79 yaşlı baş nazirimiz Artur Rəsizadənin yenidən bu görəvə layiq bilinməsinə haqq qazandıranlar onun rüşvət və korrupsiyadan uzaq olduğunu, adının neqativ məsələlərdə hallanmamasını arqument kimi irəli sürürdü. Səslənən arqumentləri təkzib üçün faktımız yoxdur. Ancaq elə dövlətə və millətə təmənnasız xidmətlərinə görə də hörmətli Artur müəllimə bu ağsaqqal yaşında dincəlməsi üçün yaxşıca şərait yaradılmalı idi.
Mən bir daha bu qənaətə ötən həftə parlamentdə keçirilən üç günlük büdcə müzakirələrində gəldim – qocaman baş nazir cəmi yarım iclasda iştirakdan sonra iclası tərk edəndən, bir daha geri dönmədikdən sonra…
Di gəl Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasiminə cənab Rəsizadəni göndərdilər. Görəsən, ağsaqqal baş nazirimiz gürcüstanlı 31 yaşlı həmkarı Qaribaşvili ilə görüşəndə nə düşünüb? Bizdə məmurlar sanki “hər kəs kresloda 100 il yaşamasa” yarışına girib. Müxalifətə münasibət bəllidir, heç olmasa YAP-ın özləri demişkən, “kreativ” gəncliyindən istifadə etmirlər kadr siyasətində…
Parlamentdəki büdcə müzakirələrinə qayıdaq. Ötən həftə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin başı öz büdcəsinə qarışdırıldığından parlament müzakirələrinə daha geniş yer ayırmaq imkanı olmadı. Maraqlısı o idi ki, illər boyu səslənən narazılıqlar, problemlər, tənqidlər yenə də eşidildi. Yenə də gənc ailələrin mənzil almaq imkanına malik olmamasından, bu şansı yarada biləcəyi ehtimal edilən ipoteka vəsaitinin azlığından, şəkər xəstələrinə ayrılan pulların ünvanına çatmamasından, bankomat problemindən, yataqxanaların tikilməsi, elm, təhsil vəsaitlərinin azlığından, müəllim və həkimlərin maaşının, pensiyaçıların təqaüdlərinin artırılması zərurətindən danışıldı. Özü də əksər deputatlar eyni məsələni əvvəlki illərdə də qaldırdıqlarını xatırladıb mətləbə keçirdi. Hətta vitse-spiker Bahar Muradova üzləşdikləri problemləri açıq şəkildə bəyan etdi.
Xülasə, məlum oldu ki, hökumət heç deputatların qaldırdığı elementar problemləri də həll etməyib. Təbii ki, səbəb nazirlərin parlament qarşısında cavabdehliyinin olmamasındadır. Əslində bir sıra deputatlar elə bu nazirlərin sayəsində mandat alıbsa, onların qarşısında kimsə hesabat verəsi deyil. Bəzi deputatlar özlərini hökumətin vəkili kimi aparanda axırı belə olmalıydı. Elə buna görəydi ki, hökumətin əksər üzvləri hətta büdcə müzakirələrində iştirakı da özünə sıxışdırmadı. Məsələn, mən üç gün ərzində nəqliyyat naziri Ziya Məmmədovu zalda görə bilmədim. Hətta keçən il spiker Oqtay Əsədov hökumət üzvlərini parlamentə hörmət etməyə çağırmışdı, yenə faydası olmadı. Guya müzakirələrdən sonra parlament hökumətə 10 gün vaxt verib və 22 noyabrda qayıdıb onlara cavab verəcək. Allah sizi güldürsün…
Əslində bu, Azərbaycan xalqına, dövlətinə olan sayğısız münasibətdir. Söhbət parlamentin necə seçilməsindən getmir, bu, artıq keçmişdir. Söhbət 20 milyardlıq dövlət büdcəsindən, ölkəni bir il ərzində ayaqda saxlayacaq qanunun müzakirəsindən gedir ki, onunla bağlı iclasda simvolik də olsa, iştirak lazım idi. Təsəvvür edin, müəllimlər, həkimlər dövlət qulluqçusu statusunu gözləyirdi, onlara dedilər özünüzü yaxşı aparmasanız, sizi ixtisar edəcəyik. Heç olmasa azərbaycanlıların Rusiyadan qovulduğu bu günlərdə hökumətin ciddi tədbirlər tökməsi lazım idi. Yarım milyondan çox insan prezidentin tapşırığı ilə evlərini sənədləşdirəcəyini gözlədiyi bir vaxtda məmurlar yenə də buldozerləri götürüb Sulutəpədə evləri yerlə bir elədilər. Bizim belə hökumətimiz var…
Ancaq insaf naminə deyək ki, hökumət nəhayət, bəzi deputatların illərlə etdiyi çağırışa əməl elədi, Neft Fondundan transferti 2 milyard dollar azaltdı. Əvvəllər “onsuz da neftimiz boldur, 100 illik qaz ehtiyatımız var” məntiqi ilə çıxış edib pulları havaya sovururdular. Deyəsən, vəziyyətin gərgin olduğunu qəbul ediblər. Vaxtilə Pənah Hüseyn parlamentə neft haqqında qanun layihəsini təqdim etmişdi. O zaman neft hasilatının azalacağı haqda proqnozları nəzərə alan sabiq baş nazir hökuməti qeyri-neft sektoruna yatırım qoymağa, Azərbaycan büdcəsini neft asılılığından xilas etməyə çağırmışdı. Bir çox digər deputatlar da demişdi, eşitməmişdilər. Üstündən illər keçəndən sonra Artur müəllimin hökuməti Pənah Hüseyn deyənə gəldi. Amma təəssüf ki, məcburən. Pənah Hüseynin dedikləri reallaşandan, krizis qapını döyəndən sonra məcburən büdcə kəsirinə gedib neft pullarını azaltdılar…