Gallenvagen”, “Ferrari” oynatmaq, bəhsləşdirmək üzrlü səbəblərdən mümkün olmadığı üçün o zamanın bərkgedənləri də bu cür vacib əyləncələrə meylli imişlər və deməsələr də, düşünürmüşlər ki, millət necə tarac olur-olsun, nə işim var.
Göründüyü kimi, üstündən yüz il keçib, amma qəzet bağlamaq söhbəti hələ də aktualdır. İndi qəzeti çarın dövründə olduğu kimi jandarmları göndərib bağlamırlar, daha incə işləyirlər, tısbağa fəndi tətbiq edirlər.
Bu fənd nədən ibarətdir? Olur ki, bəzi rəhmdil uşaqlar çöldə-bayırda tısbağa görürlər və tısbağa onların qorxusundan qınına çəkilib özünü qoruyur. Uşaqlar ha əlləşirlər, tısbağanı öldürə bilmirlər. Belə olanda onlar tısbağanı arxası üstə çevirib gedirlər. “Tısbağanı ha öldür, ha arxası üstə çevir” zərbül-məsəli bu aktdan yaranıb. Tısbağa elə bir Heçnaqolay vəziyyətə düşəndən sonra gərək ona kənardan bir qüvvə kömək eləsin, yoxsa çabalaya-şabalaya qalacaq.
İndi bizim hökumət də qəzetləri birbaşa “öldürmür”, amma arxası üstə çevirir. Qəzetlərin daha yaxşı satıldığı yerləri bağlamaq məhz onları “arxası üstə çevirmək” deməkdir.
İndi siz təsəvvür edin, metro stansiyalarının tunelində tumuşdan tutmuş tutulmuşa qədər hər şey satılır, təkcə qəzet-kitaba qadağa var.
Xalqımızın bu haqq-hesaba münasibəti isə Üzeyir bəyin 100 il əvvəl yazdığı kimidir: “Heç zad”. Bizdə bir neçə aparıcı qəzet yox, hamısı birdən-birə bağlansa, yenə heç zad olmayacaq, millət “qəzetləri niyə bağlayırsınız” deyə üsyana qalxmayacaq.
Ona görə ki, biz tarixən qoçaq millət olmuşuq, at sürmüşük, qılınc vurmuşuq, oxuyanda da saz götürüb gəraylı, müxəmməs, muğamat filan oxumuşuq. Qəzet-kitab oxumaq bizlik deyil.